Uşaq bağçaları şəhər meriyasının səlahiyyətində qalmalımı, qalmamalımı?

Məktəbəqədər təhsilə qarşı qeyri-səmimi münasibət uşaq bağçalarına nəzarətin yenidən Təhsil Nazirlyinə qaytarılması məsələsini gündəmə gətirib Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə yetərli diqqət ayıra bilməməsi son bir neçə ilin mətbu yazılarının əsas mövzularından birinə çevrilib. Heydər Əliyev Fondunun icra etdiyi sosial proqramları nəzərə almasaq, uşaq bağçalarının yerli icra strukturlarının balansına verilməsindən ötən müddət ərzində bu sahədə yetərli bir iş demək olar ki, gözə dəyməyib. Uşaq bağçalarının ərazisində qeyri-qanuni tikililərin heç də hamısı ləğv edilməyib. Bakı meri görəsən bununla kimi əsas problemdən yayındırır? Paytaxtın meydan və parklarını az qala qarış-qarış hərraca çıxaran bəzi icra başçıları artıq gözlərini uşaq bağçalarına dikiblər. Bu proses getdikcə yeni sürət almaqdadır. Bu cür davam etsə, yaxın gələcəkdə uşaq bağçalarının ərazilərində boş torpaq sahələri qalmayacaq. Bakıdakı uşaq bağçalarının özəlləşməsi prosesi davam etsəydi, icra strukturlarının məmurları uşaq tərbiyə müəssisələrini itirəcəkdilər. Statistikaya nəzər salanda görmək olar ki, paytaxtda özəlləşdirilmiş 50-yə yaxıın məktəbəqədər təhsil müəssisəsindən yalnız beşdə biri fəaliyyət göstərir. Bu faktın qarşılığında özəlləşməyə açıq elan edilmiş daha 64 bağçanın özəlləşdirilməsinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dayandırılması zəruri bir addım kimi məktəbəqədər təhsilin sıradan çıxarılması prosesini bir növ dayandırmış oldu. Sözdə bağça dərdi çəkən Hacıbala Abutalıbov isə bu ərəfələrdə məsələ ilə bağlı danışarkən deyirdi ki, "özəlləşmə prosesinin dayandırıldığı məktəblərdə, həmçinin qaçqın və məcburi köçkünlərin yaşadıqları bağçaların hamısında təmir aparılsa, bizdə 402 bağça olacaq. Deməli, 1 yaşından 5 yaşına qədər uşaqların builki statistikasını nəzərə alsaq və əgər 6 qruplu bağçalar tiksək, bizim 1105 bağçaya ehtiyacımız var. Əgər 4 qruplu bağçalar tiksək, söhbət 1505 bağçadan gedəcək". Yəni Bakı meri bir tərəfdən bağçaların azlığından gileylənirsə, digər tərəfdən də sayı onsuz da azalmaqda olan bağçaların qeydinə belə qalmır. Burdan da bircə nəticə əldə etmək olar: Abutalıbovu cəlb edən bağşa dərdi deyil, bağça tikintisi kimi xeyirli "biznesdir"... Fəaliyyət göstərən uşaq bağçalarında hökm sürən mövcud durum hələ də dəyişməyib. Məktəbəqədər təhsil müəssisələri özəl uşaq bağçaları ilə rəqabətə girmək gücündə deyil. Dövlətin balansında olan uşaq bağçalarında rüşvət əsas meyara çevrilib. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira xanım Süleymanovanın təqdim etdiyi 2014-cü il üzrə illik hesabatda bu barədə bəhs olunarkən qeyd edilir ki, "uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb edilməsi, bağçalara uşaq qəbulu üzrə növbəlilik prinsipinə əməl edilməməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar var". Diqqət edin, bağçaların fəaliyyətinin başlı-başına buraxılması hara, paytaxtda 1500 bağçaya ehtiyacın olduğunu dilə gətirmək hara?! Bunlar Hacıbala Abutalıbovun ən azı bağça yaşlı körpələrimizə oxuduğu şedevr rəvayətlərdəndir.Amma, artıq belə rəvayətlərin zamanı keçib. Necə ki, Hacıbala müəllimin də bəzi fikirlərinə qulaq kəsilən yoxdur. Bax, körpələrimizin azman problemlərinə belə qeyri-səmimi münasibət uşaq bağçalarına nəzarətin yenidən Təhsil Nazirilyinə qaytarılması məsələsini gündəmə gətirib. Əslində, yeni qanunda məktəbəqədər təhsilə təhsil pillələrinin tərkib hissəsi kimi baxılır. Təhsil Haqqında Qanunda məktəbəqədər təhsil bütövlükdə təhsilin ilk səviyyəsi kimi xarakterizə olunur. Bu isə o deməkdir ki, uşaq məktəbə bağçadan sonra qəbul edilməlidir.Hələlik, uşaq bağçaları yeni təhsil qanunundan irəli gələn bu zərurətə əməl etmək gücündə deyil. Həm də ona görə ki, ölkənin 40-50 faizi məktəbəqədər təhsildən məhrumdur. Özəl məktəbəqədər təhsil müəssisələrində isə heç də hamı bağça tərbiyəsi görmək imkanında olmur. Bu qanundan irəli gələn məsələlər yalnız bir halda müsbət həllini tapa bilər ki, uşaq bağçalarına nəzarət Təhsil Nazirliyinə qaytarılsın. Bakı meri onsuz da 2011-ci ildən bəri uşaq bağçalarının vəziyyətini dözülməz hala gətirib. Məktəbəqədər təhsil müəssisələrinə məxsus torpaq sahələri ixtisara düşüb. Bir sıra bağçalar isə özəlləşdirildikdən sonra "yoxa" çıxıb. Özəlləşdirilmiş və hazırda fəaliyyət göstərən uşaq bağçalarına qəbul haqqı isə getdikcə artmaqda davam edir. Hazırda bu "məzənnə" 600-1000 manat arasında dəyişir. Aylıq qazancı heç 300-400 manatı belə aşmayan ailələrin körpə uşaqları əslində demək olar ki, bağça tərbiyəsindən məhrum edilİblər. Çünki, Hacıbala müəllimin yaratdığı problem artıq yerli icra orqanlarının balansında olan uşaq bağçalarına da davamlı şəkildə yol açıb. Bakı meri bunları görməyə bilməz.Bakı kimi meqapolisdə belə deyək, min cür qayğıya başı qarışmış şəhər meri Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə sadəcə nəzarət etmək gücündə deyil. Merin bu işin öhdəsindən gəlməyi bacaran mütəxəssisləri də kifayət qədər deyil.