"Düşünürəm, bizim Ermənistanla münasibətlərimiz anlaşılandır"

İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Möhsün Pakayinin "42-ci Paralel” jurnalına müsahibəsi.
-Cənab səfir, hazırki İran – Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz? Xoşbəxtlikdən bu gün iki ölkə münasibətləri müsbət yolda irəliləyir. İki ölkənin çoxsaylı bağları təhdidləri fürsətlərə çevirmişdir. Həqiqətən də dünyada elə iki ölkə tapmaq olmaz ki, İran və Azərbaycan qədər bir-birinə yaxın olsun və mədəniyyət, tarix, din, məzhəb və dil baxımından müştərəklikləri bu qədər çox olsun. Son iki ildə prezidentlərimiz 4 dəfə Tehranda, Bakıda, Davosda və Astarxanda görüşmüşlər və bu zaman ərzində 40-dan çox yüksək rütbəli şəxslərin qarşılıqlı səfərləri olmuş və ölkələrimiz arasında əməkdaşlığa dair 20-dən çox sənəd imzalanmışdır. Həmçinin illərlə fəaliyyət göstərməyən müştərək iqtisadi komissiyanın iclasları keçirilmişdir ki, bütün bunlar iki ölkə arasında münasibətlərin ötən illərlə müqayisədə son dövrlərdə tədricən genişlənməsinin göstəricisidir. Sərhədlərin təhlükəsiz olması, iki ölkənin müdafiəsi üzrə yüksək rütbəli şəxslərin Tehrana və Bakıya səfərləri iki ölkənin təhlükəsizlik münasibətlərinin genişlənməsini göstərir. Həmçinin dini sahədə şiə mərcəyi-təqlidi olan Ayətullah Nuri Həmədani Bakıya səfər etdi.
-Sizcə, ölkələrimiz arasında hansı sahələrdə əməkdaşlığın və əlaqələrin potensialı daha çoxdur?
Ticarət, tranzit və enerji iki ölkənin əməkdaşlıqlarını genişləndirə biləcəkləri üç mühüm sahədir. Ticarət sahəsində hal-hazırda rəsmi rəqəmlərə əsasən iki ölkənin ticarət dövriyyəsi 500 milyon avrodan çoxdur və ticarət balansı da İranın xeyrinədir. Bu ticarət əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, qeyri-neft ticarət dövriyyəsidir.
Tranzit sahəsində Azərbaycan Respublikasının İranla dörd fəal sərhəd-keçid məntəqəsi vardır və bu, ölkənin Avropaya, Asiyaya, Fars körfəzinə və oradan Afrikaya ən yaxın yoludur. Yəni İran marşurutu həm iqtisadi əhəmiyyətli, həm təhlükəsiz və həm də yaxındır. Bu səbəbdən bu sahədə iki ölkənin tranzit yolların tikintisi üçün əməkdaşlığı və müştərək investisiya yatırımı hər iki ölkənin xeyrinədir. Bu gün neft və qaz istehsal edən ölkələr iqtisadiyyatın şaxələndirilməsi və neft gəlirlərindən asılılığın azaldılması üçün tədbirlər görürlər. İran və Azərbaycan Respublikası da bu məqsədlə və özlərinin coğrafi mövqelərini nəzərə almaqla regionda nəqliyyat və yükdaşıma sahəsində əsas oyunçulardan birinə çevrilmək niyyətindədirlər. Bu məqsədlə Astarada keçirilən görüşdə Azərbaycan Respublikasının dəmir yollarının İrana birləşdirilməsi üçün sənəd imzalandı və beləliklə iki ölkənin dəmir yollarının birləşdirilməsi lahiyəsinin icrasına start verildi. Beləliklə şimal-cənub koridoru və ya İpək Yolu marşurutu artıq reallaşır. Bu sənəd İran İslam Respublikasının rabitə və informasiya Texnologiyaları Naziri cənab Mahmud Vaizinin və Azərbaycan Respublikasının İqtisadiyyat və Nənaye Naziri cənab Şahin Mustafayevin iştirakı və iki günlük intensiv müzakirələrdən sonra iki ölkənin dəmir yolları şirkətlərinin rəhbərləri tərəfindən imzalandı. Azərbaycan Respublikası İranın Qafqaz regionu ilə əlaqə yaratması üçün bir qapı ola bilər, həmçinin özü İran vasitəsilə Fars körfəzinə və Oman dənizinə, beləliklə də dünya ölkələrinə çıxış əldə edər. Region ölkələri üçün İran marşurutu ən yaxın, ən sərfəli və ən təhlükəsiz marşurutdur. Astara-Rəşt dəmir yolu xəttinin işə düşməsi və yüklərin Fars körfəzi və Oman dənizindən münasib tariflərlə daşınması, tranzit vizanın alınmasının sadələşdirilməsi, yüklərin daha sürətlə daşınmasını təmin etmək Azərbaycana kömək edəcək ki, yükdaşıma sahəsində əsas fiqura çevrilsin və özünün məqsədinə, yəni neft gəlirlərindən asılılğın azaldılmasına nail olsun. İran və Azərbaycan dünyada yeni bir iqtisadi böhran başlamazdan öncə böyük nəqliyyat və tranzit layihələrində sərmayə yatırmalı və region ölkələri arasında əsas yükdaşıma fiquruna çevrilməlidirlər.
