Nardaranda toqquşmanın siyasi tərəfləri və gələcək fəsadları

{title

42-ciparalel.az
 

Dindarlar digər sosial qruplardan kəskin şəkildə fərqlənir. Onların nümayiş etdirdikləri prinsipiallıq və qətiyyət bəzən ciddi təkanlara səbəb olur.

Son illər Azərbaycanda dinə maraq göstərən insanların sayı artır. Sayı artdıqca da istəkləri çoxalır. Əksər hallarda bu istəklər reallıqla üst-üstə düşmür.

Dini münaqişələrin "cəlbetmə” effekti yüksəkdir. Çünki, bu halda münaqişəyə daha çox insan qoşulur.

Nardaranda dindarlarla hökumət qüvvələri arasında ilk qarşıdurma deyil. Hər zaman bu tərəflər üz-üzə gələndə qan tökülür. Orada yaşayan dindarların heç də hamısı hansısa təşkilatın və yaxud qruplaşmanın üzvləri deyil, amma onlara da münasibət birmənalıdır.

Nardaranın sosial problemləri

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun sözlərinə görə, Nardarandakı qarşıdurmanın qarşısını almaq üçün hökumət bütün zəruri imkanlardan yararlanmalıdır.

"Doğrudur, inzibati tədbirlər olmalıdır, kimsənin ixtiyarı yoxdur ki, polisə silahlı hücum etsin, amma bu kimi tədbirlər çıxış yolu deyil, hökumət oradakı vəziyyəti yumşaltmaq üçün digər addımlar da atmalıdır.”

Image captionİlk dəfə deyil ki, Nardaranda tərəflərin üz-üzə gəlməsi zorakılıqla müşayiət olunur.

Daxildə baş verən konflikt dini yox, həm də siyasi azadlıqların boğulması kimi təzahür edir. Dini, siyasi konflikt özünü iqtisadi və mədəni münasibətlər sistemində də göstərir. Həmin regionun ciddi iqtisadi problemləri yaranır, sosial məsələlər daxil olmaqla, işsizlik problemi, təhsil və zəruri səhiyyə xidmətlərinin göstərilməməsi də vəziyyəti getdikcə gərginləşdirir. Nəticə isə ayrıseçkiliyə gətirib çıxarır.

"Nardaranın sosial və işsizlik problemi həllini tapmalıdır. Gənclərin iş məsələsi ona görə həll olunmalıdır ki, məşuliyyətdən kənar qalmasınlar və radikallara qoşulmasınlar. Yoxsa, işıqların söndürülməsi, kəndin mühasirədə saxlanması kimi tədbirlər vəziyyətin yalnız gərginləşdirilməsinə xidmət edir”, Şahinoğlu əlavə edir.

Media

Image copyrightGetty
Image captionNardaran hadisələri vaxtı bəzi mediada səsləndirilən ifadələr dindarların qəzəbinə tuş gəlib.

Münaqişənin gərginləşməsinə bəzən medianın istifadə etdiyi üslub da təsir edir. Son hadisələr onu göstərdi ki, bəzi media quruluşlarının dindarların ünvanına səsləndirdikləri ifadələr onların qəzəbinə tuş gəlir. Hadisə yerində olan bəzi jurnalistlər deyir ki, etiraz edən sakinlərin əsas qayğılarından biri əsasən televiziya kanallarında onlar əleyhinə hazırlanan süjetlərdir.

Mediada münaqişələrin işıqlandırılması üzrə ekspert, jurnalist Şahin Rzayev 2002-ci ildə Nardaranda baş vermiş hadisələri bugünkü vəziyyətlə müqayisə edir. "O vaxt indi olduğu kimi sosial şəbəkələr yox idi. Müzakirələr bəzi rusdilli forumlarda gedirdi. Hətta Nardaran hadisələrinə simpatiya da var idi. Amma bu gün sosial şəbəkələri izlədikdə görürük ki, fikirlər haçalanır.”

Rzayev deyir ki, sosial şəbəkələr Azərbaycanda söz azadlığının sonuncu dayağıdır. "Hökumətə məxsus ənənəvi media hadisələri işıqlandırarkən "terrorçular”, "radikallar”, "ekstremistlər” kimi sözlərdən istifadə edirlər. Bu da onu göstərir ki, ciddi peşəkarlıq problemi var.”

Cəmiyyətdə bir qrup insan düşünülmüş və məqsədyönlü şəkildə təcrid olunur, çünki onlara potensial təhlükə mənbəyi kimi baxılır. Bütün bu hallar dini münaqişə altında cəmləşdikdə, o zaman zorakılığa səbəb olur. Çünki həmin təcrid olunmuş qrup psixoloji cəhətdən özünü qarşıdurmaya hazırlayır.

Dini etiqad azadlığı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyir ki, Azərbaycanda dini etiqad azadlığı təmin olunub.

"Ölkəmizdə din adı altında öz mənfur niyyətlərinə, çirkin əməllərinə haqq qazandırmaq, bəraət qazandırmaq və din pərdəsi adı altında öz məqsədlərinə çatmaq istəyənlər var.”

