Millimiz bu il son sınağı

21:00
Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. 2015-ci ildə son matçına çıxacaq yığmamız Moldova ilə yoldaşlıq görüşündə qüvvəsini sınayır.
Azərbaycan - Moldova
Bakı Olimpiya Stadionu
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. 2015-ci ildə son matçına çıxacaq yığmamız Moldova ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Bu, millimizin tarixində 219-cu qarşılaşma olacaq. İlk görüşünü 1992-ci ilin sentyabrın 17-də rəqib meydanında Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 23 il ərzində 218 matçda meydana çıxıb. Yığmamız indiyədək 39 qələbə qazanıb, 59 dəfə heç-heçə ilə kifayətlənib və 120 dəfə yenilib. Bu matçlarda 154 dəfə rəqib qapısına yol tapan komandamız rəqiblərinin 373 dəfə fərqlənməsinə şahid olub.
Komandamız yoldaşlıq oyunları və təxminən eyni statusa malik beynəlxalq turnirlər çərçivəsində ümumilikdə 111-ci sınağına çıxacaq. Belə görüşlərdə 29 dəfə qalib gələn millimiz 37 dəfə bərabərliklə kifayətlənib. 44 məğlubiyyət alan yığmamız 99 qol vurub ki, Moldovanın qapısına vurulacaq ilk top yoxlama oyunlarında 100-cü olacaq. Futbolçularımız bu matçlarda 141 top buraxıb.
2015-ci ildə 8-ci qarşılaşmaya çıxacaq yığmamız xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında 1 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə üzləşib. Komandamız həmin görüşlərdə 6 qol vurub, 11-ni buraxıb. Moldova ilə görüşədək yeganə yoldaşlıq oyununda millimiz Serbiyaya 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Azərbaycan - Moldova oyunu noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.