DİN jurnalistin saxlanılma "xəbərini araşdırır"

Daxili İşlər Nazirliyi Azadxeber.org saytının redaktor əvəzi İlkin Məmmədlinin saxlanılması xəbərini araşdıracağını deyib.
Məlumata görə, jurnalist çərşənbə günü axşam saatlarında Bakıxanov qəsəbəsində saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsi bu məlumatı təsdiqləyib, contact.az saytı yazır.
Onun DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı ehtimal edilir.
Azadxeber.org saytının dini mövzulara üstünlük verdiyi bildirilir.
Saytın baş redaktoru Nicat Əliyev 2012-ci ildən həbsdədir.
Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, o, "Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda "terror törətməyə cəhd etməkdə" şübhəli bilinərək həbs edilən 40 nəfərdən biridir.
Baş redaktor dini ədavətin qızışdırılmasında, qanunsuz silah saxlanmasında ittiham edilib və 10 il azadlıqdan məhrum olunsa da özünü təqsirli bilmir.
Azərbaycan hökuməti bu məsələlərlə bağlı bütün tənqidləri rədd edir və ölkədə insanların siyasi baxışlarına yox, əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunduğunu deyir.