Çində kömür şaxtasında yanğın olub

42-ciparalel.az
Çində kömür şaxtasında baş vermiş yanğın nəticəsində 21 nəfər həlak olub.
Hadisə Çinin şimal-şərqində, Xeylunszyan əyalətində olub. Szisi şəhərində yerləşən bu şaxtanın yerli şirkətlərdən birinə məxsus olduğu deyilir.
İlkin məlumatlara əsasən, şaxtada 22 fəhlə olub. Xilasedicilər 21 nəfərin cəsədini aşkar ediblər, lakin bir fəhlənin axtarışları hələ də davam etdirilir.
Sonradan məlum olub ki, ümumilikdə, həmin gün şaxtada 38 fəhlə işləyirmiş, sadəcə, fövqəladə hadisə baş verən vaxt onlardan 16 nəfəri üzə çıxmağı bacarıb. Onlar, sadəcə, yüngül xəsarətlər alıblar.
Rəsmi qurumlardan verilən məlumata görə yanğınla bağlı vəziyyət kontrol altındadır. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Ümumiyyətlə, Çin şaxtaları dünyada ən təhlükəli şaxtalardan biri hesab edilir, hər il orada minlərlə fəhlə dünyasını dəyişir.
Ötən ilin bu vaxtı Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətindəki şaxtanın partlaması nəticəsində 24 fəhlə ölüb, 52 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalarda yerləşdirilib. İnsan ölümünə səbəb olan bu şaxtanın Çinin "Fuxin Coal Corporation" şirkətinə məxsus olduğu deyilir.

Lyaonin əyalətindəki şaxtada yananların xilas olunması