Nardaranın küçələrinə elektrik enerjisi verilib

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun sözlərinə görə, qəsəbənin mərkəzi küçələrinə elektrik enerjisinin verilişi bərpa edilib.
Cənab Kərimov eyni zamanda bildirib ki, evlərə hələ də elektrik enerjisi verilmir.
Nardaranda Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Baş Prokurorluq tərəfindən aparılan xüsusi əməliyyat davam edir, o BBC Azərbaycancaya deyib.
Azərbaycanın Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq noyabr ayında qəsəbədə 6 nəfərin ölümü ilə nəticələnmiş polislə yerli sakinlər arasında baş verən toqquşmanın ardından ötən çərşənbə axşamı Nardaranda xüsusi əməliyyata başlayıblar.
Qəsəbədə noyabrın axırıncı həftəsindən bəri elektrik enerjisi yoxdur. Azərişıq ASC bunun səbəbini abunəçilərin borcunun olması ilə əlaqələndirib.
Məlumata görə, Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu var.
"Sakinlərin çoxu işıq üçün kart sisteminə keçid üçün dəvət edilib. Biz də gedib müqavilə imzalayacağıq", Natiq Kərimov deyib.
Noyabrın 26-da Nardaran qəsəbəsində polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub.
Nardaranda polislə yerli sakinlər arasında toqquşmanın ardından qəsəbənin mərkəzində bir neçə gün etiraz aksiyası keçirilib.