Mehriban Əliyeva: Heydər Əliyev Fondu heç bir məktubu cavabsız qoymur

{title

Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun heç bir məktubu cavabsız qoymadığını deyib.

"Heydər Əliyev Fondu bu illər ərzində ölkəmizdə 50 dini, tarixi və mədəni abidənin bərpasında iştirak edib. Eyni zamanda biz dünyada, dünyanın müxtəlif ölkələrində və şəhərlərində 40-dan çox dini və mədəni abidənin bərpasında iştirak etmişik. Bu yaxınlarda Müqəddəs Taxt-Tacda xristian dininin ən vacib, ən dəyərli abidələrindən biri olan Müqəddəs Marçellinio və Pietro katakombalarının təqdimatı oldu. Bu katakombalar Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyeva ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun "2015-ci ilin adamı” mükafatının təqdim edilməsimərasimində çıxışı zamanı deyib. 

Mehriban xanım qeyd edib ki, bir neçə il bundan əvvəl Vatikana aid olan muzeylərin birində Azərbaycanın tarixini və mədəniyyətini, incəsənətini, qədim xalçaçılıq sənətini təqdim edən sərgi təşkil olunmuşdu. İlk dəfə idi ki, Müqəddəs Taxt-Tacın tarixində onlara aid olan muzeydə müsəlman ölkəsi ilə bağlı sərgi təşkil edilirdi. 

Onun sözlərinə görə, görüşdə kardinal Ravazi çıxış edərkən dəfələrlə vurğulayıb ki, bir neçə dəfə xristian ölkələrinə müraciət edilib ki, bizə yardım edin və biz bu çox dəyərli abidəni bərpa edək. Amma əfsuslar olsun ki, heç bir cavab alınmayıb və ilk dəfə Heydər Əliyev Fondu ilə bu barədə danışan kimi saziş imzalanıb. "Bu layihə 3 ilə başa çatdı və biz abidənin açılışında iştirak etdik. Əlbəttə, mən o anda böyük fəxr hissi duydum, çünki hesab edirəm ki, Azərbaycan xristian dinində öz tarixi və mədəni dəyəri ilə xüsusi yer tutan bir abidənin təmirində, bərpasında iştirak edib".

Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı
Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı

Birinci xanım Heydər Əliyev Fondunun fəaliyyətinə də toxunub. O qeyd edib ki, Heydər Əliyev Fondunun bir çox gözəl ənənələri var və onların arasında ən vacibi xeyriyyəçilik ənənələridir.

Onun sözlərinə görə, heç bir təzyiq, heç bir çətinlik, üzləşdiyimiz ədalətsizliklər Azərbaycan xalqının xoş niyyətini və birliyini sarsıda bilmədi. "Əminəm ki, bundan sonra da sarsıda bilməyəcək. Bu il Fond 12 illik fəaliyyətini qeyd edəcək. Təhsil, mədəniyyət, gənclərə yardım, ətraf mühitin qorunması və s. Bilirsiniz ki, demək olar, bizim bir sıra layihələrimiz çox böyük uğurla qarşılanıb və artıq bitirilib.  Bu illər ərzində bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycan xalqının hörmətini və inamını qazanmaq olub. Bilirsiniz, biz minlərlə məktub alırıq. Çox zaman bu məktublarda insanlar yazırlar ki, Heydər Əliyev Fondu bizim son ümid yerimizdir. Biz bu məsuliyyəti çox yaxşı dərk edirik və ilk gündən fəaliyyətimizə başlayanda bəyan etmişdik ki, respublika əhəmiyyətli irimiqyaslı layihələrlə yanaşı, bizə müraciət edən hər bir insanın, vətəndaşın yanında olmağa, onu eşitməyə və imkan dairəsində onun probleminin həllində iştirak etməyə çalışacağıq. Mənə elə gəlir ki, qazanılan hörmət məhz buna görədir. Çünki biz heç bir məktubu cavabsız qoymuruq, insanları eşitməyə və onların yanında olmağa çalışırıq".

"Adətən biz fəaliyyətimizin bu tərəfindən danışmırıq, çünki yardım etməyi, xüsusən də belə ağır vəziyyətdə olan insanlara yardım etməyi öz vətəndaş borcumuz kimi qəbul edirik. Mən fikirləşirəm ki, imkanı olan hər bir insan belə çətin vəziyyətə düşmüş vətəndaşa yardım etməlidir".

Bu illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə 50 mindən çox insan həm ölkəmizdə, həm xaricdə müalicə alıb və normal həyat tərzinə qayıdıb. Təkcə ötən il yenə də Heydər Əliyev Fondunun dəstəyi ilə 142 insanın üzərində ürək əməliyyatı aparılıb və bu insanların əksəriyyəti azyaşlı uşaqlardır.

Mehriban Əliyeva və Vahid Mustafayev -
Mehriban Əliyeva və Vahid Mustafayev - "İlin adamı" mükafatının təqdimatı

42-ciparalel.az