Günəşli yatağı: Yanğın hələ də söndürülməyib

42-ciparalel.az
Günəşli yatağındakı 10-cu dəniz özülündə baş verən yanğın hələ də söndürülməyib, Azneft İstehsalat Birliyində yaradılmış operativ qərargah bildirir. Qəza nəticəsində itkin düşənlərin axtarışı səhər saatlarından davam etdirilir. "Gecə saatlarında gəmi və helikopterlərlə axtarış dayandırılıb. Bu gün saat 09:00-dan axtarışlar davam etdirilir", operativ qərargah qeyd edib. Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib ki, FHN və Sərhəd Qoşunlarının helikopterləri, həmçinin FHN və SOCAR-ın xilasediciləri 10-cu dərin dəniz özülündə və Neft Daşlarının 501 saylı platformasında itkin düşmüş şəxslərin axtarışı ilə hər gün məşğul olurlar. Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə cümə günü yanğın baş verib. Həmin vaxt özüldə 63 nəfərin olduğu bildirilir, bu günədək 33 nəfər xilas edilib, 7 nəfərin cəsədi tapılıb, 23 nəfər axtarılır. Bundan başqa, "Neft Daşları"nın itkin düşən 3 əməkdaşı da axtarılır.
Maddi yardım
Cümə axşamı Azərbaycan Respublikasının baş naziri Artur Rasızadə "Günəşli” yatağında baş vermiş qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailəsinə maddi yardım nəzərdə tutan sərəncam imzalayıb. Sərəncama görə, qəza nəticəsində həlak olan və itkin düşənlərin hər birinin ailəsinə 15 min manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək. Vəsait Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan ayrılacaq. Həmçinin, sərəncamda xəsarət alanların müalicəsi, reabilitasiyası və digər məsələlərlə bağlı zəruri tədbirlər görmək tapşırığı verilib, Azərtac agentliyi yazır. Sərəncam imzalandığı gündən qüvvəyə minib. Daha öncə isə "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə, o cümlədən "Neft Daşları"nda baş vermiş hadisədə dünyasını dəyişən və ya xəsarət alan neftçilərə ödəniləcək kompensasiyaların da həcmi açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümovun bildirdiyinə görə, kompensasiya 80-140 min manat arasında ola bilər. Bazar günü prezident İlham Əliyev qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi barədə sərəncam verib.