Azərbaycanda yola çıxan sürücülərə xəbərdarlıq edildi

"Əgər maşın nasazdırsa, sürücü təcrübəsizdirsə, nəqliyyat vasitələrindən mümkün qədər istifadə edilməsin".
"Hazırda respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur. Qar yağan ərazilərdə tədbirlər görülür, buz bağlamış sahələrə duz, qum səpilərək hərəkət təmin olunur".42-ciparalel.az-ın məlumatına görə, bunu"Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildiriblər. Qurumun balansında olan yollarda da heç bir problem olmadığı, hərəkətin normal olduğu açıqlanıb. Texnikalar, maşın-mexanizmlər hazır vəziyyətdədir, kifayət qədər duz-qum ehtiyatı var."Sürücülərimiz də müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar hazır olmalıdır. Əgər avtomobil texniki cəhətdən nasazdırsa və sürücü təcrübəsizdirsə, xahiş olunur ki, nəqliyyat vasitələrindən mümkün qədər istifadə edilməsin. Qarlı-şaxtalı havada yola çıxarkən mütləq şəkildə avtomobillərin şinləri ən azından qış üçün nəzərdə tutulmuş olmalıdır. Əks təqdirdə, həmin nəqliyyat vasitələrinin hərəkətində problem yaranacağı qaçılmazdır". Vətəndaşlardan yollarda hərəkətlə bağlı yaranan hər hansı bir problemlə əlaqədar olaraq "Azəryolservis” ASC-nin "qaynar xətt”i olan (012) 599-79-75 nömrəli telefona zəng etmələri xahiş olunur.
Buzlu yolda qalan maşınlar
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çovğun xəbərdarlığı edib. Qurumdan 42-ciparalel.az-a verilən məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) artıq bununla bağlı lazımi işlər həyata keçirildiyini açıqlayıb. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verilən hava proqnozu ilə əlaqədar sürücülərə xəbərdarlıq edib: "Təkərlərin tərkibində rezin məmulatı çox olmalıdır. Əyləc sistemindən istifadə etmək avtomobilin sürüşməsi deməkdir. Şüşəsilənlər işlək vəziyyətdə olmalıdır. Mühərriklərdə su olan avtobillərdə donma baş verir ki, bu da texniki nasazlıq yaradır, odur ki, mühərrikə "antifriz" tökülməsi məsləhətdir. Avtomobilin hərəkətə gətirilməsi və dayandırılmasında sürət qutusundan istifadə olunmalıdır". BŞDYPİ-nin əməkdaşları enişli-yoxuşlu, çətin keçilən yollara, tunellərə nəzarət edəcək, radiocihazlar vasitəsilə "Qış qarajı" qərargahına məlumat veriləcək və Bakı Şəhər İcra Hakimiyyətinin qabaqcadan hazırlamış tədbirləri (yollara qum, duz səpilməsi və digər texniki avadanlıqlar) sayəsində həmin yolların qardan təmizlənməsi prosesi həyata keçiriləcək.

42-ciparalel.az