Manat "üzəcək": bəs qiymətlər?

Dünya Bankının verdiyi proqnozlarla yanaşı, qeyd etməliyəm ki, yaxın gələcəkdə bizdə də "üzən məzənnə" siyasətinə keçid mümkündür və gözlənilir. Ancaq yenə də manatın dəyəri idarə olunacaq. O mənada ki, Azərbaycanda milli pul vahidi möhkəm əllərdədir. Perspektivdə isə manatın arxasında qeyri-neft sektorunun dayanmalı olduğu aksiomadır.
İqtisadçı-ekspert Pərviz Heydərov Dünya Bankının saytında dərc edilmiş "Xammalın ucuz qiymətləri və zəif valyuta" adlı məruzəsində Azərbaycanın milli valyutasının mübadilə məzənnəsinin MDB-nin digər neft ixrac edən ölkələri ilə müqayisədə daha sabit olması ilə bağlı məlumatı şərh edərkən bildirib.
Ekspertin fikrincə, Azərbaycan manatının qonşu və eləcə də MDB ölkələrinin milli valyutaları ilə müqayisədə kifayət qədər möhkəm dəyərə sahib olduğu aşkar görünür: "Belə ki, neftin qiyməti keçən ilin iyun ayından etibarən ucuzlaşır. Hazırda da tendensiya, məlum olduğu kimi, qeyri-qənaətbəxş səviyyədədir. Bu müddət ərzində Rusiya rublu, Qazaxıstan tengesi və yaxud da Gürcüstan larisi, o cümlədən Türkiyə lirəsi yüksək səviyyədə ifadə olunan ikirəqəmli həddə bir neçə dəfə ucuzlaşıb. Ümumiyyətlə, bu ölkələrdə hökumətlər tərəfindən açıq şəkildə "üzən məzənnə" siyasətinə keçildiyi bildirilib. Amma Azərbaycanda isə ötən müddət ərzində yalnız 1 dəfə, bu ilin əvvəlində - fevralın 21-i tarixində devalvasiya qərarı verilib ki, bu da 34 % təşkil etsə də, faktiki ölkənin mərkəzi bankı - AMB tərəfindən korrektə siyasəti idi.
Düzdür, bu, heç də asan başa gəlmir. AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 7 milyard dollara qədər azalıb. Lakin ölkənin tədiyyə balansı üzrə real vəziyyət, o cümlədən dövlət büdcəsi gəlirlərinin təmini prosesi hələ ki, narahatlıq üçün elə bir əsas vermir".
Qeyd edək ki, Milli.Az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, Dünya Bankının saytında dərc edilmiş "Xammalın ucuz qiymətləri və zəif valyuta" adlı məruzəsində bildirilib ki, Azərbaycanın milli valyutasının mübadilə məzənnəsi MDB-nin digər neft ixrac edən ölkələri ilə müqayisədə daha sabitdir. Məruzədə Azərbaycan manatının neftin yüksək qiymətləri dövründə möhkəmləndiyi, amma 2015-ci ilin fevral ayında milli valyutanın devalvasiyasından sonra real mübadilə məzənnəsinin faktiki dəyərə yaxınlaşdığı vurğulanır.
DB analitikləri hesab edirlər ki, manatın məzənnəsi neftin qiymətinin ucuzlaşması ilə baş verən devalvasiyadan sonra sabitləşib. Ümumilikdə isə bank qeyd edir ki, neftin qiymətlərinin ucuzlaşmasından sonra profisitin ixtisarı orta müddətli perspektivdə cari əməliyyatların hesabı Azərbaycanda ÜDM-in 5,2 faiz azalmasına gətirib çıxaracaq.
Bundan başqa, DB-nin proqnozlarına görə, dövlət investisiyaları 2015-2017-ci illərdə ÜDM-in 1,3 faizi qədər azalacaq, qeyri-neft sektorunda ÜDM ildə dörd faizə qədər azalacaq. Bununla yanaşı, məruzədə deyildiyi kimi, qeyri-neft sektorunun investisiyaları 2016-2017-ci illərdə iri qaz kəmərlərinin inşaatı ilə əlaqədar artacaq. DB-nin proqnozlarına görə, orta müddətli perspektivə Azərbaycanın icmal büdcəsinin çatışmazlığı 1,4 faiz ÜDM olacaq, 2015-ci ildə isə çatışmazlığın ÜDM-in 3,4 faizi miqdarında olacağı gözlənilir.