Pulları hara yatırmaq olar?

42-ciparalel.az
Son on ildə Azərbaycan iqtisadiyyatının müşahidə edilən sürətlənmiş artım dövrü əhalinin gəlirlərində də nəzərəçarpacaq dərəcədə öz əksini tapıb. Ölkə sakinlərinin əksəriyyətinin gəlirləri xərclərini üstələyib və vəsaitlərin toplanmasına imkan yaradıb. Bank əmanətlərinin kəskin artımı məhz bununla bağlıdır. Lakin manatın fevral ayında baş verən devalvasiyası dünya iqtisadiyyatının silkələnməsi, neftin qiymətinin düşməsi ilə birgə, sabit gəlirin olması üçün sərbəst vəsaitlərin yerləşdirilmə imkanlarına dair məsələni yenidən aktuallaşdırır.
Bir qayda olaraq, orta sinfə mənsub olan şəxslərin
qazandıqları vəsaitlər öz işlərinin açılması üçün o qədər də yetərli deyildi.
Bundan başqa, tamamilə əsas işə yüklənmək də şəxsi biznesin inkişaf
etdirilməsinə zaman ayırmağa imkan vermir. Bu mənada mövcud olan maliyyə
kapitalının artırılması məqsədilə vəsaitlərin yerləşdirilməsi üçün
istiqamətlərin qızğın axtarışı aparılırdı. Məlum olduğu kimi, maliyyə
vəsaitlərini qiymətli kağızlara yatırmaq, avtomobil, daşınmaz əmlak və qızıl
almaq, banklarda depozit saxlamaq, torpaq sahəsi almaq və s. mümkündür.
İlk növbədə, qeyd etmək istərdim ki, söhbət yuxarıda qeyd edilən səbəblər üzrə
yeni biznesin yaradılmasından deyil, sərbəst vəsaitləri uğurlu yerləşdirmək
hesabına vəsaitlərin artırılması istəyindən gedir. Bununla əlaqədar, avtomobil
almaq məsələsini kənara qoymaq lazımdır. Qeyd edək ki, artıq alınandan və ilk
kilometrlərini qət etdikdən sonra, avtomobil ilkin dəyərinin 10-15%-ni itirir.
Bundan əlavə, nəqliyyat vasitəsini kreditlə alan şəxs çətin vəziyyətə düşür.
Unutmayın ki, avtomobil xeyli dərəcədə əlavə xərc mənbəyidir. Yeri gəlmişkən,
indi yerli bazarda avtomobillərin qiyməti xeyli düşüb və bəzən bir neçə il
əvvəl alınmış nəqliyyat vasitəsini iki dəfə, hətta üç dəfə ucuz satmalı
olurlar. Lakin klassik kəlama görə, avtomobil dəbdəbə deyil, nəqliyyat
vasitəsidir. Bu nöqteyi-nəzərdən avtomobil almağı uğurlu sinif nümayəndəsinin
statusunun mühüm atributları kateqoriyasına aid etmək olar. Lakin maliyyə
vəsaitlərinin sərfəli yerləşdirilməsi kimi ciddi məqam da qətiyyən nəzərdən
keçirilmir.
Minillik ərzində maliyyə vəsaitlərinin saxlanması üsullarından biri də qızıl və
zinət əşyalarının alınması hesab olunurdu. İndi daha tezsatılan mal Çar
Rusiyası zamanında II Nikolayın hakimiyyəti dövründə buraxılan "qızıl
çervonlar" - qızıl sikkələr hesab edilir. Onları zərgərlik mağazalarında
qızıl qırıntıları kimi qəbul edilən cəvahiratdan fərqli olaraq, satmaq daha
asandır. Həm də cəvahiratların satış qiyməti, avtomobillərdə olduğu kimi (bu
iki proses qısamüddətli kontekstdə nəzərdən keçirilərsə) alış qiymətindən iki
dəfə ucuz başa gəlir.
Xatırladaq ki, qızılın qiyməti əsrlər boyu artım tendensiyasına malik olub.
1792-ci ildə qızılın 1 unsiyasının dəyəri 19,3, 1934 - 35, 1973 - 42,22 dollar
olub. 2008-ci ilin mart ayında qızılın 1 troya unsiyası 1000 dollar həddini
ötmüşdü. Bu qiymətli metal öz pik həddinə 2011-ci il 6 sentyabr tarixində çatıb
- o zaman 1 troya unsiyası 1920 dollara bərabər olub. Bu gün dünya bazarında
qızılın 1 troya unsiyası 1150 dollar səviyyəsindədir. Bu, pik göstəricilərdən
olduqca uzaqdır.
Ümumilikdə, qızıl bazarda kifayət qədər spekulyativ mal dərəcəsində qalır. Və
hətta ortamüddətli perspektivdə, qızılın qiymətinin cari vəziyyətini götürsək,
"sarı metal" mövcud sərbəst vəsaitlərin artırılması üçün alətdənsə,
saxlamaq qismində daha əlverişlidir.
