Prezident İlham Əliyev: "Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur" - YENİLƏNİB

{title

Yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

42-ciparalel.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevkonfransda iştirak edib.

Konfransda nitq söyləyən Prezident İlham Əliyev bildirdi ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, ötən il Azərbaycanda bir çox məsələlər uğurla həll olunub. "Asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq bu, bizim böyük uğurumuzdur", - deyən dövlətimizin başçısı regionda baş verən münaqişələrin və Avropadakı miqrant böhranının radikal qüvvələrin güclənməsinə səbəb olduğunu, bunun da dünya üçün böyük təhlükə yaratdığını bildirdi. "Biz bu vəziyyətdə daha fəal işləməli, ölkə qarşısında duran məsələləri həll etməliyik", - deyən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun artdığını vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu və bununla bağlı tədbirlərin icra edildiyini də diqqətə çatdırdı.

Keçən il demokratik inkişaf istiqamətində önəmli addımların atıldığını, ölkəmizdə siyasi və iqtisadi islahatların demokratik inkişafla paralel aparıldığını vurğulayan dövlətimizin başçısı parlament seçkilərindən də danışdı, seçkilərin şəffaf, ədalətli keçirildiyini və xalqın maraqlarını əks etdirdiyini bildirdi. Ötən il ölkəmizin iqtisadi inkişafının təmin olunduğunu söyləyən Azərbaycan Prezidenti qeyri-neft sənayesinin 8,4 faiz, kənd təsərrüfatının 6,6 faiz artdığını dedi, enerji sektorunda, xüsusilə də "Cənub" qaz dəhlizinin icrası ilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırdı. "Biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk", - deyən Prezident İlham Əliyev artıq Asiyadan Avropaya və yaxud əksinə daşınan yüklərin Azərbaycan ərazisindən keçdiyini, ötən il bütün sosial proqramların icra olunduğunu bildirdi, qarşıdakı dövrdə heç bir sosial layihənin ixtisar olunmayacağını vurğuladı.

Dövlətimizin başçısı manatın məzənnəsinin aşağı düşməsinin obyektiv səbəblərdən irəli gəldiyini bildirdi, 2016-cı ilin ciddi iqtisadi islahatlar dövrü olacağını, artıq bununla bağlı müəyyən addımların atıldığını dedi. 2004-cü ildən regionların inkişafı ilə bağlı fəaliyyətdə olan dövlət proqramını xalqımızın həyatında tarixi hadisə adlandıran Prezident İlham Əliyev dedi ki, son 12 ildə 25 elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşdırma 90 faizə yaxınlaşıb, bütün şəhərlərimiz "mavi yanacaq"la təmin olunub, 10 min kilometrdən çox yol çəkilib, xeyli sosial layihələr icra edilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya mərkəzi tikilib, maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, məcburi köçkünlər üçün 225 min insanın yaşadığı 89 şəhərcik salınıb. Bütün bunların da xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi irsinin uğurları sayəsində mümkün olduğunu deyən dövlətimizin başçısı liberal siyasəti ilə seçilən Azərbaycanın artıq böyük enerji və kosmik layihələri icra edən bir ölkəyə çevrildiyini bildirdi.

İqtisadiyyat naziri Şahin Mustafayev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ili çərçivəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı.

Sonra "Mətanət A" şirkətinin baş direktoru Elxan Bəşirov, Qusar Logistika Mərkəzi və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur Mənsimov, Naxçıvanda fəaliyyət göstərən "Cahan Holdinq"in direktoru Vüqar Abbasov, Zirə istixana kompleksinin rəhbəri Bəşir Quliyev, Yalama aqroparkın direktoru Azər Nəsirov, Gəncədəki "Neon" firmasının baş direktoru Arif Həsənov, Bərdədəki "Qarabağ" aqrar-sənaye kompleksinin baş direktoru Vahid Rzayev, Qəbələ aqro kompleksin direktoru Oqtay Nağıyev, Masallıdakı "Embavud" şirkətinin baş direktoru Elşad Abbasov və "Norm" şirkətinin baş kommersiya direktoru Fuad Musayev çıxış etdilər.

