SOCAR DESFA üçün razılaşdı

{title

42-ciparalel.az
 

     17 faizlik pay üçün iki irkətlə ittifaq yaradılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətindəki 17 faizlik səhm paketinin alınmasında iştirakla bağlı Belçikanın "Fluxys” şirkəti ilə İspaniyanın "Enagas” şirkəti birgə ittifaq yaratmaq üçün razılığa gəliblər.
Yunanıstanın Dövlət Aktivlərinin İnkişaf Fondu (HRADF) "Fluxys” və "Enagas”ın bu ittifaqı ilə bağlı rəsmi təklifi qəbul edib.
Ötən dövrlərdə İtaliyanın "Snam” şirkəti də DESFA-da 17 faizlik səhm paketinin alınması ilə əlaqədar müraciət etmişdi.
Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletis deyib: "Çox güman ki, Brüsseldə Avropa İttifaqı energetika nazirlərinin iclasında Avropa Komissiyası ilə DESFA-nın özəlləşdirilməsi üçün müzakirələr aparılacaq. SOCAR-ın DESFA-dakı 49 faizlik nəzarət paketinin satışının tamamlanması üçün DESFA-nın qalan 17 faizlik səhminin hər hansı Avropa İttifaqı şirkətinə və yaxud üçüncü qrupa satılması lazımdır”.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66 faizinin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 milyon avro təklif edən SOCAR qalib gəlmişdi. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə etmiş və araşdırmalara başlamışdı. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17 faizini digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlamışdılar.

Qeyd edək ki, "Fluxys” şirkəti Azərbaycan qazını Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəql edəcək "Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsində 19 faizlik səhmə sahibdir.