Azərbaycanın böyük qələbə günü

{title

Xalqımız ona əbədi müstəqillik bəxş etmiş şəhidləri heç zaman unutmayacaq!
 
Düz 26 il öncə - 1990-cı ilin 20 yanvar günündə Azərbaycan xalqı 200 illik sükutu pozaraq əbədi istiqlal davasına qalxdı. 
Xalqımız sovet rəhbərliyinin milli iradəmizi sındırmaq üçün Bakıya yeritdiyi tankların qarşısında əyilmədi və istiqlala layiq olduğunu sübut etdi. Böyük istiqlal şairimiz Məhəmməd Hadinin təbirincə deyilsə, milli imzamızı istiqlala layiq imzaların sırasına atmağı bacardıq. 
İndi bu günlərin prizmasından baxdıqda anlamaq olur ki, həqiqətən, həmin gün Azərbaycanın cəngavərlik tarixinin ən möhtəşəm səhifələrindən biridir. Müasir dünyada milli istiqlalın həddindən çətin əldə edilən nailiyyət olduğu göz qabağındadır. Dünyada 5 minə qədər millət var və bunların yalnız 200-ü milli istiqlala qovuşub. Dünyada 200 milyonluq xalqlar var ki, on illərlə mübarizə aparsalar da milli dövlət qura bilmirlər. 
20 yanvar tarixi bu baxımdan Azərbaycanın böyük qələbə günüdür. Məhz 20 yanvar günü sovet rəhbərliyi anladı ki, Azərbaycan xalqının iradəsini sındırmaq mümkün deyil. Qanlı yanvarın ertəsi Azərbaycanın oğul və qızları işğalçı sovet tanklarından qorxmayaraq bu böyük davada verdiyi şəhidlərini dəfn etməyə axışdı. 


20 yanvar şəhidlərinin dəfni - 1990-cı il 
Xalqımız sovet rəhbərliyinin bu addımına siyasi qiymət verməkdən çəkinmədi. Azərbaycanın o vaxtkı parlamenti - Ali Sovet də 1990-cı il 22 yanvar tarixli fövqəladə sessiyasında qəbul olunmuş qərarla həyata keçirilən hərbi müdaxiləni suveren Azərbaycan Respublikasına qarşı təcavüz kimi dəyərləndirdi. Bakıda yüzlərlə sakinin həlakına və yaralanmasına səbəb olmuş hərbi qulluqçuların hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirildi. 

1990-cı il 20 yanvardan sonra - Azərbaycan xalqı milli istiqlalını tələb edir 
Təbii ki, Azərbaycan xalqı ona bu möhtəşəm qələbəni bəxş etmiş şəhidlərini unutmur. Hər il yanvarın 20-də Azərbaycan çox böyük - 10 milyonluq ibadətə çıxır. Ölkə prezidentindən tutmuş sadə insanlara kimi hər kəs Şəhidlər Xiyabanına axışaraq Azərbaycanın istiqlalı uğrunda həyatından keçmiş insanların xatirəsini yad edirlər. 20 yanvar azərbaycanlılar üçün bir növ milli vəhdət gününə çevrilir. 
Xalqımız eynən 25 il öncə şəhid olmuş oğullarını və qızlarını çiynində apararaq keçmiş Dağüstü parkda dəfn etmiş milyonlar kimi bir araya gəlir. Ölkənin hər yerindən insanlar Bakıya gələrək 20 yanvar şəhidlərinin daima əziz olan xatirəsini yad edir. 

20 yanvar şəhidləri
20 yanvar günü ilk şəhidlərini vermiş Azərbaycan xalqı əzmlə mübarizəyə qalxaraq erməni lobbisinin məkrli planlarının həyata keçməsinə yol vermədi. Əksinə, bu mübarizə Azərbaycan xalqına əbədi müstəqillik qələbəsi bəxş etdi. Buna görə də Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet cəza dəstələri tərəfindən Bakıda qətlə yetirilmiş 130 şəhidi heç zaman unutmayacaq. 


Sovet tankları Bakının mərkəzini dağıdır (1990-cı il 20 yanvar)
Azərbaycan oğulları həmin günlərdə geri çəkilmədilər və düşmənin qarşısına çıxdılar. Bir çoxları şəhərə girən düşmən ordusuna müqavimət göstərmək üçün bilərəkdən ölüm yolunu seçdilər, şəhid oldular. Bu qəhrəman oğulların şəhidlik salnaməsi rejissor Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmində öz əksini tapıb. Film məhz 20 yanvar qurbanlarına yox, şəhidlərinə həsr edilib. 

"Qanlı Yanvar" filmindən bir epizod
Azərbaycan xalqı ona əbədi müstəqillik bəxş etmiş 20 yanvar gecəsini faciə kimi deyil, milli iradə günü kimi qeyd etməlidir. Müstəqillik uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi isə nəsillərdən nəsillərə ötürülərək xalqımızın qan yaddaşına əbədi həkk olunmalıdır. 
 
42-ciparalel.az