• Hadisə
  • 22-01-2016, 11:50
  • 169Oxunub

Misirdə partlayış 10 nəfərin həyatına son qoydu

{title

Terrorçuların hazırladığı əl bombasının zərərsizləşdirilməsi zamanı 7 polis, 3 mülki şəxs həlak olub.
 
Misirin paytaxtı Qahirədə qanlı insident baş verib.
42-ciparalel.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Gizə rayonunda Böyük piramidaya yaxın Əl-Haram küçəsində qeydə alınıb. 
Məlumata görə, çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 10 nəfər dünyasını dəyişib. Ölənlərdən 7-nin polis əməkdaşı, 3-nün isə mülki vətəndaş olduğu bildirilir. Rayonun cinayət idarəsinin rəisi də daxil olmaqla daha 13 misirli yaralanıb. 
Hadisədən əvvəl polisə həmin binada partlayıcılar hazırlayan terrorçuların yerləşdiyi barədə məlumat daxil olub. Mənzilə daxil olan polis əməkdaşları orda bir neçə partlayıcı qurğu aşkar ediblər. Bombalardan birinin zərərsizləşdirilməsi zamanı böyük partlayış baş verib. 

Hadisə yerinə xeyli sayda xüsusi xidmət əməkdaşı və yaralıları çıxarmaq üçün təcili yardım briqadası cəlb olunub. Partlayış nəticəsində binanın fasadının bir hissəsi dağılıb. 
Polisin məlumatına görə, mənzildə olan terrorçular "Müsəlman qardaşları” təşkilatının üzvləri olub. Onlar kütləvi ictimai məkanlarda və bir sıra vacib obyektlərdə silsilə terror hadisəsi törətməyə hazırlaşırmış. 
Ötən ilin noyabrında da Misirin Sinay yarımadasında törədilən terror aktı nəticəsində 9 nəfər həlak olmuşdu. Hadisə Şimali Sinay əyalətinin inzibatı mərkəzi Əl-Əriş şəhərində qeydə alınmışdı. 
Bir qrup naməlum silahlı əvvəl yaşayış evini atəşə tutmuş, sonra isə evin qarşısında partlayıcı qurğu yerləşdirilmiş avtomobili partlatmışdılar. Ölənlərin ikisi azyaşlı olmaqla əksəriyyəti bir ailənin üzvləri olmuşdu. Həmin hücumun arxasında İŞİD-ləəlaqəli "Ənsər Beyt əl-Məkdis" qruplaşmasının durduğu bildirilmişdi.
 
42-ciparalel.az