Qətli törədən şəxs könüllü olaraq polisə təslim olub

42-ciparalel.az
Mingəçevir şəhərində insanların gözü qarşısında qətl hadisəsi baş verib. Hadisə bazarın qarşısında qeydə alınıb.
Ağdam rayonunun Nəmərli kənd sakini, 1985-ci il təvəllüdlü Pərviz İsrafil oğlu Vəliyevlə Mingəçevir şəhər sakini, 1973-cü il təvəllüdlü Yeganə Fəxrəddin qızı Mustafayeva arasında mübahisə baş verib.
İnsanların gözü qarşısında baş verən mübahisə daha da qızışıb və Pərviz Vəliyev bıçaqla 42 yaşlı qadının ürək nahiyəsinə 3 bıçaq zərbəsi endirib. Yaralı qadın ətrafda olan insanların köməyi ilə xəstəxanaya aparılıb. Lakin ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən kişi könüllü olaraq Mingəçevir şəhər Polis Şöbəsinə gedərək təslim olub.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.
Qətli törədən kişi ilə öldürülən qadın arasında qeyri rəsmi şəkildə münasibət olduğu bildirilsə də polisdən bunu təsdiq etmədilər.
Oktyabr ayının 27-də Mingəçevirdə qətl hadisəsi baş vermişdi. Məcburi köçkünlər üçün salınmış qəsəbədə Ağdam rayonundan məcburi köçkün olan 31 yaşlı Şakir Əhmədov həmyerlisi Bəxtiyar Rəhimovu qəsəbənin ərazisində olan mağazanın arxasına çağırıb və ona odlu silahdan atəş açıb.
Daha sonra atəş açan Şakir Əhmədov hadisə yerindən qaçıb. 31 yaşlı Bəxtiyar Rəhimov isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.