Bakıda "BakuBus"un qayda pozmayan sürücüsü döyüldü

{title

42-ciparalel.az
 
     Sürücü xəstəxanalıq oldu - "Mənim canım heç, o qədər qadın, uşaq var idi avtobusda"
Bakıda "BakuBus"un sürücüsü döyüldü. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova öz Facebook səhifəsində məlumat paylaşıb. 

"Bilirəm gecdir. Və bu saatda beyninizi yükləmək haqsızlıqdır. Bəs bu gecəni xəstəxanada keçirən, aylıq halal maaşını 5 uşağına aparan bir insan necə? Ona qarşı haqsızlıq deyil? İçərişəhər metro stansiyasına çatmamış Şeyx Şamil küçəsində dayanacaqda "BakuBus"a məxsus avtobus dayanır. Ardından bir qədər hərəkət etdikdən sonra işıqforda yaşıl işığın yanmağını bir neçə saniyəlik gözləməli olur və bu zaman bir xanım sərnişin qapıları açmağı xahiş edir. Sürücü dayanacaqdan kənar saxlamayacağını bildirir. Arxadan başqa bir sərnişin məsələyə müdaxilə edərək sürücüyə qarşı kobud ifadələr işlədərək, açmağını tələb edir. 

Sürücü bunun mümkün olmayacağını deyəndə sərnişin sürücüyə yaxınlaşır. Növbə dəyişmək üçün sürücünün yanında olan Oqtay Novruzov adlı digər sürücü sərnişinlə sükan arxasında olan sürücünün mübahisəsinin qəzaya yol aça biləcəyindən ehtiyat edərək mübahisəyə müdaxilə edir və sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışır. Bu zaman sərnişin Oqtayı döyməyə başlayır. Hadisəni avtobusda mülki geyimdə olan polis nəfəri görərək müdaxilə edir və.. Nəticə - 5 uşaq atası, evinin bütün yükü çiyinlərində olan, bizimlə çalışdığı müddətdə həmişə yüksək mədəniyyət və peşəkarlıq nümayiş elətdirən Oqtay 1 saylı şəhər kliniki xəstəxanasında sabah ediləcək əməliyyata hazırlaşır". 

Məlumata görə, şirkət nümayəndəliyi bu sürücü ilə görüşüb. Lakin o, sərnişinə qarşı heç bir artıq söz belə işlətmədiyini deyib. "Dediyi tək söz "mən müdaxilə etməsəydim sürücü qəza edəcəkdi, mənim canım heç, o qədər qadın, uşaq var idi avtobusda. Cavab qaytarmadım ki, bəlkə sakitləşər. Olmadı. Şükür Allaha qəzasız ötüşdük. Əsas odur insanlara heç nə olmadı.. " oldu". 

N.Allahyarova qeyd edib ki, təxminən bir neçə həftə əvvəl Oqtayla bağlı bir kamera görüntüsü olub. Belə ki, adıçəkilən sürücü pandusu açmaqla qalmamış, həm də özü avtobusdan düşərək yaşlı bir xanıma fiziki məhdudiyyətli övladı ilə bağlı kömək edib. 

"Bu gün döyülüb. Niyə? Çünki hansısa cavan oğlan qayda pozmağını tələb edib, bununla qalmayıb təhqir edib. Və bu zaman sürücüyə mülki geyimli Azərbaycan polisi dəstək olub. Bütün sərnişinlərimizdən xahiş edirik - şəhərin bütün infrastrukturu yenilənir. Siz xidmət istədiniz biz onun ən keyfiyyətlisini təqdim edirik. Siz qayda istədiniz-biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz biz o sürücülərlə hər həftə təlim keçirik. Siz nə istədinizsə biz etdik. Bizim istəyimiz sadəcə qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmamağınızdır".