Azərbaycanda ciddi dəyişikliklər olacaq`- Deputat

Bu barədə millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, Konstitusiya dəyişikliyində xüsusi yer tutan məsələrdən biri də icra strukturunun və qanunverici orqanların təkmilləşməsi ilə bağlı olub:
"Yeni vitse-prezidentlik institutu yaradılır. Bu, idarəçilik sisteminin konkretləşməsində, bürokratik əngəllərin aradan qaldırılmasına, vətəndaş-məmur münasibətlərinin bürokratiyadan kənar inkişafına ciddi təkan verəcək”.
F.Ağamalı hesab edir ki, islahatlar çərçivəsində bir-birini təkrarlayan dövlət qurumlarının birləşdirilməsi, həmçinin bəzi ixtisarların aparılması gözlənilir.
Milli Məclisin üzvü qeyd edib ki, referenduma çıxarılan konstitusiya dəyişikliyi Azərbaycanda siyasi, hüquqi, iqtisadi və sosial islahatların hüquqi bazasının təkmilləşdirilməsi baxımından önəmlidir.
"Bundan sonra bir çox qanunvericilik aktlarında dəyişikliklər aparılacaq və yeniliklər olacaq. Bütün bunlar hüquqi, siyasi, iqtisadi və sosial sahələrdə islahatların aparılması üçün yeni bir hüquqi baza yaradacaq. Azərbaycanda geniş xarakter daşıyan islahatlar aparılır. Ölkəmizdə hər zaman islahatlar gedib. İndi isə bu islahatlar daha dərin xarakter daşıyır. Əminəm ki, konstitusiya aktının qəbul edilməsi ilə Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bunun uğurlu nəticələrini yaxın zamanda görəcəyik”.