Ermənilərin atdığı mərmi yeniyetməni xəstəxanalıq etdi

42-ciparalel.az
Tural Sadıqovun barmaqları amputasiya olunub.
Qazaxda yaşayış evinin həyətində mərmi partlayıb. Hadisə nəticəsində 16 yaşlı yeniyetmənin barmaqları qopub.
Qazax Müalicə Diaqnostika Mərkəzindən verilən məlumata görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Tural Cavanşir oğlu Sadıqov sol əlin dağılmış və bir neçə barmağının qopması, həmçinin odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.
Xəstəxananın baş həkimi Kamandar İbrahimov bildirdi ki, hazırda uşağın vəziyyəti orta ağırdır və bir neçə barmağı amputasiya edilib.
Valideynlər hadisəyə səbəb olaraq ermənilərin evin həyətinə mərmi adığını, uşağın isə həmin mərmini götüdüyü zaman partladığını və nəticədə yeniyetmənin yaralandığını bildirdilər.
Faktla bağlı araşdırmalar aparılır.
Son günlər cəbhə xəttində gərginlik artıb. Müdafiə Nazirliyinin məlumatına görə, bu gün də erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub.