Taksi xidmətlərinin rəhbərlərinə tapşırıqlar verildi

Bakı Nəqliyyat Agentliyində paytaxtın inzibati ərazisində taksi xidməti ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.
Bu haqda 42-CiParalel.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
O qeyd edib ki, görüşdə əhaliyə, eləcə də paytaxtımıza gələn turistlərə təhlükəsiz, rahat və keyfiyyətli taksi xidmətinin göstərilməsinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib. Hazırda müxtəlif şirkətlər tərəfindən göstərilən taksi xitmətlərində mövcud olan çatışmazlıqlar diqqətə çatdırılıb.
Onların qısa vaxtda aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib. Bildirilib ki, taksi şirkətləri balanslarında olan nəqliyyat vasitələrini mütləq qaydada şəhərimizin müasir simasına uyğunlaşdırılmalıdırlar.
Taksi xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir.
Görüşdə Bakı Nəqliyyat Agentliyinin taksi minik avtomobilləri və onların sürücüləri ilə bağlı hazırladığı tələblər də müzakirə edilib. Bu xidmət sahəsində islahatların keçirilməsinin vacibliyi bir daha qeyd edilib.
Nəqliyyat vasitələri üçün fərqlənmə nişanın alınması, taksi sürücülərinin peşəkarlığı, onların sərnişinlərlə münasibətdə etik davranış qaydalarına əməl etməsi, taksi minik avtomobillərinin reys qabağı texniki sürücülərin isə tibbi müayinədən keçməsi kimi vacib məsələlərdə görüşün əsas müzakirə mövzularından olub. Görüş çərçivəsində taksi şirkət rəhbərlərini maraqlandıran suallar da cavablanıdırılıb.
Bu cür müzakirələrin əhəmiyyəti nəzərə alınaraq növbəti belə tədbirin aprelin sonlarında keçirilməsi qərara alınıb.