Günəşli yatağı: axtarışlar davam edir, yanğın söndürülməyib

Günəşli yatağındakı 10-cu dəniz özülündə baş verən qəzada itkin düşənlərin axtarışı davam etdirilir, Azneft İstehsalat Birliyində yaradılmış operativ qərargah məlumat verir.
"Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin vertolyotları və iki kiçik təyyarə axtarışları davam etdirir", qərərgah bildirir.
Qərərgah qeyd edir ki, yanğının söndürülməsi istiqamətində hələ də işlər gedir.
Daha öncə Azərbaycan Dövlət Neft Şirkətinin verdiyi məlumata görə, yanğın bir quyuda tam söndürülüb.
"Quyunun söndürülməsi ona görə əhəmiyyətlidir ki, bu, neft dağılmaları təhlükəsinin qarşısını tamamilə alıb", Azərbaycan Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev bildirib.
Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib.
Hadisə zamanı özüldə 63 nəfərin olduğu bildirilir. Bu günədək 33 nəfər xilas edilib, 7 nəfərin cəsədi tapılıb, 23 nəfər itkin hesab olunur.
Həmçinin, "Neft Daşları"-da da itkin düşən 3 nəfərin də axtarışları davam etdirilir.
Nizaməddin Quliyev yanğının ARDNŞ-a vurduğu zərərlə bağlı suala, "bu barədə yanğın söndürülməmiş danışmaq olmaz", deyə cavab verib.
Amma o əlavə edib ki, müvafiq strukturlar ziyanla bağlı hesablamalar aparır.
Dekabrın 6-da prezident İlham Əliyev qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi barədə sərəncam verib.