Günəşli yatağı: Yanğın söndürülməyib, itkin düşənlər axtarılır

{title

42-ciparalel.az
 

"Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın söndürülməyib. Bu barədə Azneft İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, yanğının söndürülməsinə əlavə olaraq bir neçə mütəxəssis cəlb olunub.

"Mütəxəssislər artıq, 10 nömrəli özüldə meydançaya qalxıblar. Yerdə vəziyyəti görüb qərar verməlidirlər ki, növbəti yanğın söndürənin davam etməsi hansı istiqamətdə getməlidir", Balamirzə Ağarəhimov deyib.

O bildirib ki, 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən "Neft Daşları"nın itkin düşən 3 əməkdaşının axtarışları hələ də davam edir.

Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə cümə günü yanğın baş verib.

Həmin vaxt özüldə 63 nəfərin olduğu bildirilir, bu günədək 33 nəfər xilas edilib, 7 nəfərin cəsədi tapılıb, 23 nəfər axtarılır.

Təhlükəsizlik

"Bizə verilən məlumata görə, platformada təhlükəsizlik qaydaları yaxşı təmin edilib", ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov deyib və bildirib ki, qəza baş vermiş platformada təhlükəsizlik qaydalarının yerinə yetirilməsinə olan şübhələri yaradılmış Komissiya araşdıracaq.

İqtisadçı İlham Şaban da bu məsələlərlə bağlı Kommissiyanın ortaya qoyacağı faktların önəmli olduğunu vurğulayır.

O bildirir ki, qurğuların istismara yararlılığı, özülün sonuncu dəfə nə vaxt təmir edilməsi də cavablandırılmalı suallardandır.

Azneft İstehsalat Birliyində baş tutan mətbuat konfransında baş mühəndis Balamirzə Ağarəhimov isə bildirib ki, bu barədə məlumatlı deyil.

"Burda hazırda yanğının söndürülməsi və itkin düşənlərlə bağlı məlumat veririrəm. Sizin sualınıza konkret cavab vermək imkanım yoxdur", o BBC Azərbaycancanın təhlükəsizlik tədbirlərinin görülməməsinə dair iddialarla bağlı sualına cavab olaraq bildirib.

İqtisadçı İlham Şabanın sözlərinə görə, hadisənin təbii fəlakətə görə baş verməsi "daha real versiyadır".

"Hər bir maşın və avadanlığın özünün istismar qaydaları var. İstəyir bu boru kəməri olsun. Əgər bu qaydalara riayət olunubsa və nəticədə hadisə baş veribsə, demək bu hava şəraitindən asılı olan məsələdir", iqtisadçı deyir.

İlham Şaban iddia edir ki, hadisə vaxtı insanlar texniki təlimə əsaslanaraq, 5-10 dəqiqə ərzində jiletləri geyinib, qayığa oturub və suya enməyə cəhd ediblər. Dalğaların çox güclü olması səbəbindən onlar, suyun səthinə enməyiblər və orta mövqe seçiblər.

"Hadisədən sonra xilasetmə platformaya yaxınlaşanda orada 3 nəfər olub: biri qayığa minməyib, ikisi qayıqlan çıxıb. Onlar platformanın üzərində, təhlükəsiz hissəsində olublar. Külək şimaldan əsib tüstünü başqa istiqamətə aparıb. Yəni işçilər təlimatdan kənara çıxsaydılar və yaşayış bloklarına girib hər bir şeyi bağlsaydılar heç bir faciə ilə üzləşməyəcəkdilər", cənab Şaban bildirir.

Onun sözlərinə görə, işçilər yanğının aşağı doğru irəliləməsindən və təkrar partlayışın baş verməsindən qorxublar.

"Yazılan qayda-qanun təcrübədən fərqlənir və özünü çox vaxt doğrultmur", iqtisadçı bildirir.

Kompensasiya

Daha öncə isə "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə, o cümlədən "Neft Daşları"nda baş vermiş bədbəxt hadisədə dünyasını dəyişən və ya xəsarət alan neftçilərə ödəniləcək kompensasiyaların da həcmi açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov bildirdiyinə görə, kompensasiya 80-140 min manat arasında ola bilər.

"Üç azyaşlı uşağı, yaşı 30-35 arası olanlara, əmək haqqı 600-650 manat olan dünyasını dəyişən neftçilərin ailələrinə 80 min manat həcmində kompensasiya ödəniləcək", o deyib.

Nazirin sözlərinə görə, bu rəqəm neftçinin əmək haqqından, iş stajından, ailə üzvlərinin sayından asılı olaraq 140 min manata qədər çata bilər.

Nazir əlavə edib ki, xəsarət alan neftçilərə əlillik dərəcəsi təyin olunacaq, .

"Təxliyyə olunan neftçilər biri Mərkəzi Neftçilər Xəstəxanasından 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib. Məlum olub ki, həmin neftçinin yanıq dərəcəsi 60 faizdir. Həmin neftçiyə birinci dərəcəli əlillik təyin olunacaq", nazir deyib.