Cənab Qurbanlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin baş vermiş hadisədən sonra açıqladığı mövqeyə qatıldıqlarını bildirib. "Daxili İşlər Nazirliyinin Nardaranda keçirdiyi əməliyyat qanunidir və ölkə vətəndaşlarını qorumaq məqsədi daşıyır. Bu kimi qanunsuzluqların qarşısını almaq lazımdır ki, Azərbaycanda din adı altında milli müstəqilliyimizə və dövlətçiliyimizə xələl gətirə bilməsinlər, " Qurbanlı bildirib.

Jurnalist Şahin Rzayev qeyd edir ki, hökumətin bu cür sərt müdaxiləsi müsbət nəticə verməyəcək. "Dindarlar məsciddə və digər ictimai yerlərdə toplanıb fikirlərini açıq şəkildə ifadə edirdilərsə, indi daha ehtiyatlı davranacaqlar.”

Ölkə daxilində dini zəmində narazılıq varsa, bundan üçüncü qüvvələrin istifadəsi mümkündür.

Kənar qüvvələr daxili münaqişələrə siyasi və maddi dəstək verir, ideoloji bağ yaradır, ölkə daxilindəki lokal münaqişəni beynəlxalq aləmə çıxarır. Sonuncunu açıq-aşkar formada etməsələr də, səylərini əsirgəmirlər.

İranın təsiri

Analitik Elxan Şahinoğlu cari ilin avqustunda İranın din xadimi, inqilab rəhbərlərindən sayılan Şeyx Həmədaninin Azərbaycana səfərinə diqqət çəkir.

"Bu səfərin Azərbaycan üçün hansı müsbət nəticəsi oldu? Həmədani Bakıda bir neçə dəfə "işğal altındakı torpaqlar azad olunmalıdır” ifadəsini işlətdi. Ancaq bu açıqlama İranın siyasətində əks olunmur. Əvəzində Həmədani Nardarana getdi və kənddə böyük sevinclə qarşılandı. İranın dini dairələrinin Qarabağ məsələsində dəstəyini qazanmaq istəyərkən, həmin dini dairələr bunun qarşılığında Azərbaycanda öz mövqelərini gücləndirməyə çalışırlar. Bu isə bəlli təhlükələr yaradır.”

Bu arada, İran parlamentinin spikeri Əli Laricani bəyan edib ki, İranın Nardaranda baş vermiş son hadisələrlə heç bir əlaqəsi yoxdur.

Image copyrightMeydan TV
Image captionNardaranda əməliyyat zamanı "Müsəlman birliyi” Hərəkatının başçısı Taleh Bağırzadə həbs olunub.

Həmədaninin səfərini Qafqaz Müsəlmanları İdarəsi təşkil etmişdi.

Münaqişəni həll etmək üçün məsələyə dini yönümdən deyil, insan hüquqları konseptində yanaşmaq lazımdır. Təbii ki, bütün yanaşmalar və həll yolları dövlətin qanunvericiliyindən kənara çıxmalı deyil.

Çevriliş etmək və yaxud hakimiyyəti devirmək üçün mütləq dindar olmaq lazım deyil, bu kimi təhlükə dini baxışları olmayanlardan da gələ bilər.

Dindarlarla iş

DQİDK-nın sədr müavini Gündüz İsmayılov BBC Azərbaycancaya deyib ki, təmsil etdiyi qurum yalnız dini fəaliyyətlə məşğul olan bütün təşkilatlarla işləyir, onlarla görüşlər keçirir. "Bizim işimiz budur. Nardaranda baş verən son hadisənin isə dinlə əlaqəsi yoxdur.”

Milli Məclisin ictimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov APA-ya açıqlamasında deyib ki, Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yoxdur, din pərdəsi altında törədilən əməllər var: "Azərbaycanda dövlət tərəfindən dini sahəyə diqqət və qayğının şahidi olmuşuq. Azərbaycanda bir dənə də məscid təmirsiz qalmayıb, ən yüksək səviyyədə təmir olunaraq insanların istifadəsinə verilib.”

Həm Mübariz Qurbanlı, həm də Siyavuş Novruzov bu aksiyanın "xarici qüvvələrin işi” olduğunu qeyd edib.

Politoloq Azər Qasımlının sözlərinə görə, neçə ildir hakimiyyət ölkədəki sabitliklə öyünür. "Yenə də bu mifik stabilliyi pozmaq istəyən xarici qüvvələr haqqında, terroristlər, ekstremistlər haqqında danışırlar. Amma bir dəfə bu xarici qüvvələrin kim olduğu haqqında bir sübut, fakt ortaya qoymayıblar, adlar çəkməyiblər. Bu necə sabitlikdir ki, qardaş qardaşa atəş açır?!”

Hadisələrdən sonra Nardaranda işıq kəsilib. Kəndə çörək gətirən maşınların da girişi qadağan olub, avtobusların da hərəkəti dayandırılıb. Elektrik enerjisinin verilişi kəsildiyindən əhalinin telefon rabitəsi ilə təminatında problem yaranıb.

Həmçinin oxuyun: Nardaran toqquşmasında 6 nəfər ölüb

Noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aralarında "Müsəlman birliyi” Hərəkatının başçısı Taleh Bağırzadənin də olduğu 15 nəfər həbs edilib. Dördü mülki, ikisi polis olmaqla altı nəfər ölüb.