Təəccüblü deyil ki, "qara gün" üçün vəsaitləri harada saxlamaq
məsələsi Azərbaycanda uzun müddət ərzində uğurlu insanların əksəriyyəti üçün
bank sektorunda əmanətlərin xeyrinə həllini tapıb. Bu seçim bir sıra səbəblərlə
bağlı idi. Vəsaiti hətta kiçik məbləğlərdə - 500-1000 manatla da saxlamaq
olardı. Bununla belə, bankların illik 10% təklif etdikləri dividendlər, ölkədə
son illər inflyasiyanın aşağı səviyyəsi nəzərə alınmaqla, son dərəcə cəlbedici
görünürdü. Əvvəlki beş il ərzində əhalinin bank sektorunda əmanətləri 2009-cu
ilin sonu ilə müqayisədə üç dəfə artıb və 2014-cü ilin nəticələrinə əsasən
7,188 mlrd. manat təşkil edib. Əmanətlərin orta illik artımı 25%-ə çatıb.
Lakin cari ilin 21 fevral tarixində baş verən devalvasiyadan sonra vəziyyət
xeyli dəyişdi. Manatın məzənnəsi bir gün ərzində dollarla müqayisədə üçdə bir
qədərdən çox ucuzlaşdı və manatla saxlanılan əmanətlərini vaxtında valyuta
vəsaitlərinə dəyişməyənlər uduzdular. Və əhalinin pullarını yenidən kredit
müəssisələrinə qoymaq üçün onun etimadını bərpa etmək istiqamətində banklar
növbəti dəfə asan olmayan yolu qət etməlidirlər.
Əksər inkişaf etmiş ölkələrdə daimi əməkhaqqının əlavə gəlirinin üçdə bir
hissəsi qiymətli kağızlardan ödənilmiş dividendlərin payına düşür. Təəssüf ki,
əhali qiymətli kağızlar bazarından olduqca uzaqdır. Hətta dövlət müəssisələri
əhaliyə paylanmış çeklər vasitəsilə hərraclarda fərdi əllərə verilərkən,
özəlləşdirmə çeklərinin tətbiq olunmasına baxmayaraq bu baş vermədi.
Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan əhalisini birjalarda səhmlərin
kortirovkası maraqlandırmır və qiymətli kağızlar bazarı ən yaxşı imkanlarından
hələ uzaqdır. Əlbəttə, bir çoxları üçün daşınmaz əmlak bazarını son dərəcə
cəlbedici hesab etmək olar. Lakin bunun üçün yaxşı kapital lazımdır. Son
vaxtlara qədər, bir qayda olaraq, çoxları sərbəst vəsaitlərini banka qoymaq
məqsədilə daşınmaz əmlaklarını satırdılar. İndi isə ilk baxışdan, bazarda
qiymətlərin 30% düşməsi baxımından daşınmaz əmlakın əldə olunması üçün son
dərəcə əlverişli vəziyyət yaranıb. Amma özün üçün daşınmaz əmlak alarkən
fəallıq göstərmək artıq olmaz. Çünki irəlidə, çox güman ki, onun qiymətinin
artmasının şahidi olacağıq.
Daşınmaz əmlaka dair müxtəlif agentliklərin məlumatına görə, təkrar mənzil
bazarında mənzilin 1 kv.metri il ərzində, orta hesabla, 2100 dollardan 1600
dollara düşüb. Bununla belə, bazarda alıcı tapmaq son dərəcə çətinləşib -
"tam sükut" vəziyyəti yaranıb. Halbuki daşınmaz əmlakın satılmasına
dair təkliflərin sayı isə son dərəcə yüksəkdir. Kirayə verilməsi məqsədilə
mənzilin əldə olunması əlavə xərclər tələb edir. Unutmaq olmaz ki, gələcək
icarəçi ilə əmlakın icarə qiyməti, ödənişin vaxtında verilməsi və mənzilin
lazımi qaydada saxlanılmasının zəruri olması ilə bağlı razılaşma əldə etməli
olacaqsınız. Aydındır ki, daşınmaz əmlakın qiymətinin düşməsi icarə haqqının da
azalmasına səbəb olub - orta hesabla, ildə kv.metri 12 dollardan 9 dollara
düşüb.
Yeri gəlmişkən, qiymətin mümkün düşməsi ilə daha az riskli variant - torpaq
sahəsi almaqdır. Əhalinin sayının ildə, orta hesabla, 1,3% artmasını nəzərə
almaqla, torpağa olan tələbat kifayət qədər yüksək olacaq. Eyni zamanda, söhbət
təkcə ev və bağ evlərinin tikilməsi üçün torpaq sahələrindən deyil, həm də müvafiq
nəqliyyat infrastrukturu və həyat fəaliyyətinə zəruri obyektlərin
yaradılmasından gedir. Sərbəst vəsaitləri haraya yatırmaq məsələsinə - maliyyə
alətlərinə və ya daşınmaz əmlaka - hər kəs özü qərar verir. Təqdim olunmuş
bölgü, sadəcə, düşünmək üçün məlumatdır.