Enerji sahəsində Azərbaycan Respublikası 7 milyard barrel neft və 37.1 trilion kub metr qaz ehtiyatına malik olmaqla əsas fiqurlardandır. Azərbaycan Respublikası və bəzi Avropa ölkələri İranın iqtisadi sanksiyalardan azad olmasından sonra "Tap” və "Tanap” kimi iri layihələrə qoşulmasını istəyirlər. Dünyada qaz ehtiyatına görə ikinci ölkə olaraq İranla qaz nəqli sahəsində əməkdaşlıq diqqətəlayiqdir və İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında bir neçə layihə barədə, o cümlədən "Tanap” layihəsi haqqında əməkdaşlığa dair müzakirələr aparılır. Hal-hazırda İran bu təklifləri dəyərləndirir. Biz hər il Azərbaycan qazının Naxçıvana nəqlindən 250 milyon dollar, Xəzər dənizindəki "Şahdəniz” yatağına investisiya qoyuluşundan da 250 milyon dollar gəlir əldə edirik.
İki ölkənin mədəniyyət sahəsində münasibətləri də inkişaf edir. Cari ildə Tehranda Azərbaycan mədəniyyət günləri keçiriləcək. Bundan əlavə il ərzində bir milyondan çox azərbaycanlı İrana səfər edir ki, əgər bunların hər biri İranda 500 dollar xərcləsələr, bu, ikitərəfli iqtisadi göstəricilərdə kifayət qədər böyük rəqəm olacaq. İki ölkənin parlamentləri arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Cari ildə parlamentlərin dostluq qruplarının Tehrana və Bakıya qarşılıqlı səfər edəcəklərini düşünürük. İran və Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir və beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq edirlər.
-Bu günlərdə Azərbaycanın iqtisadiyyat və Sənaye Naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda oldu və müəyyən
görüşlər keçirildi, sənədlər imzalandı. Bu görüş barədə fikirləriniz ...
İran islam Respublikası ilə Azərbaycan Respublikası arasında müştərək iqtisadi komissiyanın onuncu iclası İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ev sahibliyi ilə Tehranda baş tutdu və bu iclasın keçirilməsi iki ölkə münasibətlərində yeni bir pəncərə açdı. Bu iclasda neft və qaz, sərhəd layihələri, yükdaşıma, maşınqayırma, dərman istehsalı, bank sektorunda əməkdaşlıq və digər iqtisadi sahələrdə əməkdaşlıqların genişləndirilməsi nəzərdən keçirildi. Sərhəd-keçid məntəqələrinin 24 saatlıq iş rejimində çalışması və vizaların verilməsinin sadələşdirilməsi iki ölkə arasında ticari əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Bu iclasda, həmçinin Tehranın regional və beynəlxalq səviyyədə terrorizmlə mübarizədə Bakı ilə əməkdaşlığa hazır olduğu elan edildi. İki ölkə müştərək investisiya layihələrinin həyata keçirilməsinə hazır olduğunu elan etdi. Çünki bu sahədə ikitərəfli əməkdaşlıqlar üçün böyük imkanlar vardır. Təbii ki, İrana qarşı sanksiyaların ləğvindən sonra iki ölkənin əməkdaşlıq səviyyəsi və ticarət dövriyyəsi artacaq.
