"Azərsu”nun mətbuat xidmətinin rəhbəri: "Biz rayonların mərkəzinə xidmət göstəririk, kəndlərə yox”

{title

Rayonlarda, xüsusən də kəndlərdə su problemi hər zaman olub. Kənd camaatı su tapmadığı üçün bəzən onların əkin-biçin sahələri də məhv olur. Deputatlığa namizədlərin rayon əhalisi ilə görüşü zamanı insanların tək istəyinin su olması da bu problemin qabarıq formada olduğunu bir daha göstərir. 
"Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıkəndlərə xidmət göstərmədiklərini və bu problemin həllinin yerli bələdiyyənin və icra orqanlarının işi olduğunu dedi: "Biz rayonun özünə xidmət göstəririk, kəndlərinə yox. Kəndlərə ya bələdiyyələr baxır, ya da ki, yerli icra hakimiyyəti. Biz çox az sayda kəndlərin su təchizatını həyata keçiririk. Məsələn, Ucar rayonunun özünə və iki qonşu kəndinin su təchizatı bizə aiddir. Bu gün Azərbaycan hökuməti 43 şəhər və rayonda su və kanalizasiya layihələrini icra edir. Artıq bunların 14-də su və kanalizasiya sistemlərinin yaradılması işləri başa çatır. 7-də su şəbəkəsinin qurulması işləri başa çatıb, kanalizasiya qurulması işləri gedir. 9-na artıq yeni mənbədən su vermişik. Qalanları ilə də işlərimiz gedir”.


Qışda su borularının donması probleminə gəlincə isə A.Cəbrayıllı "Azərsu” QSC-nin öz şəbəkələrində bu problemin olmayacağını dedi: "”Azərsu"nun öz şəbəkələri var. Su xətlərinin donması kimi problemlər adətən camaatın öz xətlərində olur. Məsələn, Sulutəpə, Binəqədi və ətrafdakı yaşayış məntəqələrində şəbəkəni camaat yığışıb pul yığıb özləri çəkiblər. Yəni bu, mərkəzləşmiş, bizim balansımızda olan şəbəkə deyil. Problem yalnız bu şəbəkələrdə yarana bilər ki, biz də bununla bağlı həmişə tövsiyələrimizi veririk. Qəza olan zaman onların bizim şəbəkəmiz olmamasına baxmayaraq su itkilərinin qarşısını almaq üçün biz gedib o qəzanı aradan qaldırır, kömək edirik".