"Qarabağ" səfər matçından hansı nəticə ilə qayıdacaq?

UEFA Avropa Liqasında qrup mərhələsinin III turunda təmsilçimiz "Qarabağ" klubu səfərdə "Monako" ilə qarşılaşacaq. Oktyabrın 22-də "II Lui" stadionunda keçiriləcək oyun öncəsi rəqib komandadan bizim üçün sevindirici xəbər gəldi.
Belə ki, "Monako" klubu itkilərlə üzləşib. Müdafiəçi Eldersonun Nigeriya, arxa xətt oyunçusu Fabio Koentrao və yarımmüdafiəçi Bernardo Silvanın Portuqaliya, orta xətt oyunçusu Nabil Dirarın Mərakeş, Tyemue Bakayokonun Fransa millisindən müxtəlif əzələ və oynaq patologiyaları ilə qayıtdıqları bildirilir. Üstəlik, Malidən olan yarımmüdafiəçi Adama Traorenin məşq zamanı topuğu qırılıb. Hazırda baş məşqçi Jardimin ilk "11-liyi" müəyyənləşdirməkdə belə, çətinlik çəkdiyi bildirilir.
Bu xəbər "Qarabağ"ın əlini daha da gücləndirdi. Rəqibin heyətində olan itkilər, güclü rəqib qarşısında "Qarabağ"ın şansını nə qədər artırır? Ümumiyyətlə, bu oyun hansı hesabla başa çatacaq? Bu və bu kimi digər suallara cavab tapmaq üçün idman sahəsində peşəkarlaşmış həmkarlarımız arasında sorğu keçirdik.
Əliheydər Zeynalzadə (CBC sport): "Qarabağın şansı 50 faizə bərabərdir. Çünki "Qarabağ" nə qədər gözəl komanda oyunu nümayiş etdirsə də, ustalıq cəhətdən "Monako"nun futbolçularına uduzur. Əgər Reynaldonun yoxluğunu da nəzərə alsaq, məncə matç heç-heçə bitəcək".
Emin Səfərov (Sport7.az): "Qarabağ"ın səfərdən xalla qayıtmaq şansı futbolçuların istəyəcəyi qədərdir. Ağdam klubunun əzmkarlığına bələd olduğumuz üçün deyə bilərik ki, belə oyunlarda nəticələr bir futbolçunun hesabına qazanılmır. Komanda şəkilində sona qədər döyüşmək, mübarizə aparıb, əzmkarlıq nümayiş etdirmək təmsilçimizin sərfəli nəticə ilə vətənə qayıtmasında rol oynaya bilər. Amma istənilən halda "Monako", elə "Monako"dur. 2-3 futbolçunun yoxluğunun onların oyununa təsir edəcəyini düşünmürəm. Bu, ən çox "Qarabağ"ın işini çətinə salır. Belə ki, rəqibin baş məşqçisinin zədəlilərin yerinə meydana buraxacağı futbolçular özlərini isbatlamağa, var güclərini ortaya qoymağa çalışacaq. Qurban Qurbanov ağıllı məşqçidir. Yəqin ki, rəqibi dərindən analiz edib, onlara sürpriz hazırlayıb. Müdafiədə diqqətli oynayıb, şansını əks hücumlarda axtaracaq ağdamlıların səfərdən 1 xalla qayıdacağına inanıram".
Kənan Məstəliyev (Rekord.az): "Zədəlilərin çoxluğu "Monako"ya təsir etməyəcək. Moneqaskların heyəti dedikəriniz olmadan da güclü və təhlükəlidir. Məncə, oktyabrın 22-də matçın taleyini fərdlər yox, sistem - köklənmə və intizam həll edəcək. "Qarabağ" bəlli bir oyun tərzinə, fəlsəfəsinə malik komandadır. "Monako"da isə bu, yoxdur. Bəli, onlar favoritdirlər, çox yaxşı oyunçuları var. Ancaq "Tottenhem" səfərindəki oyun göstərdi ki, ağdamlılar fərdi səhvlər olmayacağı halda, bu qrupda hamını yenməyə qadirdirlər. İstəyirəm, bu oyuna nikbin proqnoz verəm. Məncə, qarşılaşma 1:1 hesablı bərabərliklə bitəcək".
Şəfi Şəfiyev (Futbolpress.az): "Mən də hamınız kimi çox istərdim ki, "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıtsın. Qrupdan çıxmaq haqda düşünmək tez olsa da, "Qarabağ"ın qazanacağı sərfəli nəticə UEFA-nın əmsallar cədvəlində xal deməkdi. Ən azı heç-heçə ilə qayıtsaq yaxşı olar. Düzdü, rəqibin heyətində sözügedən itkilərin olması "Qarabağ"ın xeyrinədir. Amma bu o demək deyil ki, "Monako" yalnız zədəli 7 futbolçudan ibarətdir və "atlılar" üçün asan olacaq. Knyazlıq klubunun heyətində kifayət qədər tanınmış və təcrübəli futbolçular var. Məsələn, hücumçular Karrilyo və El Şaravi, yarımmüdafiəçilər Bernardo Silva, Lemar, Moutinyo, Tulalan, müdafiəçilər Fabinyo, Uolles, qapıçı Subaşiç və.s. Adıçəkilən futbolçular "Qarabağ"ın istənilən oyunçusundan təcrübəli və şəxsi keyfiyyətlərinə görə üstündür. Rəqibin həm də Avrokubok təcrübəsi çoxdur. Bundan əlavə, komanda evdə keçirdiyi son 5 oyunda qələbə qazana bilməyib - 2 məğlubiyyət, 3 heç-heçə... Meydan sahibləri məhz buna görə, bütün gücünü ortaya qoyacaq. Həmçinin Qurban Qurbanov da Reynaldo, Dani Kintana və Maksim Medvedev xidmətindən yararlana bilməyəcək. Bildiyim qədəri ilə İlqar Qurbanov da zədələnib, müdafiənin sağ cinahında kimin oynayacağı sual altındadır. Bütün bunları nəzərə alaraq, reallıq hissini itirmək istəmirəm. Görüşdə maksimum heç-heçə gözləyirəm. Ağdamlılar qələbə qazansalar, bu, onlar və bizim üçün göydəndüşmə olar".
İlkin Sultanlı (Derbi.az): "Zədəlilərin olmasına baxmayaraq "Monako"nun heyəti güclüdür. İtaliyalı hücumçu El-Şəravi, portuqaliyalı yarımmüdafiəçi Moutinyo, braziliyalı Fabinyo və digər futbolçular "Qarabağ"ın oyunçularından birbaş üstündülər. Ötən ilə nəzər salsaq, "Monako" keçən il heç də güclü olmayan heyətlə ÇL-də final mərhələsinə qədər irəlilədi. Klubun liqa 1-də işləri yaxşı getməyə bilər, amma Avrokubok təcrübəsi olan bir komandadır. Fikrimcə, Ağdam təmsilçisi səfərdən 1 xalla dönməyə ümid etməlidir. Bunu əldə edə bilsə, qrupdan çıxmaq üçün əla şans yarada bilər".
Oyunla bağlı idman jurnalistlərindən aldığımız şərhlərdən belə nəticəyə gəldik ki, hər kəs ən yaxşı halda "Qarabağ"dan heç-heçə gözləyir. Təbii ki, bu futboldur və burada sürprizlər çox olur. Gözləyək...