Ümumiyyətlə, son dövrlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsini, çoxsaylı ikitərəfli görüşlərin keçirilməsini nəyin göstəricisi kimi qəbul etmək olar?
Bu haqda qonşularla münasibətlərin möhkəmləndirilməsinə yönələn İranın hazırki adminstrasiyasının siyasəti təsirli oldu və iki ölkə rəsmi səviyyələrdə qarşılıqlı etimad yaratmaq mərhələsindən sürətlə keçərək münasibətlərin yaxşılaşdırılmasına çalışdılar. Qarşılıqlı etimad yaratmaq mərhələsindən sonraya aid olan hazırki mərhələdə müştərəkliklərə təkid olundu və bu münasibətlərin yaxşılaşmasını təmin edən amillərdən biri də bu idi ki, tərəflər bir-birinə təhdid olan sahələri fürsət sahələrinə çevirdilər. Münasibətlərimizin tənzimlənməsində hər ikisinin udan tərəf olduğu diplomatiyanın mehvər qərar verilməsi təsirli idi və bu siyasətin icra olunmasında lazımi iradənin olması münasibətlərin davamlı və sabit olmasına səbəb oldu.
-Ölkənizin Azərbaycanla əlaqələrinin genişlənməsi, bizə düşmən olan digər qonşumuz Ermənistanla münasibətlərə necə təsir göstərə bilər?
Bizim siyasətimiz budur ki, hər hansı ölkə ilə münasibətlərimiz üçüncü ölkə ilə münasibətlərimizə təsir etməsin. Qonşu ölkələrlə normal münasibətlərə malik olmaq İran İslam Respublikasının xarici siyasətinin əsas prioritetlərindəndir. Bütün dünya ölkələrində də belədir və bütün ölkələr qonşu ölkələrlə ixtilafları miniumuma çatdırmağa və onlarla yaxın münasibətlər qurmağa çalışırlar. İranın Ermənistanla münasibətləri də bu çərçivədədir. Düşünürəm, Azərbaycanın müdrik xalqı İranın Ermənistanla münasibət qurmağının səbəbini dərk edir. Biz Ermənistanla münasibətlərə malik olduğumuz halda heç vaxt Azərbaycanın Qarabağ münaqişəsindəki ədalətli mövqeyini dəstəkləməkdən çəkinməmişik. Bizim Ermənistanla münasibətlərimiz heç vaxt Azərbaycanın əleyhinə olmayıb. Biz Ermənistala münasibətlərə malik olduğumuz halda daim beynəlxalq təşkilatlarda, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. İranda böyük erməni etnik qrupu yaşayır, bu səbəbdən də həm SSRİ dövründə, həm də ondan sonra Ermənistanla əlaqələrimiz olub. Bizim həm Ermənistan və həm də Azərbaycanla münasibətlərə malik olmağımız əslində bir fürsət və şansdır və lazım olduğu təqdirdə bu fürsətdən iki tərəf arasında vasitəçilik etmək üçün istifadə etmək olar. Regionda bəzi ölkələr vardır ki, Ermənistanla heç bir münasibətləri yoxdur və onlar bu fürsətdən məhrumdurlar. Düşünürəm, bizim Ermənistanla münasibətlərimiz anlaşılandır.
-Fevral ayında İran İslam İnqilabının 37-ci il dönümünü
qeyd edəcəksiniz. Bu inqilabı dünyada baş vermiş digər inqilablardan fərqləndirən
tərəfləri hansılardır?
Əvvəlcə qeyd edim ki, İslam İnqilabının özəlliklərindən biri də digər inqilablarla müqayisədə bütün xalq tərəfindən dəstəklənməsidir. Məsələn, Fransa inqilabında yalnız Paris coğrafi məntəqəsində olan aristokrat və burjaziyanın yalnız məhdud bir hissəsi fəal şəkildə iştirak edirdi. Rusiya inqilabında da zavod fəhlələrindən və hərbçilərdən ibarət məhdud bir hissə fəal idi. Sankt-Peterburq və Moskva coğrafi məkanında baş verən bu inqilabda fəhlə və hərbçi qruplarla Bolşevik partiyası daha çox fəallıq göstərirdi. Lakin İran İslam İnqilabında ölkənin bütün təbəqələrindən olan insanlar, o cümlədən fəhlələr, işçilər, elm və mədəniyyət xadimləri, bazar əhli, ruhanilər və s. iştirak edirdilər və bu inqilab ölkənin hər yerində, xüsusilə, şəhərlərdə daha çox hiss olunurdu.
