İlin diplomatı

Müsahibimiz: Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının
Baş Konsulu Ayxan Firudin oğlu Süleymanovdur.
-Ayxan müəllim, iş yerini dəyişməklə qonşu ölkədən digərinə Baş konsul kimi təyin olunmaq sizdə necə təəssürat yaratdı? İki ölkə arasında hansı fərqli cəhədləri müşahidə etdiniz?
Söhbətimizə başlamazdan əvvəl, sizi salamlayır və xoş gəldin deyirəm. Sualınızla bağlı onu qeyd edim ki, Azərbaycanda İranla münasibətə xüsusi yer verilir. Bəli, mən əvvəlcə Azərbaycan Respublikasının Təbriz şəhərində 5 il baş konsulu olmuşam. Sonra Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən məni İran İslam Respublikasının Təbriz şəhərindən Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağıraraq Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin etmişdir. Artıq 4 ildir ki, burada fəaliyyət göstərirəm. Qonşu ölkələrdə işləməyin müsbət və məsuliyyətli tərəfləri çoxdur. Azərbaycanın hər iki ölkə ilə münasibətinin xüsusi yeri var. Artıq Türkiyədə işlədiyim üçün deyə bilərəm ki, dost, qardaş ölkə olan Türkiyə ilə əlaqələrimiz günü-gündən inkişaf edir. Fərqli cəhədlərə gəldikdə isə ölkələr arasında oxşar və fərqli cəhətlər ola bilər. Onu da qeyd edim ki, Baş konsulluğun əhatə dairəsinə Türkiyənin 17 vilayəti daxildir.
-Qarsda fəaliyyətiniz dövründə ictimai təşkilatın- "İlin diplomatı” adına layiq görüldünüz. Sizcə bu ad atdığınız hansı addımların mükafatı idi?
Bir Baş konsul kimi məsuliyyətimi dərk edərək ölkələr arasında bu istiqamətdə münasibətlərinin inkşaf etdirilməsi üçün səlahiyyətlərimiz çərçivəsində əlimdən gələni əsirgəməmişəm. Günbəgün daha da yaxşı səy göstərməyə çalışmışam. Təbii ki, belə mükafatlar bizim yaxşı işləməyimiz üçün bir stimuldur və bizim işimizə verilən mükafatdır. Sağ olsunlar.
-Qardaş ölkədə həmvətənlərimizi daha çox narahat edən hansı problemlərdir və onların həllinə nə dərəcədə nail ola bilirsiniz?
Təbii ki, bu, vacib məsələdir. Azərbaycanla Türkiyə arasındakı mövcud sıx əlaqələr, ortaq dil , din və mədəniyyət oxşarlığına görə bir çox vətəndaşlarımız burada işləyir, iki ölkə arasında ticarətlə məşğul olur və müxtəlif həcmli investisiyalar yatırırlr. Biz də çalışırıq ki, burada dövlətimizi yüksək səviyyədə təmsil edək. Ölkə vətəndaşlarımızın problemlərinin həllində iştirak edək. Onların dərdlərinə imkanımız daxilində kömək edək. Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin həmişə hüquq və mənafeyini müdafiə edir. Və biz də bu məsələlərdə vətəndaşlarımıza köməklik göstərməyə hazırıq.
-Yerli sakinlərimiz ən çox hansı problemlərlə qarşılaşırlar?
Burada yaşayan soydaşlarımızla əlaqələrin qurulması, onların hüquqi müdafiəsinə təminat verilməsi və həmin şəxslərə hamilik edilməsi məqsədilə Baş Konsulluq tərəfindən müvafiq işlər aparılır. Ümumiyyətlə onu qeyd edim ki, elə də ciddi problemlərlə rastlaşmamışıq. Ən çox qarşılaşdığımız Azərbaycanlı tələbələrin problemləri ilə bağlıdır. Burada 300-ə yaxın azərbaycanlı tələbə təhsil alır və müxtəlif çətinliklərlə üzləşirlər. Biz də Baş Konsulluğun imkanları daxilində onların problemlərini həll etməyə çalışırıq. İstər universitetlə bağlı, istər məişət problemləri ilə bağlı çalışırıq ki, tələbələrimizə köməklik göstərək. Məsələn, burada yaşayan elə həmvətənlərimiz olur ki, müvafiq sənədlərini itirdikdə qanunlar çərçivəsində onların ölkəyə qayıtması üçün lazımı sənədlərin verilməsini təmin edirik. Həmçinin, burada ailə quran xanımlarımız da yaşayırlar. Çalışırıq onların sənədlərində və yaxud övladlarının şəhadətnaməsinin alınmasında və s. ailə problemlərinin həll edilməsində də yaxından kömək edək.
-Türkiyənin Qars şəhərində həmvətənlərimizin yaşayış durumları necədir?
