Beynəlxalq agentlikdən Kapital Bank üçün yeni proqnoz

{title

"Moody’s Investor Service” Kapital Bankın yeni reytinqlərini açıqlayıb.
 
"Moody’s” agentliyi Kapital Bankın yeni reytinqini təsdiqləyib.
42-ciparalel.az-ın məlumatına görə, "Moody’s Investor Service”beynəlxalq agentliyi Kapital Bank ASC-nin hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) "b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə "Ba3” səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq saxlayıb.
Kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2(cr)”, qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime(cr)” səviyyəsində təsdiq edib.
Hesabatda, həmçinin qeyd olunur ki, ötən ilin dekabrında üzən məzənnə rejiminə keçid nəticəsində ölkədə milli valyutanın dəyərdən düşməsi və yüksək dollarlaşma bankların aktivlərinin keyfiyyətinə və mənfəətliliyinə mənfi təsir göstərib. Ölkədəki makroiqtisadi dəyişikliyi rəhbər tutaraq agentlik Kapital Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnozunu "stabil”dən "neqativ”ə dəyişdirib.

"Çətin iqtisadi mühitə baxmayaraq növbəti 12 ay ərzində Kapital Bank mənfəətlilik dərəcəsini qoruyub-saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və 1 yanvar 2016-cı il tarixinə qədər bankın kapital yetərliliyi, likvidlik əmsalları yaxşıdır. Korporativ müştərilərə, hökumət strukturlarına və büdcədən vəsait alanlara, eləcə də digər ödəmə qabiliyyəti olan müştərilərə bankın kredit verməsi mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə Kapital Bankın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir” - deyə hesabatda qeyd olunur.
"Moody’s Investor Service” beynəlxalq agentliyinin Kapital Banka verdiyi reytinqlər yerli kommersiya bankları arasında ən yüksək reytinqdir.
Kapital Bank ölkədə Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çoxdur fəaliyyət göstərir. Hazırda bank böyük xidmət şəbəkəsinə malik maliyyə qurumlarından sayılır. Universal bank olan Kapital Bank 2 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
 
42-ciparalel.az