İkinci məsələ inqilabların rəhbəridir. Fransa inqilabında əsas rəhbərlər təsadüfən seçildilər və Rusiya inqilabında 1917-ci ilin fevralına qədər heç bir rəhbərin adı gözə dəymir və yalnız 1917-ci iln oktyabrında Lenin, Trotski, Stalin və Buxarin kimi şəxsiyyətlərin adları gözə görünür ki, bunlar da Fransa inqilabının rəhbərləri kimi sosial bazaya malik deyildilər və xalq kütlələri Lenini tanımırdılar. Lakin İran İslam İnqilabında İmam Xomeyni geniş xalq kütlələri tərəfindən bir dini lider kimi tanınırdı. O, inqilabın həm ideoloqu, həm memarı, həm idarə edəni və həm də icraçısı idi və bütün mərhələlərdə, istər inqilabdan öncə və istərsə də sonra bu xüsusiyyətilə tanınırdı. Üçüncü budur ki, Fransa inqilabının əsası ideologiyası liberalizm idi ki, hərçənd inqilabın irəli aparılmasında rolu yox idi, lakin inqilabdan sonra sistemin formalaşmasında əsas rola malik oldu. Bu ideologiya əslində azadlığı təbliğ edən humanizmin bir qolu idi. Hərçənd, liberalizm iqtisadi və siyasi hədəflərə çatmaqda müəyyən qədər müvəffəqiyyət qazandı, lakin müsbət əxlaqi dəyərlərin və insani fəzilətlərin təbliğində uğursuzluğa düçar oldu. Bu amilin özü isə inkişaf etmiş sənaye cəmiyyətlərində ruhi sarsıntıların çoxalmasına, psixoloji xəstəliklərin artmasına, günü-gündən artan intiharlara səbəb oldu. Bu böyük ictimai-psixoloji böhran hal-hazırda bir çox qərb mütəfəkkirlərinin diqqətini özünə cəlb etmişdir. Arnold Toynbee, Erich Fromm, P.Ford və müəyyən qədər Herbert Marcuse və başqaları bunun çarəsini zamanın tələblərinə uyğun dini ünsürün dirildilməsində görürlər.
Rusiya inqilabının əsas ideologiyası marksizm-leninizm idi ki, bu ideologiya da inqilabda heç bir rola malik deyildi, lakin inqilabdan sonra formalaşan quruluşun meydana gəlməsində və sonrakı hadisələrdə əsas rola malik idi. Lakin İran İslam İnqilabı Fransa inqilabı kimi, yalnız azadlıq tələb etmək və ya Rusiya oktyabr inqilabı kimi, yalnız fəhlələrin inqilabı deyildi. İslam İnqilabı İslam ideologiyasına təkid etməklə və şiə məktəbinin təlimlərinə söykənməklə olan bir inqilab idi ki, orada həm azadlıq, həm istiqlaliyyət, həm də fəhlələrin, kəndlilərin və bütün zəhmətkeşlərin hüquqlarının qorunması var idi. İslam İnqilabında qərbdə olan azadlıq kimi azadlıq yoxdur. İslamda insan azaddır, lakin bu heç bir sərhəd tanımayan, əxlaqsız, laqeyd və qayda-qanunlara tabe olmamaq deyil, burada azadlıq deyiləndə insanın seçim hüququna və iradə azadlığına malik olması nəzərdə tutulur. Bu məktəbdə insan öz taleyi barədə azad şəkildə qərar qəbul edən varlıqdır. İslam Respublikasında insanlarımız İslam qanunları çərçivəsində və cəmiyyətin mənafeyinə nəzərən dini, siyasi, vicdan və əqidə azadlığına malikdirlər. İslam quruluşunda etnik qruplar və digər dinlərin ardıcılları öz ayinlərini və mərasimlərini yerinə yetirməkdə azaddırlar. Fransa inqilabında inqilab rəhbərlərin dinin siyasətdən tamamilə ayrılması, yəni sekulyarizm yolunda çox işlər gördülər. Rusiya inqilabında dinə qarşı inadkarlıq və düşmənçilik etdilər və dini kütləni əfyunu adlandırdılar. Lakin İran İslam İnqilabında dinə və İslama qayıdış inqilabın ruhu və əsası idi. Əslində İslam İnqilabının ən qəribə və ən heyrətamiz özəlliklərindən biri də onun dini tərəfidir. Və əsl həqiqətdə, İran İnqilabını Rusiya və Fransa inqilablarından fərqləndirən əsas cəhət onun dini olmasıdır ki, o biri iki inqilablarla heç bir oxşarlığı yoxdur. İranda inqilabın əsas hərəkətverici qüvvəsi din hesab olunurdu.
