İran: Müxalifət lideri Kərrubinin ev dustaqlığı sona çatır?

Kərrubi də, Mirhüseyn Musəvi və onun xanımı Zəhra Rahnəvərdlə eyni vaxtda, 2011-ci ilin fevralında ev məhbusu edilib.
İrandan alınan bir sıra media xəbərlərinə görə, ölkə hakimiyyəti müxalifət lideri Mehdi Kərrubinin ev məhbusluğundan azad edilməsinə zəmin hazırlayır.
Lakin belə bir hadisənin baş verməsi üçün ali rəhbər Ayətullah Əli Xamneyinin xeyir-duası lazımdır.
Kərrubi də, Mirhüseyn Musəvi və onun xanımı Zəhra Rahnəvərdlə eyni vaxtda, 2011-ci ilin fevralında ev məhbusu edilib. Kərrubi və Musəvi 2009-cu ilin prezident seçkisində namizəd idilər və Mahmud Əhmədinejad üzərində qələbələrini elan etmişdilər.
Ruhaninin daha bir vədi
İslahatpərəstlər tərəfindən dəstəklənən hazırkı prezident Həsən Ruhani hakimiyyətə gələrkən sözü gedən ev məhbusluqlarını bitirəcəyini vəd etmişdi.
Ruhaninin vədini görkəmli islahatpərəst fiqur Məhəmmədrza Aref Tehrandakı nüfuzlu Şərif Universiteti qarşısındakı çıxışında yada salıb.
Ertəsi gün hökumət sözçüsü Məhəmmədbağır Nobəxt də buna bənzər bəyanat verib.
İSNA agentliyinin verdiyi xəbərə görə Nobəxt bu məsələnin dialoq yolu ilə həll ediləcəyinə söz verib.
Daha "böyük təhrikçi” deyil
Bundan sonra, dekabrın 8-də verilən xəbərlərə görə prezidentin baş müşaviri Hüseyn Fereydun Tehran xəstəxanasında Mehdi Kərrubiyə baş çəkib.
Bəzi xəbərlərə görə Kərrubi diz və daban sümükləri sındıqdan sonra cərrahiyyə əməliyyatından keçib.
Xəstəyə səhiyyə naziri Həsən Qazizadə-Həşəmi də baş çəkib.
78 yaşlı Kərrubi ev dustağı olandan bəri 6 dəfə əməliyyat edilib, lakin prezidentin onu yada salması ilk dəfədir ki, baş verir.
Maraqlısı bir də budur ki, dövlət radiolarından Cəvan stansiyası Fereydunun xəstəxanaya getməsindən reportaj verib və bu zaman, həmişə olduğu kimi Kərrubini "böyük təhrikçi” adlandırmayıb.