"BP-Azərbaycan"a yeni vitse-prezident təyin olundu

42-ciparalel.az
Hasilat üzrə vitse-prezident yenisi ilə əvəzləndi.
"BP-Azerbaijan" şirkətində yeni vəzifə təyinatı olub.
Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verdi.
"Azəri" yatağında əməliyyatlar üzrə menecer olan Elxan Məmmədov 2016-cı il yanvarın 1-dən BP-nin hasilat üzrə vitse-prezidenti təyin edilib. Bu yeni vəzifədə Elxan Məmmədov şirkətin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse prezidentidir. Yeni vəzifəni icra edəcək vitse-prezident BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə hasilat işlərinin idarə olunmasına cavabdeh olacaq.

Elxan Məmmədov - "BP-Azərbaycan"ın hasilat üzrə yeni vitse-prezidenti
Elxan Məmmədov BP-yə 2001-ci ildə Çıraq platformasında nəzarət-ölçü cihazları üzrə texnik kimi qoşulub. Sonralar BP-nin Şimal dənizində və Xəzərdəki müxtəlif platformalarında çalışaraq 2009-cu ildə BP-nin Azərbaycan üzrə quru əməliyyatları meneceri təyin olunub.
2013-cü ilin iyun ayından etibarən isə BP-nin Azəri sahəsi üzrə əməliyyatlar meneceridir. Ölkənin neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2014-cü ildə o, prezident tərəfindən "Tərəqqi medalına” layiq görülüb.
Elxan Məmmədovdan əvvəl BP-nin hasilat üzrə vitse-prezidenti vəzifəsini Pat Droon icra edib. Azərbaycanda vəzifəsi başa çatan Pat Droon Azərbaycanı tərk edib.
Bu son aylarda BP-ə təyin olunan ilk vitse-prezident deyil. Bundan bir müddət öncə isə "BP-Azərbaycan" şirkətinə digər bir vitse-prezident təyin olunmuşdu. Bu ilin avqustundan Bəxtiyar Aslanbəyli də BP-nin vitse-prezidenti vəzifəsinə təyin olunub. O, də bu vəzifədə xarici vətəndaşı əvəz etmişdi.

Bəxtiyar Aslanbəyli - "BP-Azərbaycan"ın vitse-prezidenti
BP-də vəzifə təyinatlarında xaricilərin Azərbaycan vətəndaşları ilə əvəz edilməsi şirkətin kadrların milliləşdirilməsi planına uyğun həyata keçirilir.