2-cı terapevtik şöbə hər an dağılmağa hazırdır

Son dövrlər Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf, ölkənin bütün sosial sahələrində, o cümlədən vacib sahələrdən olan səhiyyənin inkişafına uğurlu təkan verir. Beynəlxalq arenalarda dünya standartlarına uyğun inkişaf yolu tutmuş müstəqil Azərbaycan səhiyyəsinin nüfuzu get-gedə artaraq bu sahənin uğurlu gələcəyindən xəbər verir. Ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan hər zaman bəhrələnən ölkə səhiyyəsi, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsini təmin edən müvafiq dövlət proqramları ilə əhatə olunaraq, bu sahənin artan xətlə müşayiət olunan dinamik inkişafını göstərir. Habelə bölgələrdə tibb müəssisələrinin əsaslı təmir və bərpası, onların müasir avadanlıqlarla təmin olunması və o cümlədən bir çox xəstəliklərin profilaktikası üçün nəzərdə tutulan dərman preparatları ilə təmin olunması, bu sahənin dövlətin mühüm prioritet sahələrindən olmasını sübuta yetirir. Lakin həmişə olduğu kimi, bir çox bölgələr, o cümlədən Şirvan səhiyyəsi, sadalanan diqqət və qayğıdan məhrum olan regionlardandır. Daha dəqiq ifadə etsək, şəhər səhiyyəsinin nəfsgirlik girdabında boğulması, savadsız kadrlar və eləcə də aparılan qeyri-normal islahatlar, onun maddi-texniki bazasının inkişaf tempini yetərincə ləngidir. Nəticə və effekt isə, bütün sakinlərin göz qabağındadır. Adi sistematik şəkildə izah etsək o zaman görərik ki, qanun günəşdirsə, Şirvan bu günəşin zərrəsindən məhrum olan qüzey hesab olunur. Bu barədə kifayət qədər materiallarımız dərc olunub. Elə bu gün bir qrup şirvanlının redaksiyamıza üz tutaraq söylədikləri, bizim haqlı mövqeyimizi bir daha sübuta yetirdi. Sakinlər, həmişə olduğu kimi, bu dəfə də səhiyyədə baş verən növbəti ilginc fakt haqqında iradlarını bildirərək Şirvan şəhər Mərkəzi Xəstəxanasının 2-ci terapevtik şöbəsinin yararsız olmasından əziyyət çəkdiklərini söylədilər. Bu şöbənin hazırkı durumunun qorxunc olduğunu və eyni zamanda istismara tamamilə yararsız olması barədə irəli sürülən vətəndaş iddiaları, sözügedən şöbənin əhaliyə keyfiyyətsiz xidmət göstərməsini, antisanitariya mühitinin baş alıb getməsini, habelə nizam-intizam qaydalarına riayət edilməməsini dolğun şəkildə bizlərə anlatdırırdı. Məhz dərhal sonra tərəfimizdən bu sahədə aparılan araşdırma zamanı həqiqətən də sakinlərin haqlı iradları öz əksini tapdı; həqiqətən Şirvan xəstəxanasının 2-ci terapevtik şöbəsinin (dəri-zöhrəvi dispanserinin) ciddi və ardıcıl islahatlara ehtiyacı olması ortaya çıxdı. Şirvan Mərkəzi xəstəxanasının 2-ci terapevtik şöbəsi ilə əlaqədar redaksiyamıza daxil olan məlumatdan az sonra sakinlərin haqlı iradınlarına aydınlıq gətirmək üçün üz tutdum adıçəkilən 2-ci terapevtik şöbəyə,daha doğrusu Şirvan şəhər dəri-zöhrəvi dispanserinə. İlk öncə onu vurğulayım ki, Şirvanın köhnə şəhər adlanan ərazisində bir vaxtlar şəhər sakinlərinin dəri-zöhrəvi dispanseri kimi tanıdıqları 2-ci terapevtik şöbə, şəhərin kənarında, necə deyərlər "gözdən uzaq, könüldən iraq" bir yerdə yerləşir. 80 mindən çox əhaliyə xidmət göstərən terapevtik şöbə, sakinlərin dəri-zöhrəvi xəstəliklərinin diaqnozu, allergik qaşınmalar və onların yaranma səbəblərini araşdıran bir şöbə olmaqla yanaşı, şəhərin qocaman nəslin nümayəndələri arasında bir vaxtlar xüsusi populyarlıq qazanmış şəhər tibb müəssisələrindən biri olmuşdur. Şöbənin ikinci mərtəbəsində isə, şəhər sakinlərinin pöhrələri olan körpə balalarımıza müvafiq peyvəndlərin vurulması "təmin edilir". Şöbəyə daxil olarkən İlk öncə diqqətimizi çəkən yeknəsək və uçulub-dağılmış giriş interyeri oldu: içərini bürüyən kəskin rütubət iyi, burada antisanitariya mühitinin olmasından ciddi şəkildə xəbər verirdi. Şöbənin daxili görünüşü, xarici görünüşündən heç də kəskin fərqlənmirdi: çürüyüb dağılmış köhnə parket döşəmələr, suvağı və hətta ilkin inşaat əlamətlərinin belə məhv olmasını bildirən partlamış divar özülləri, köhnə sovet dövründən qalma kitab rəfləri, uşaqların normal peyvənd olunmalarını