Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib

42-ciparalel.az
Göygöldə baş verən qəzada ölən sürücünün meyitini maşından FHN əməkdaşları çıxarıb.
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Göygöl Rayon Polis İdarəsindən verilən məlumata görə, Məhyəddin Şahsuvar oğlu Məmmədovun idarə etdiyi, 25- BC- 805 dövlət nömrə nişanlı "Kamaz" markalı yük avtomobili ilə Göygöl rayon sakini, 1979-cu il təvəllüdlü Qismət Məhəmməd oğlu Quliyevin idarə etdiyi, 90- XT- 407 dövlət nömrə nişanlı VAZ markalı minik avtomobili toqquşub. Qəza o qədər şiddətli olub ki, minik maşınının sürücüsü 46 yaşlı Qismət Quliyev hadisə yerində dünyasını dəyişib. Onun cəsədini deformasiyaya uğramış avtomobildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin xilasediciləri çıxarıblar.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.


Qəzaya uğrayan "VAZ 21 07"
Oktyabr ayının 8-də də Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Göygöl rayon sakini 1963-cü il təvəllüdlü Qəmşəddin Məhəmməd oğlu Məmmədov idarə etdiyi "VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı məhəccərə çırpıb.
Qəza nəticəsində sürücü Qəmşəddin Məmmədov və onun sərnişini 1966-cı il təvəllüdlü Yaqut Məmmədova yerindəcə dünyasını dəyişib.
Maşında olan digər sərnişinlər- 1966-cı il təvəllüdlü Kəmalə Əsgərova, 1964-cü il təvəllüdlü Razəddin Məmmədov və 1970-ci il təvəllüdlü Arzu Verdiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına çatdırılmışdılar.