Konfransın yekununda Prezident İlham Əliyev ölkədə son illərdə sahibkarlığın inkişafı ilə bağlı böyük işlərin görüldüyünü dedi. Dövlətimizin başçısı sosial müdafiənin yürüdülən siyasətin əsas istiqamətlərindən biri olduğunu, regionlarda nəzərdə tutulan infrastruktur layihələrinin, xüsusilə də kənd yollarının, məktəb və xəstəxana binalarının tikintisinin, içməli su layihələrinin icrasının əhəmiyyətini vurğuladı.

Yerli istehsalın sürətləndirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirdi ki, dövlət qurumları və özəl sektor iş yerlərinin bağlandığı bölgələrdə bu məsələnin həllini diqqət mərkəzində saxlamalıdırlar. Ölkə əhalisinin artıq 9 milyon 700 min nəfərə çatdığını deyən dövlətimizin başçısı bu vəziyyətin yeni iş yerlərinin yaradılmasını tələb etdiyini diqqətə çatdırdı.

Son 12 ildə Azərbaycanda 70 mindən çox müəssisənin yaradıldığını deyən Prezident İlham Əliyev sahibkarları da yeni iş yerlərinin yaradılmasında fəal olmağa çağırdı, məşğulluq idarələrinə müraciət edənlərin işlə təmini üçün dövlət müəssisələrində yeni vakansiyaların açılması ilə bağlı tapşırıqlar verdi, özəl sektorun da bu amili nəzərə almasının vacibliyini bildirdi. Prezident İlham Əliyev dedi ki, biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanmalı, vergi və gömrük orqanlarının fəaliyyəti tam şəffaf olmalıdır.

Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi ilə bağlı fikirlərini bildirən dövlətimizin başçısı idxal qarşısında duran süni maneələrin aradan qaldırılması və qiymətlərin tənzimlənməsi ilə bağlı tapşırıqlarını verdi.

Prezident İlham Əliyev investisiyaların təşviqi, ixracın stimullaşdırılması, geniş özəlləşdirmə proqramının icrası, bank sektorunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin görülməsinin vacibliyini bildirdi, bu il hər bir rayonda sənaye zonalarının yaradılmasına dair tapşırıq verdi. Dövlətimizin başçısı çıxışında ölkədə istehsal edilən ərzaq və qeyri-ərzaq məhsullarında mövcud olan xarici komponentlərin azaldılması, bu məhsulları və xammalı istehsal edən müəssisələrin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyinə diqqəti cəlb etdi. Kənd təsərrüfatının inkişafının, torpaq fondunun dəqiq uçotunun aparılmasının, meliorasiya tədbirlərinin gücləndirilməsinin, heyvandarlığın, bitkiçiliyin, xüsusilə də pambıqçılığın inkişafının diqqətdə saxlanmasının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev zəruri qida məhsullarına olan tələbatın ödənilməsi, bu məhsullarda idxaldan asılılığın aşağı salınması ilə bağlı fikirlərini bölüşdü.

Qarşıda "Biz özümüzü 100 faiz taxılla təmin etməliyik" kimi öhdəlik müəyyənləşdirən Prezident İlham Əliyev turizmin inkişafı, ekoloji məsələlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı tədbirlərin sürətləndirilməsinin vacibliyini bildirdi, dövlət qurumlarının və məmurların yerli məhsullardan imtina etmələrinin yolverilməz olduğunu vurğuladı. "Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur, hamı qanun qarşısında cavabdehdir", - deyən dövlətimizin başçısı vurğuladı ki, məmurlar xalqla bir yerdə olmalıdır.

Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi, müstəqillik yolunda xalqımıza uğurlar arzuladı.

Bu gün biz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik. Üçüncü proqram 2014-cü ildə qəbul edilib və uğurla icra edilir. Hər il bu proqramın icrasını müzakirə edirik. Gələcək fəaliyyətlər üçün istiqamətlər müəyyən edirik. Bir sözlə, bu proqramın icrası çox uğurlu addımımızdır.

42-ciparalel.az-ın məlumatına görə,  bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, 2004-cü ildə birinci proqram qəbul olunanda məsələ elə qoyulmuşdu ki, Azərbaycan regionları sürətlə inkişaf etməlidir: "Regionlarda infrastruktur layihələri, iş yerləri, sosial müəssisələr yaradılmalıdır ki, ölkəmizin inkişafı hərtərəfli və dayanıqlı olsun. 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib. Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq, Azərbaycanda 2015-ci ildə bir çox məsələlər öz həllini tapıb. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilib".

