“Alfamed”də həbslər və...dəhşətli virusa qarşı dərman baha satılıbmı?

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında manatın devalvasiyasından istifadə edərək qiymətləri süni şəkildə artıranlara qarşı sərt tədbirlərin görülməsinə dair göstərişindən sonra hüquq-mühafizə orqanlarının bəzi həbslər həyata keçirdiyi haqda xəbər vermişdik
Xatırladaq ki, qiymətləri süni şəkildə artırmağa görə həbs edilənlər arasında bəzi əczaçılıq firmalarının rəhbərləri və menecerləri, o cümlədən "Alfamed” MMC adlı firmanın rəhbərləri də vardı.
Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə Baş idarəsinin yaydığı məlumatda deyilirdi ki, bu firmanın "Grateziano” adlı dərman vasitəsini dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib.42-ciparalel.az saytı bu faktlardan çıxış edərək Azərbaycanda əsasən onkoloji xəstəliklərə və heptaitə qarşı dərmanların "qara bazarı” barədə araşdırma aparmışdı. Həmin araşdırmada əczaçılıq sektorundakı mənbələrdən əldə edilmiş məlumatlara əsasən göstərilirdi ki, "Alfamed” MMC əsasən hepatitə və onkoloji xəstəliklərə qarşı dərmanların ölkəyə qeydiyyatsız gətirilib satılmasını həyata keçirib. Və bu firmanın faktiki sahibi kimi Ədalət Ramazanov adlı iş adamı göstərilirdi.


"Alfamed” MMC-nin nümayəndəsi bildirir ki, indiyə qədər Azərbaycanda heptatit-C virusuna yoluxmuş təxminən 1300 xəstə "Grateziano” dərmanı ilə müalicə olunub və sağalıb. Və bu dərmanın nə qiyməti, nə keyfiyyəti barədə şikayətlər daxil olmayıb.
Məlum olub ki, əvvəllər həmin dərman Azərbaycanda 5000-7000 dollara satılırdı. Lakin Ə.Xudaverdiyevin bu dərmanı bəzi MDB respublikalarında qeydiyyatdan keçirməsini nəzərə alan Misir şirkəti Azərbaycana dərmanı xüsusi güzəştli qiymətə satmağa başlayıb.
Qeyd olunduğu kimi "Alfamed” MMC Azərbaycanın əczaçılıq bazarında ciddi paya malik olan firma deyil. Bu firmanın cəmi 7-8 adda dərman vasitəsinin idxalı və satışı ilə məşğul olduğu dəqiqləşib. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Eskpertiza Mərkəzi firmanın idxal etdiyi bu dırman vasitələrinin hamısını müvafiq ekspertizadan keçirib və uyğunluq sənədi verib. Və onu da dəqiqləşdirdik ki, firma hazırda maliyyə baxımından böhran vəziyyətindədir və faktiki olaraq müflis olub. "Alfamed” MMC "Accesbank”dan 250 min dollar kredit götürüb və borcun bir hissəsini qaytara bilməyib. Vergilər Nazirliyi ötən ilin dekabrında firmada cari yoxlama keçirib və hər hansı pozuntu aşkarlamayıb. Firmanın əsl sahibinin Ədalət Ramazanov olması barədə deyilənlərə gəldikdə isə "Alfamed” MMC-nin nümayəndəsi bildirib ki, bu iş adamının firma ilə heç bir formal bağlılığı yoxdur. Doğrudur, Ə.Ramazanovun qohumu və dostu bu firmada işləyib, ancaq o nə firmanın təsisçisi, nə səlahiyyətli şəxsi deyil. Bunu firmanın redaksiyamıza təqdim edilən təsis sənədləri də sübut edir. Bəs həmin Ə.Ramazanov kimdir? Azərbaycanda hansı biznes fəaliyyəti var, yaxud olub? Araşdırmalarımız nəticəsində məlum oldu ki, Ə. Ramazanov Rusiya vətəndaşıdır, onun Azərbaycanda hansısa biznes aktivləri, o cümlədən tikinti şirkəti, avtomobil satışı biznesi , iddia edildiyi kimi, Türkiyədə əczaçılıq zavodları yoxdur. Ə.Ramazanovun yaxınlarından dəqiqləşdirə bildik ki, bir müddət Azərbaycana dönüb burada iş qurmaq imkanlarını araşdıran, ancaq daha sonra yenidən Rusiyaya dönən bu iş adamının hazırda müxtəlif ağır cinayətlərdə ittiham olunan bir sıra keçmiş məmurlarla (MTN-dəki mütəşəkkil qruplaşma nəzərdə tutulur.-red) bu və ya digər formada bağlılığı da olmayıb. Habelə onun Azərbaycan gömrüyündə brokerlik fəaliyyəti ilə məşğul olduğuna dair deyilənlər öz təsdiqini tapmır...
42-ciparalel.az