Azərbaycan Respublikasının vətəndaşı olan və onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının ərazisində yaşayan AzərbaycanRespublikası vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər vətəndaşlıq vəzifələri daşıyırlar. Hər bir Azərbaycan vətəndaşı hansı ölkədə olmasından asılı olmayaraq, dövlətin qayğısı və müdafiəsi altındadır. Burada yaşayan azərbaycanlıların yaşayış vəziyyətləri normaldır. Universitetdə azərbaycanlı tələbələrdən başqa müxtəlif fənləri tədris edən təxminən 30-a yaxın müəllimlərimiz də var. Çalışırıq ki, burada yaşayan həmvətənlərimiz konsulluğa öz evləri kimi rahat gəlib gedə bilsinlər.
-Tədbirləriniz hansı səviyyədədir? Baş
konsulluq olaraq dövlət tədbirlərimizi qardaş ölkədə qeyd edirsinizmi?
Bəli, qeyd edim ki, hər il ənənəvi olaraq ilin əvvəlindən bir neçə tədbirlər keçiririk. Bu sözsüz ki, 20 Yanvar və Xocalı faciələri, o cümlədən 31 Mart azərbaycanlıların soyqırımı günləri ilə bağlı olan konfranslar, görüşlər, ictimai tədbirlərdir. Yəni bu üç tədbiri hər il həyata keçiririk. Fərqli zamanlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif elmi-praktik konfranslar təşkil edirik. Tədbirlərdə Heydər Əliyev Fondundan Dağlıq Qarabağ mövzusunda müxtəlif dillərə tərcümə olunmuş və çox yüksək səviyyədə hazırlanmış kitablar, şəkillər, CD-lər, video materiallar alırıq. Həmin təbliğat materiallarını tədbirlərdə müxtəlif şəkildə istifadə edirik. Bundan əlavə olaraq Ümummilli liderimizin doğum günü, 28 may günü, Qurtuluş günü ilə bağlı və s. bir sözlə, mötəbər günlərimizin hamsında tədbirlərimiz olur. Onu da qeyd etmək yerinə düşərdi ki, keçirilən tədbirlərin formatına uyğun olaraq Azərbaycandan mədəniyyət xadimlərini dəvət edirik. Konsulluq məsələləri ilə yanaşı çalışırıq ki, dövlətimizi təmsil etmək üçün istər mədəniyyət sahəsi, istər idman, turizim istərsə də digər sahələrdə imkanlarımız daxilində verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirək.
- Fəaliyyət gösdərdiyiniz dörd il ərzində hansı uğurlara nail olmusunuz?
Dörd il az bir müddət deyil. Çalışmışıq ki, verilən tapşırıqları, üzərimizə düşən öhdəlikləri, vəzifə borcumuzu layiqincə yerinə yetirək. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin daha da inkişaf etməsinə öz töhvəmizi verək. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi xətt ölkəmizin hərtərəfli inkişafına, əhalinin sosial-rifah halının yüksəldilməsinə səbəb olmuşdur. Bu gün Azərbaycan Respublikası dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolla gedərək daha da inkişaf edir, beynəlxalq aləmdə öz nüfuzunu artırır. Artıq Azərbaycan dünyada söz sahibi olan bir dövlətə çevrilmişdir. Bu qeyd olunanlar məncə bizim də buradakı fəaliyyətlərimizə bir təkandır, uğurlarımıza bir mayakdır. Bütün bunlar da bir diplomat olaraq bizim məsuliyyətimizi daha da artırır. Belə ki, Biz Baş Konsulluğun əhatə dairəsinə daxil olan vilayətlərlə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət, idman, turizm və digər əlaqələrinin genişlənməsi istiqamətində vəzifə səlahiyyətlərimiz çərçivəsində çalışırıq. Buna misal olaraq Qars şəhəri ilə Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri arasında "qardaşlaşmış şəhərlər” münasibətlərinin qurulmasında Baş Konsulluğun kömək və dəstəyi ilə həyata keçirilmişdir və s.
1974- cü ildə Naxcıvan şəhərində doğulmuşam. Orta məktəbi orada bitirmişəm. 1991-ci ildən 1996-cı ilədək Bakı Sosial Politoligiya institutunu, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər və xarici siyasət istiqamətini bitirmişəm. 1997-ci ildən Xarici İşlər Nazirliyi sistemində işləyirəm. 2000-2005-ci illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi olmuşam. 2005-ci ildə Azərbaycan Respublikasının Təbriz şəhərinə baş konsul təyin olunmuşam. 2010 –cu ildə Azərbaycan Respublikasının Qars şəhərinə Baş konsul vəzifəsinə təyin olunmuşam. Evliyəm, 2 qız atasıyam.
Mehriban Məmmədzadə