Prezident İlham Əliyev bildirib ki, o qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, əlbəttə ki, bu, bizim böyük uğurumuzdur: "Çünki bizim bölgəmizdə qanlı toqquşmalar, müharibələr davam edir, yeni qarşıdurma ocaqları yaranır. Avropada həm iqtisadi böhran yaşanır, eyni zamanda miqrantlarla bağlı vəziyyət gərginləşir. Öz evlərini, yaxınlarını, əmlakını itirmiş insanlar Avropaya pənah gətirirlər və onları orada nələr gözləyir - hamımızın gözü qarşısında baş verir. Əfsuslar olsun ki, miqrant böhranı Avropada radikal qüvvələrin güclənməsinə gətirib çıxarır. Bu da həm Avropa üçün, həm bizim üçün, həm də dünya üçün çox böyük təhlükədir. Azərbaycan uzun illərdir ki, dinlərarası, sivilizasiyalararası dialoqun güclənməsində öz rolunu oynayır".

Dövlət başçısı sonra deyib: "Ancaq əfsuslar olsun ki, dünya miqyasında biz dialoq əvəzinə qarşıdurma, anlaşılmazlıq, ədavət görürük. Budur iqtisadi və geosiyasi vəziyyət. Bölgədə və dünyada yaşanan bu vəziyyət, əlbəttə ki, bizi narahat edir. Ancaq eyni zamanda, biz bu vəziyyətdə daha da fəal işləməliyik. Öz siyasətimizi uğurla aparmalıyıq və ölkə qarşısında duran bütün vəzifələri icra etməliyik. 2015-ci ildə də, hesab edirəm ki, bütün istiqamətlər üzrə Azərbaycan uğurlu inkişaf dinamikasını saxlaya bilib. Bizim beynəlxalq nüfuzumuz böyük dərəcədə artıb. Keçən il mən 20 rəsmi və işgüzar səfər etmişəm. Azərbaycana 15-dən çox xarici dövlət, hökumət başçısı səfər edib. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə çox fəal rol oynayır və ölkəmizə dünyada çox böyük rəğbət var. Bunu mən hər dəfə xarici səfərlərdə olarkən görürəm. Bu dəfə Davos Forumunda iştirak edərkən bir daha gördüm ki, ölkəmizin siyasətinə, mövqeyinə, prinsipiallığına, əldə edilmiş uğurlarımıza çox böyük rəğbət, hörmət var. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurla davam edır. Üzv olduğumuz təşkilatlar çərçivəsində fəaliyyətimizi gücləndiririk. Bütün başqa təşkilatlarla da qarşılıqlı hörmət əsasında münasibətlərimizi qurmuşuq və bu münasibətləri dərinləşdirmək istəyirik. Hesab edirəm ki, 2016-cı ildə beynəlxalq təşkilatlarla fəaliyyətimiz daha da sürətlə aparılacaq. Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, təmin edilir. Bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını müdafiə edir. Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür".

Prezident İlham Əliyev sonra qeyd edib ki, bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq: "Xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Ona görə ictimai-siyasi sabitliyin təmin olunması Azərbaycanda təbii haldır. Bir də demək istəyirəm ki, milli həmrəylik, vahid amal ətrafında xalqımızın birləşməsi və düşünülmüş siyasət, əldə edilmiş uğurlar bu reallığı təmin edir. Baxmayaraq ki, ətraf bölgələrdə və dünyanın bir çox ölkələrində vəziyyət gərginləşir, daxili çəkişmələr baş verir, qarşıdurmalar baş verir. Belə olan vəziyyətdə, əlbəttə ki, Azərbaycan nümunəsi dünya üçün də çox əhəmiyyətlidir. Deyə bilərəm ki, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir".

Dövlət başçısı bildirib ki, keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılıb: "Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə də Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. Bütün iştirak etmiş müşahidəçilərin rəyinə görə, parlament seçkiləri şəffaf və ədalətli keçirilib, Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilib. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Mən bu seçkilərin nəticələrini belə qəbul edirəm. Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərmişdir. Mən buna görə Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, bütün dünyada baş verən hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcək".

