"Dərmanlar tərkib və keyfiyyət etibarı ilə eyni olsa da, adları başqadır"

42-ciparalel.az
"Bizə də apteklərdə bəzi dərmanların tapılmaması ilə bağlı siqnallar gəlir. Bu məsələ ilə bağlı lazımı işlər aparılır. Nəticədə bəlli olub ki, söhbət tərkibi baxımından deyil, ad baxımından dərmanların tapılmamasından gedir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyb. O, qiymətlərin düşməsindən sonra bəzi dərmanların çatışmazlığı barədə yayılan məlumatları şərh edib.
Onun sözlərinə görə, eyni tərkibdə müxtəlif adlarda dərmanlar var, bu dərmanlar tərkib və keyfiyyət etibarı ilə eyni olsa da, adları başqadır.
"Tərkib və keyfiyyət etibari ilə bu dərmanlar eynidir. Amma onlar müxtəlif firmalar tərəfindən buraxıldığına görə adlarında fərqlər var. Vətəndaşlar yəqin ki, müəyyən adda olan dərmanlara alışıblar. Mən bunu başa düşürəm. Amma eyni tərkibdə olan digər dərmanlara ola bilsin ki, bir qədər ehtiyatla yanaşırlar”.
Nazir müavini deyib ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etməsi üçün müəyyən zaman lazımdır. Belə olsa, bu problem aradan qaldırılacaq. "Hesab edirəm ki, vətəndaşlar ümumilikdə dərmanların qiymətinin ciddi şəkildə enməsindən məmnundurlar”.