Nizami rayonunda YAP-ın yaranmasının 23-cü ildönümü qeyd edilib

42-ciparalel.az
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü ilə əlaqədar "SƏS” Media Qrupunun və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Nizami rayonunda tədbir keçirilib. Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, "SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, partiya fəalları, rayon ictimaiyyəti iştirak ediblər.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb.Sədaqət Vəliyeva qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə birbaşa bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın lider partiyasına çevrilib. Ümumxalq partiyası kimi Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü hər il qeyd olunur. Bu il partiyamızın əlamətdar tarixi günü - 23 illiyi Nizami rayon təşkilatı tərəfindən silsilə tədbirlərlə qeyd edilməkdədir. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına BNEZ-in akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda rayon təşkilatının sıralarında 140-dan çox ərazi ilk partiya təşkilatında 11 mindən artıq üzv birləşib. Sevindirici haldır ki, üzvlərimizin 55 faizindən artığını gənclər təşkil edir. Cəmiyyətdə aktivliyi ilə seçilən qadın üzvlərimizin sayı isə 5000 nəfərdən artıqdır”.Sədaqət Vəliyeva sonda bir daha deyib ki, YAP Nizami rayon təşkilatı hər zaman olduğu kimi budəfəki seçkilərdə də yüksək aktivlik nümayiş etdirdi və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi.Çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov müasir Azərbaycanın müstəqillik tarixinin uğuru olan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğu kimi, eyni zamanda, bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün böyük fədakarlıqları ilə əlaqədardır: "YAP-ın möhtəşəmliyinin əsasında dayanan ilk növbədə Ümummilli Lider Heydər Əliyev ideyalarıdır. Partiyanın gücü və əzəməti onun sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri və qələbələridir. Partiyanın gücü, eyni zamanda, Azərbaycan xalqının YAP-a inamı, etibarı və etimad göstərməsidir. Məhz, YAP 660 mindən artıq üzvü öz sıralarında birləşdirməklə ümumxalq partiyası olduğunu nümayiş etdirir”.Çıxış edən "SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. Ulu Öndərin bu siyasi xəttini əzmlə irəli aparan isə Onun layiqli davamçısı Prezident İlham Əliyevdir.Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafına toplayaraq ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini vurğulayıb: "YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. Ötən 23 il ərzində partiya bu yolda uğurlu fəaliyyət göstərib. Bu gün YAP ölkəmizin ən güclü və qüdrətli siyasi təşkilatıdır. Azərbaycanın siyasi tarixində YAP qədər güclü, əzəmətli siyasi təşkilat olmayıb. Bunun da ciddi əsasları var. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya xalqımız tərəfindən daim dəstəklənir. YAP uğurlar və qələbələr partiyası kimi yaranıb. Əminliklə söyləyirəm ki, bu uğurlar və qələbələr davamlı olacaq”.YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında Ulu Öndər Heydər Əliyevin siyasi kursu dayanır: "Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdəndir. Bu sahədə görülən tədbirlər Azərbaycanın gələcəyinin inkişafına təkan verir. Bu gün qürur hissi ilə deyə bilərik ki, dinamik inkişaf edən Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının əhəmiyyətli rolu var. Yeni Azərbaycan Partiyası ölkəmizdə gənclərin inkişafı üçün bütün imkanları yaradıb. Əbəs yerə deyil ki, bu gün partiyanın böyük bir hissəsini gənclər təşkil edir”.Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası üzvləri, xüsusilə də, gənclər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətinə və ideyalarına sadiq qalaraq bütün səylərini Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılması, dövlət müstəqilliyinin, sabitlik və əmin-amanlığın qorunması istiqamətində birləşdiriblər.Sonda "SƏS” Televizyası tərəfindən hazırlanan partiyanın yaranma və inkişaf tarixinə həsr olunan filmə baxış keçirilib.