Prezident İlham Əliyev sonra deyib ki, keçən il bizim iqtisadi inkişafımız təmin edilib, baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumdaxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1.1 faiz artıb, ancaq indiki vəziyyətdə, neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alaraq, hesab edirəm ki, bu müsbət nəticədir: "Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8.4 faiz artıb. Budur əsas göstərici. Çünki bu onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir. Kənd təsərrüfatına da son vaxtlar xüsusi diqqət göstərilir, 6.6 faiz artıb. Budur əsas göstəricilərimiz. Bu onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik və bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək".

Dövlət başçısı qeyd edib ki, enerji sektorunda 2015-ci il yadda qalan il olub: "Cənub Qaz dəhlizinin icrası istiqamətində çox önəmli addımlar atılıb. Bildiyiniz kimi, ilin əvvəlində Cənub qaz dəhlizinin Bakıda birinci məşvərət şurası keçirilib, bu dəhlizin icrasında iştirak edən bütün ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edirdilər. Konkret proqram təsdiq edilib, birgə bəyannamə qəbul edilib ki, orada da Azərbaycanın bu dəhlizin reallaşmasında xüsusi və aparıcı rolu qeyd edilib. Cənub qaz dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir, bizim üçün isə bu dəhlizin reallaşması əlavə siyasi, maliyyə, iqtisadi imkanlar yaradacaq və imkan verəcək ki, bizim zəngin qaz resurslarımız dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilsin. Bu da bizə iqtisadi mənfəət gətirəcək, valyuta axını təmin ediləcək və bizim daimi inkişafımız daha da möhkəm olacaq. Bu il Cənub qaz dəhlizinin icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Bildiyiniz kimi bu layihə 4 layihədən ibarətdir - Şahdəniz, Cənub Qafqaz Kəməri, TANAP, TAP. Hər bir layihə üzrə işlər uğurla icra edilir".

Prezident İlham Əliyev bildirib ki, keçən il Azərbaycan dünyaya özünü çox güclü tranzit ölkəsi kimi təqdim edə bilmişdir: "Bildiyiniz kimi, nəqliyyat infrastrukturuna qoyulan sərmayə bu imkanları yaradır. Bu gün şərqdən qərbə, şimaldan cənuba gedən yollar Azərbaycandan keçir. Bu da dünya üçün yenilikdir. Bunu biz yaratmışıq. Sərmayələri qoymaqla, gözəl biznes mühitini yaratmaqla biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzinə çeviririk. Keçən il və bu il bu istiqamətdə çox önəmli addımlar atılıb. Artıq nəinki Orta Asiyadan Avropaya, Çindən, hətta Cənubi Koreyadan Avropaya Azərbaycan üzərindən yüklər getməyə başlayıb. Eyni zamanda, tarixdə ilk dəfə biz tarixi İpək Yolunu bərpa edirik. Bununla bərabər, ilk dəfə olaraq Avropadan Asiyaya, Ukraynadan Çinə yüklər Azərbaycan üzərindən getməyə başlayıb. Əvvəlki illərdə Gürcüstan, Rusiya üzərindən gedən, Türkiyədən Orta Asiyaya gedən yüklər indi Azərbaycan üzərindən, Xəzər dənizi üzərindən Asiyaya gedir. Bütün imkanları biz yaratmışıq. Biz əgər bu işlərlə məşğul olmasaydıq, bu gün Azərbaycan tranzit ölkəsi ola bilərdimi? Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Biz edirik bunları. Nəyə görə? Çünki bu bizim xalqımıza lazımdır, bu bizim dövlətimizi gücləndirir və bizim maraqlarımıza xidmət edir".

Dövlət başçısı deyib ki, 2015-ci ildə bütün sosial proqramlar icra edilib: "Mən bir daha demək istəyirəm ki, baxmayaraq ki, bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bu il də heç bir sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılıb. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir. Bir sözlə, hesab edirəm ki, keçən il ölkəmiz üçün uğurlu olmuşdur. Dünya iqtisadiyyatı stress vəziyyətindədir. Neftin qiyməti dörd dəfə düşüb. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və müəyyən dərəcədə buna nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq bu da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və süni şəkildə biz milli valyutamızı istədiyimiz səviyyədə saxlaya bilmərik. Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, biz bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır".

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir. 

42-ciparalel.az-ın məlumatına görə, konfransda Azərbaycan prezidenti İlham Əliyev, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, dövlət və hökumət rəsmiləri, sahibkarlar iştirak edirlər.
 
Konfransda prezident İlham Əliyev çıxış edib. 

42-ciparalel.az