Nardaranda son vəziyyət

42-ciparalel.az
Ağsaqqalar Şurasının sədri: "Naqillər işıq dirəklərinə bağlanır, kənd təmizlənir".
"Nardaran qəsəbəsinin bir neçə gün öncə kəsilən elektrik enerjisinin bu gün bərpə ediləciyi gözlənilir. Hazırda işıq dirəklərinə naqillərin bağlanması prosesi həyata keçirilir. Ümid edirik ki, gün ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək".
Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə, hazırda kənddə təmizlik işləri aparılır. Kənd mərkəzində quraşdırılan çadırın sökülməsi prosesi həyata keçirilir. Şurada uşaqların yatdığı, xanımların bir yerə yığışıb söhbət etdiyi otaqlar vardı. Hazırda həmin otaqlar təmizlənir. "Bir sözlə kənd əhalisi bir yerə toplaşıb kəndin abadlaşdırılması işi ilə məşğuldur".
N.Kərimov həmçinin dövlət qurumlarına Nardaran Ağsaqqallar Şurası adından müraciət də ünvanladıqlarını deyib:
"Biz həmin müraciət vasitəsi ilə icra hakimiyyəti, polis idarəsi, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarına bütün bu gərginliklərin azalmasında kömək göstərdikləri üçün təşəkkürümüzü bildirdik. Hazırda bizim istədiyimiz iki məsələ var. Birincisi elektrik enerjisinin bərpa edilməsi, ikincisi isə meyitlərin geri qaytarılması".
Şura sədri hələlik Nardaran hadisələri nəticəsində ölən 5 nəfərin meyitinin nə vaxt qaytarılacağı barədə heç bir məlumat olmadığını deyib. O, hazırda kənddə kənar heç kimin olmadığını və "İmam Hüseyn" meydanı boşaldıldıqdan sonra kənddə heç bir xoşagəlməz hal baş vermədiyini bildirib.