Məktəbləri bürüyən rüşvətxorluq 116 saylı məktəbdən də yan keçmədi

Bakı şəhər sakini Ramilə Məmmədova Xətai rayonunda yerləşən 116 saylı orta məktəbdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunduğundan şikayətçidir.
"42-ciparalel.az" bildirir ki, bu barədə R.Məmmədova "Qafqazinfo”ya müraciət edərək problem haqda məlumat verib: "Qızlarım həmin məktəbdə 1-ci və 3-cü sinifdə oxuyur. Müəllimələr direktor Aidə Seyidovanın tapşırığı ilə bizdən müxtəlif bəhanələrlə pul tələb edir. Summativ testlərin aparılması üçün ötən il 1 uşaq üçün 27 manat alınırdısa, bu il hər uşaq üçün 36 manat istəyirlər.
Bundan başqa sinif üzrə 20 manat qəzet pulu, hər ay 10 manat süpürgəçi pulu toplanılır. Həmçinin, məktəbin psixoloqu Gülnarə xanım da bizdən 500 ədəd "A4” kağız tələb edir. Deyir ki, həmin vərəqlərə uşaqlarımızın psixoloji durumunu yazır və hətta o vərəqlər buna kifayət etmir”.
R.Məmmədova qeyd edib ki, bu məbləğlər onlardan valideyn iclaslarında tələb olunur: "O iclaslar ancaq pul yığmaq üçündür. Bu günə kimi bir dəfə də olsun, valideyn iclaslarında bizim uşaqlarımızın davranışları, təhsili haqda heç nə danışılmayıb. Aidə Seyidova ibtidai sinifi bitirib 5-ci sinifə keçən uşaqların valideynlərinin hər birindən 30-50 manat alaraq, onlara yaxşı müəllimlər təyin edir.
O, valideyn iclasında çıxış edib dedi ki, dövlət bu işlər üçün bizə pul ayırmır, ona görə də valideynlərdən yığırıq. Bunlar hamısı səs yazısında var. Mən də ona dəfələrlə demişəm ki, artıq bu pulları vermək imkanım yoxdur. Buna görə də summativ imtahan üçün pul vermədim, xahiş etdim ki, istifadə olunan kağızın dəyəri qədərini verim.
Valideyn deyib ki, bu məsələlərlə bağlı Təhsil Nazirliyinə dəfələrlə zəng etsə də, heç bir tədbir görülməyib: "Sentyabrın 29-da rəsmi olaraq ərizə ilə müraciət etdim. Mənə dedilər ki, müraciətim Bakı şəhər Təhsil İdarəsinin məsləhətçisi Nazim müəllim tərəfindən araşdırılır. Amma 1 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir reaksiya verilməyib. Həmçinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də şikayət etdim, onlar da heç bir araşdırma aparmadı, maraqlanmadılar. Əvəzində Aidə xanım məni otağına çağırıb məcbur etdi ki, ərizəmi geri götürüm”.