İnterpol Rusiyadan olan İD şübhəlisinin axtarışını elan edib

İnterpol İslam Dövləti (İD) qruplaşmasının videosunda göründüyü güman edilən rusiyalı Anatoli Zemlyankanın beynəlxalq axtarışını elan edib.
Zemlyankanın İnterpolun saytındakı kartında deyilir ki, Rusiya hökuməti onun qanunsuz silahlı qruplaşmada iştirakından şübhələnir.
Şəkli ilə yanaşı, şübhəli şəxsin boyu (178 santimetr) və saçının rəngi (sarışın) də qeyd edilir.
Kartda həmçinin onun 28 yaşının olduğu bildirilir. O, Noyabrsk şəhərində doğulub.
İnrerpol tapılacağı təqdirdə onun dərhal həbs edilməsini istəyib.
Bundan əvvəl Çeçenistan lideri Ramzan Kadırov bildirmişdi ki, İD videosunda rusiyalı Maqomed Xasiyevi qətlə yetirən kişini müəyyən edib.
Videodakı şəxs FSB-nin casusu olduğunu etiraf edir, daha sonra rus dilində danışan bir şəxs onu öldürür.
Kadırov həmin adamın adını çəkməmişdi, lakin LifeNews telekanalı söhbətin Anatoli Zemlyankadan getdiyini bildirmişdi.
Rusiyalı jurnalistlər aydınlaşdırıb ki, Zemlyanka barədə daha əvvəl İD ilə əlaqələrinə görə Rusiyada axtarış elan edilib.