Vergilər naziri yoxlamaları dayandırır

Vergilər naziri Fazil Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Vergilər Nazirliyində keçirilmiş kollegiya iclasında bildirilib. İclas prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr olunub.
Kollegiya iclasında çıxış edən nazir bildirib ki, həmçinin operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında da göstəriş verib.
Bu, obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub. 2015-ci ilin 9 ayında dövlət büdcəsinə daxil olmuş vəsaitin 600 milyon manatını vergi nəzarəti tədbirləri nəticəsində toplanmış vəsait təşkil edir. Bu sözügedən müddətdə Vergilər Nazirliyi tərəfindən toplanmış vergilərin 11,78%-inə bərabərdir. Bütünlükdə, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanıb və proqnoza 100,5 faiz əməl edilib.
Lakin buna baxmayaraq Vergilər Nazirliyi bu cür əməliyyatları dayandırmağa qərar verib. Nəticədə, nazirlik ayda 2200-dən çox vergi yoxlamasını dondurub. Fazil Məmmədov əldə olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladıb. O, vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilnməsinin vacibliyini vurğulayıb.
Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.
Kollegiya iclasında ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına da toxunulub. Nazir bildirib ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.