5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxıldı

{title

42-ciparalel.az
 

Hüquq müdafiəçisi Leyla Yunus bu gün keçirilən məhkəmədə məhdud şərtlərlə azad olunub.

Məhkəmə zalından evə buraxılan Leyla Yunus jurnalistlərə müsahibəsində həbsdən azad edilməyini "fantastika" adlandırıb, müxbirlər deyir.

Vəkil Elçin Süleymanov BBC Azərbaycancaya bildirib ki, Bakı Apellyasiya məhkəməsi Leyla Yunusu 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxıb.

"Leyla və Arif Yunus hər ay yaşadıqları ərazinin icra orqanına gedərək qeydiyyatdan keçəcəklər, yaşayış yerlərini dəyişə bilməzlər", vəkil qərarı izah edib.

Lakin müdafiə tərəfi məhkəmənin qərarından razı qalmayıb, çünki, məhkəmədən Yunuslara tam bəraət verilməsi istənilmişdi.

Buna görə də qarşıdakı günlər ərzində qərardan Ali Məhkəməyə şikayət veriləcək.

Çərşənbə günü Bakı Apellyasiya məhkəməsi Leyla və Arif Yunuslar barəsində verilmiş maddələrdən birini hökmdən çıxarıb. Nəticədə onlar barəsində təyin olunmuş cəza 5 il sınaq müddətinə şərti hesab olunub.

Bundan əlavə, Yunusların müsadirə edilmiş evlərindən biri - qızları Dinara Yunusun adına olan evin müsadirə edilməsi ilə bağlı qərar hökmdən çıxarılıb.

Vəkil deyir ki, Leyla Yunusun sağlamlıq vəziyyəti hələ də ağırdır, o, həzm prosesi, qida qəbulu və maddələr mübadiləsində problemləri var.

Leyla Yunusla görüşən jurnalist Natiq Cavadlı təsvir edir ki, çox zəif görünən Leyla Yunus gəzməkdə çətinlik çəkir.

"Ariflə biz onun əlindən tutmasaydıq, bəlkə də gəzə bilməz, güclə yeriyir."

Reaksiyalar

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları ofisinin direktoru Michael Georg Link Leyla Yunusun azad edilməsini alqışlayıb.

"Bu gün Leyla Yunusun azad edilməsi, müsbət və alqışlanan insani jestdir", o deyib və əlavə edib ki, ATƏT insan haqları məsələsində Azərbaycan hökumətilə "konstruktiv şəkildə əməkdaşlıq etməyə hazır olmaqda davam edir".

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölümünün direktoru Rachel Denber Leyla Yunusun həbsdən azad olunması ilə bağlı bəyanat verib və Azərbaycan hökumətini "haqsızlıqla dəmir barmaqlıqlar arxasında olan" digər məhbusları, o cümlədən İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılova, İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu və Rauf Mirqədirovu azadlığa buraxmağa çağırıb.

Bu ilin avqustunda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Arif Yunus noyabrın 12-də məhkəmə zalından azad olunub. Hakimiyyət səbəb kimi onun səhhətinin ağır olmasını göstərib.