Goranboyda dələduzluq edən şəxs yaxalandı

{title

42-ciparalel.az
 

     Sakinlərə küllü miqdarda ziyan vuran şəxsin əvvəllər də 2 dəfə məhkumluğu olub

Goranboy polisi dələduzluqla məşğul olan şəxsi yaxalayıb. Bu 28 yaşlı Gəncə sakini Vüsal Hüseynovdur. O rayon ərazisində müxtəlif şəxslərdən iribuynuzlu mal-qara alaraq, pulunu mənimsəməkdə ittiham olunur.

Vüsal Hüseynov bu əməli törətmək üçün maraqlı üsul da tapıb. Belə ki, əvvəlcə mal-qara sahiblərinə nağd pul ödəyəcəyini vəd verib, heyvanı kəsdirdikdən sonra pulu evdə unutduğunu, bir gün sonra gətirəcəyini deyib.

İnandırmaq üçün isə bəzi hallarda pulun bir qismini ödəyərək, heyvan sahiblərinə Gəncə şəhərində ət satışı ilə məşğul olduğunu bildirib. Son dəfə isə Goranboy rayon Xanqərvən sakinlərindən birini eyni üsulla aldadıb.

Vüsal Hüseynov əvvələr də iki dəfə məhkumluq həyatı yaşayıb. İlk dəfə qanunsuz narkotik istifadəsinə görə tutulan Vüsal Hüseynovun 2-ci məhkumluğuna səbəb də dələduzluq olub. İstintaq zamanı o da məlum olub ki, Vüsal Hüseynov Şəmkir rayonu ərazisində də bir neçə mal-qara sahibini eyni üsulla aldadıb. Hələlik istintaqa Vüsalın törətdiyi dələduzluğa görə, Goranboy rayonundan 3 nəfərə, ümumilikdə 2500 manatdan çox ziyan dəydiyi məlumdur. Hazırda polis əvvələr də törətdiyi cinayətlərə görə, peşman olduğunu deyən Vüsal Hüseynovun daha çox insanı aldada biləcəyi ehtimalını araşdırır.