Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov: "Şahmata dövlət tərəfindən xüsusi qayğı göstərilir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə şahmatın inkişafına böyük qayğı və diqqət göstərir. Və məhz bunun nəticəsidir ki, Azərbaycanın kişi şahmatçılarından ibarət yığması üçüncü dəfə Avropa komanda çempionatında qalib oldu. Yarışa gələndə hədəfimiz mükafatçılar sırasına düşmək idi. Çünki əmsalda komandamız ikinci idi. Ayrı nəticə bizi qane etmirdi. İlk turda uduzub, sonra toparlanaraq sonda qalib adını qazanmaq komandalararası Avropa çempionatında nadir hadisələrdəndir.
42-Ciparalel.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində belə deyib.
Çempionatda ilk məğlubiyyətin isə tamamən təsadüfi olduğunu vurğulayan vitse-prezident bildirib: "Ona görə ki, belə yarışlar İsveçrə sistemi ilə olanda, ilk turda güclü komandalar zəiflərlə qarşılaşır. Bu, sistemin qaydasıdır. Heç kəs inanmaq istəmirdi ki, Azərbaycan komandası zəif komandaya uduzdu. Komanda üzvləri bu məsuliyyəti başa düşdülər. Hər turdan sonra daha da yaxşı oyun göstərdik. Sonrakı qarşılaşmalarda komandamız məğlub olmadı. Ardıcıl 5 qələbə qazandıq. Son turda da bizi heç-heçə qane edirdi. Bunu da etdik”.