təmin edən heç bir şəraitin olmaması, pasiyentlərin anketləri ilə dolu olan kabinetin isə başlı-başına qalması buranın Baş həkimi Adil Xəlilov cənablarının "gərgin" əməyindən xəbər verirdi. Binaya baxış keçirdiyimiz zaman ilk öncə bizlərin xəyalında Böyük Vətən müharibəsi zamanı Almaniyanın Vermaxt qoşunlarının bombardman etdiyi dağılmış binalar canlanırdı. Doğrudanmı bu "ecazkar yer" şəhər sakinlərinin şəfa tapmaq üçün üz tutduqları yerdir?! Axı Şirvan şəhərini paytaxt Bakıdan cəmi-cümlətanı 120 km ayırır. Oxucularımı inandırım ki, hətta on il bundan qabaq ölkənin ən ucqar nöqtələrində belə bu görkəmdə inzibati bina olmayıb. Bu mənzərəni görən hər bir şəxs heyrətlənməyə bilməz, çünki 21 əsr Azərbaycan səhiyyəsinin yerlərdə bu cür primitiv formada inkişafdan qalması, bu sahənin nəinki prioritet, hətta atrofiyaya uğrayan bir sahə olmasını əsaslı şəkildə xəbər verirdi. Hə, az qala unutmuşdum: şöbəni tərk edərkən nəzərimizi tozun-torpağın içərisində itib-batmış ictimai-siyasi xadim Nəriman Nərimanovun portreti çəkdi. Azərbaycan tarixində siyasətçi, maarifpərvər və dramaturq-yazıçı kimi tanınan ziyalının şəkli, sanki ətrafda baş verənlərdən xəcalət çəkmiş kimi mənalı-mənalı gülümsəyirdi. Şöbənin baş həkimi Adil Xəlilov bizi görcək əl-ayağa düşdü: bizimlə xoş gəldin etdikdən sonra şöbənin mövcud durumu ilə əlaqədar Səhiyyə nazirliyi tərəfindən hər hansı bir ölçü götürülməsi barədə sualımıza özünü itirərək əsib-coşan baş həkim, belə bir cavab verdi: "Səhiyyə nazırliyi neyləsin, gəlmişdilər də, lazım olsaydı, kömək edərdilər də. Bizləri şaşqınlıq içərisində saxladığı qədər düşündürməyə vadar etdiyi bu cavab, özlüyündə böyük məsələləri gizlədirdi. Doğrudanmı Adil Xəlilov şöbənin uçulub dağılmasının bir problem olaraq qəbul etmir yoxsa onu belə "düşünmyə" vadar edən digər məqamlar var?! "Bu da baş həkimin səmimi etirafları" deyərək hətta bir qədər sarkazmla gülüşdükdə. Hər birimizi təzadlı düşüncələrə qərq edərək gedən baş həkim Adil Xəlilov şöbənin həyətində saxladığı nəhəng qara cipinə "atılaraq" bizləri tələm-tələsik tərk etdi. Vətəndaşların sağlamlığı cəmiyyətin ən vacib məsələlərindən biridir. Sağlam insan-sağlam vətəndaş deməkdir, bu isə özlüyündə sağlam cəmiyyətin əsasını təşkil edir. Məntiqi ardıcıllıqla davam etdikdə, sağlam cəmiyyət, dövlətin güclü olmasını şərtləndirən amillərdən biridir. Bu baxımdan, hər bir dövlətin səhiyyə sisteminin həmin dövlət üçün əhəmiyyəti olduqca böyükdür. Bəs belə olduğu halda, niyə görə ölkə səhiyyəsi bölgələrdə öz aktuallığını itirir? Görəsən üzümüzə gələn il bu sahəyə büdcədən ayrılacaq 744,9 milyon manat bölgələrdə hansı "təyinatlar" üzrə xərclənəcək? Nəyə əsasən Şirvan səhiyyəsinə qarşı bu cür etinasızlıqlar nümayiş etdirilir, niyə görə Azərbaycan səhiyyəsi, paytaxt Bakıdan uzaqlaşdıqca öz aktuallığını itirir?! Bəlkə bu hal elə şirvanlıların qisməti imiş?! Təəssüf ki, bu suallara müsbət cavab ala bilməyəcəyik. Bu sahənin qürursacan "inkişafın"ın özü elə bizlərə elə bir cavab rolunu oynayacaq. Öz qanunları ilə yaşanan Şirvanda belə reallığı əks etdirən başqa mənzərələr müşayiət olunur: od qiymətinə "pulsuz" dərmanlar, Cahid Əliyev kimi "professional həkimlərin" sövdələşmələri, doğum evində baş verən çoxsaylı ana və uşaq ölümləri, primitiv peşə məktəbini bitirmişlərin diş texniklərinin hətta diş həkimi kimi işləmələri, yararsız təcili yardım sistemi və sakinlərin müalicə üçün şəhər banklarından xahiş-minnətlə aldıqları kreditlərlə yol basa-basa xarici ölkələrə üz tutması kimi reallıqlar. Qəribəsi isə budur ki, bu boyda tənqidi yanaşmalar müqabilində bu sahə düzəlmək əvəzinə ,əksinə get-gedə dala gedir, mövcud vəziyyəti dəyişmək üçün "yuxarılardan" heç bir səy göstərilmir, ya da artıq "görülən tədbirlər", bu sahənin ilginc faktlarını ört-basdır edə bilir. Mən də missiyamın sonunda üzümü şirvanlılara tutub deyirəm:"Əziz şirvanlılar, bax nəbadə xəstələnəsiz ha! Özünüzə əməlli-başlı fikir verin. Yoxsa naşı doktorların əlindən qurtara bilməzsiniz".