Dördüncüsü budur ki, bütün inqilablar, o cümlədən Fransa və Rusiya inqilabları insanlar üçün maddi cəhətdən daha yaxşı cəmiyyət qurmaq istəyirdilər. Onların məqsədi daha çox sərvət istehsal etmək və bu sərvəti insanlar arasında bölmək idi. Lakin İran inqilabının məqsədi daha ali idi və insanların yalnız iqtisadi vəziyyətini düzəltmək istəmirdi. Bu inqilabın əsas məqsədi İslam hökmlərini diriltmək, onları icra etmək və ictimai ədaləti bərqərar etmək idi.
Beşincisi, Fransa inqilabı bir liberal burjua inqilabı idi və onun nəticəsi olaraq səltənət rejimi devrildi və parlamentli respublika təsis edildi. Rusiya inqilabı sosialist inqilabı idi və onun nəticəsi çar hakimiyyətinin devrilməsi və sosialist quruluşun yaranması idi. Lakin İslam inqilabı dini və antiimperialist bir inqilabdır və rejimin tamamilə devrilməsi ilə kifayətlənmədi. Həmçinin, antiimperialist ruha malik olduğu üçün ilk başlanğıcdan bütün super güclərin düşmənçiliyi ilə qarşılaşdı.
Altıncısı, liberal qərb inqilablarında fərdlərin azadlığı ictimai ədalətin fəda olunması qiymətinə başa gəlir. Marksist inqilablarında isə ictimai ədaləti zorakılıq və diktatorluq etməklə və fərdi azadlıqların itirilməsi qiymətinə başa gəlir. Lakin İslam siyasi sistemində ictimai ədalət paralel olaraq fərdi azadlıqla biruz edir və hətta mümkün qədər onların arasında həmahənglik olur. İslam inqilabının bu görkəmli xüsusiyyəti idi ki, dünya əhalisinin bir çoxunu, xüsusilə savadlı və ziyalı təbəqəsini özünə cəlb edib. İslam inqilabı Fransa inqilabının demokratik və ya Rusiya inqilabının sosialist proqramlarını həyata keçirmək üçün deyil, yeni-yeni və münasib ideyaların inkişaf etdirilməsi və çiçəklənməsi üçün meydana gəlmişdi.
-İslam inqilabı İran xalqını nələrdən xilas etdi və onlara hansı üstünlükləri verdi?
İslam inqilabı insanlara istiqlaliyyət və azadlıq bəxş etdi, İslamın ali təlimlərində hərəkət etmək fürsətini yaratdı. Daxili istibdada və xarici istismara son qoydu. İnsanlara müasir elm və texnologiyanı ərməğan etdi.
-İranda yaşayan milyonlarla azərbaycanlı inqilabın rəhbəri Ayətullah Xomeynini dəstəkləyirdimi və ümumiyyətlə onların inqilaba münasibəti necədir?
