Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunub – YENİLƏNİB + FOTO

Energetika naziri Natiq Əliyev dəfn olunub.
42-CiParalel.Az-ın məlumatına görə, DTX-nın Mədəniyyət Mərkəzində keçirilən vida mərasiminin ardından N. Əliyevin cənazəsi II Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.
13:39
Energetika naziri Natiq Əliyevlə vida mərasimi başa çatıb.
42-CiParalel.Az-ın məlumatına görə, mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq. O, N. Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, "Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.
ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə N. Əliyevlə bağlı xatirələrini bölüşüb. O, N. Əliyevin həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını bildirib.
N.Əliyevin oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: "O, gözəl ata, ailə basçısı idi”.
F.Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara da minnətdarlığını bildirib.
Bununla da vida mərasimi başa çatıb.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. N.Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale” xəstəxanasında vəfat edib.
11:56
Mərhum nazir Natiq Əliyevlə vida mərasimi başlayıb.
42-CiParalel.Az-ın məlumata görə, nazirin cənazəsi Heydər Məscidində yuyulduqdan sonra Bakı Mədəniyyət Mərkəzinə gətirilib.
11:00
Müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.
42-CiParalel.Az-ın məlumatına görə, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.
Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.
Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. O, iyunun 8-də İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
9:45
İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi Bakıya gətirilib.
9:00
İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.
42-CiParalel.Az-ın məlumata görə, onunla vida mərasimi bu gün keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Ötən həftəsonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale” xəstəxanasında vəfat edib.