"Şəhid pulu" adı altında gizlənən yalan Bərdədən sonra Zərdabı da bürüdü.

Ötən günlərdə yazmışdıq ki, Bərdənin icra başçısı Vidadi İsayev aprel müharibəsi zamanı şəhid olmuş rayon sakinlərinin ailələri üçün idarə və müəssisə rəhbərlərindən pul yığıb. Bu barədə əldə etdiyimiz məlumatlarda vurğulanırdı ki, icra başçısının tələbinə uyğun olaraq idarə və müəssisə rəhbərlərindən 300-500 manat məbləğində pul alınıb. Halbuki bu məsələdə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı.
Analoji addımı Zərdabın icra başçısı Lütfəli Babayev də atıb. Rayon sakinlərinin bildirdiyinə görə, şəhid ailələrinə yardım məqsədiylə icra başçısı bütün idarə və müəssisə rəhbərlərindən 100-300 manat aralığında pul toplatdırıb. Amma rayon sakinləri deyirlər ki, Vidadi İsayevdən fərqli olaraq, Lütfəli Babayev yığılan pulları şəhid ailələrinə verməyib. Onların iddiasına görə, icra başçısı həmin pulları şəxsi məqsədləri üçün istifadə edib.