İranın sayı milyonlarla olan qeyrətli azərbaycan dilli əhalisi digər əhali ilə çiyin-çiyinə İslam inqilabının qələbəsi naminə və onu qorumaq üçün döyüşdü. Onlar İmam Xomeynini himayə edir və onun əmrinə tabe idilər. Ondan sonra isə Ayətullah Xameneini dəstəkləyərək çoxlu qəhrəmanlıqlar yaratdılar. Onlar bu yolda şəhid oldular, elm və bilik sahəsində, dövlətin idarə olunmasında, məclisdə və digər dövlət və hərbi vəzifələrdə xidmətlər göstərdilər və indi də bu fəaliyyətlərini davam etdirirlər. Həqiqətdə, İranın azərbaycan dilli əhalisi tarix boyu daim İslami İranın milli kimliyini və istiqlaliyyətini qoruyublar və onların rolu təyinedici rol olub. Onlar İranın istiqlaliyyətini və kimliyi qorumaqda böyük rola malik olublar və bu ərazinin rolu İranın hazırki coğrafiyasına sığmır. İran azərbaycanlıları ölkənin siyasi, iqtisadi, mədəni və hərbi həyatının bütün mühüm səhnələrində fəal şəkildə iştirak etmiş və azərbaycanlıların İrana vəfadarlığında heç vaxt şübhə olmamışdır. Azərbaycan tarix boyu İranın azadlığı, istiqlaliyyəti və bu diyara bağlılığı naminə çoxlu igidliklərə şahid olmuşdur. Bu iştirakın pik nöqtəsi İslam inqilabının qələbəsi dövründə 18 fevral 1979-cu ildə Təbriz əhalisinin qiyamı idi ki, bütün ölkə boyu əhalinin həyəcana gəlməsinə səbəb oldu. İslam inqilabının qələbəsindən sonra da Azərbaycan əhalisi ölkə amallarına sadiq qalaraq bütün sahələrdə bu amallara bağlı olduqlarını nümayiş etdirdilər. İrana qarşı başladılmış müharibə İran azərbaycanlılarının ölkəyə eşq və məhəbbətini sübut etməsi üçün yeni bir sınaq idi. Azərbaycan regionu bu müharibədə birbaşa düşmənin hücumlarına məruz qalmadığı halda çoxsaylı azərbaycanlılar maddi və mənəvi dəstəklə yanaşı, döyüş meydanlarında iştirak etdilər, öz vəfadarlıqlarını praktiki və əməli olaraq nümayiş etdilər.
-Azərbaycanda səfir kimi fəaliyyət göstərən bir şəxs
kimi, bu ölkə haqqında, onun xalqı haqqında təəssüratlarınız necədir? İş həyatınızı
sonadək Azərbaycanda səfir kimi çalışmaqla başa vurmaq istərdinizmi?
Azərbaycan Respublikası daim müxtəlif etniklər və mədəniyyətlər toplusunun yaşadığı bir məkan olub. Bu etniklərin və mədəniyyətlərin hər biri digərinə təsir edib və bir-birindən təsirləniblər. Ölkə ərazisində məscidlərin, tarixi abidələrin mövcudluğu bu mədəniyyətin göstəricisidir. Şiəlik bu məmləkətin əsas dini məzhəbidir, sünnilər, xristianlar və yəhudilər kimi digər etniklər də bu ölkədə mövcuddurlar. Azərbaycan əhalisinin mədəniyyəti və adət-ənənəsi bir çox cəhətdən İranın ümumi mədəniyyəti ilə oxşardır. Azərbaycan əhalisinin bu gün danışdığı dil Azərbaycan Respublikasından əlavə İranda da geniş yayılıb. Bu diyarın folkloru və şifahi ədəbiyyatı özünün tarixi və dili kimi çox qədimdir və İranla çoxlu müştərəkliklərə malikdir. Mən səfir olaraq daim bu kimi əsərlərin, adət-ənənələrin, dini və məzhəbi inancların, ictimai dəyər və bağlılıqların şahidi oluram və bütün bu müştərəkliklərdən ləzzət alıram. Bu səbəbdən də burada qürbət hissi keçirmirəm və bu məmləkətdə daha çox qalmaq istərdim. Bu məmləkətin insanlarının həyatının hər bir güşəsinə nəzər salsan, orada şeir vardır, onun zülal bulaqları, xalılarının üstündə olan gül butalarının rəqsi, aşıqlarının sazı-sözü misilsizdir. Azərbaycan əhalisi də ölkəmizin sakinləri kimi Novruz bayramı, Qurban bayramı, Fitr bayramı və s. keçirirlər. Bu bayramlar ümumilikdə İrandakı kimi keçirilir. Bu ölkənin əhalisi də Fitr və Qurban bayramlarına xüsusi önəm verir və müxtəlif mərasimlər keçirirlər. Azərbaycan əhalisi mübarək aylarda, eləcə də Aşura və Tasua mərasimlərində İranın müxtəlif güşələrində olduğu kimi novhə oxuyur və əza məclisləri təşkil edir. Bütün bunlar mənim bu ölkəyə daha çox sevgi bəsləməyimə səbəb olur.
Mehriban Məmmədzadə