Suriyada hava zərbələri nəticəsində "26 dinc sakin ölüb"

Suriyalı fəalların bildirdiyinə görə, ölkənin şimal-şərqində hava zərbələri nəticəsində uşaqlar da daxil olmaqla azı 26 dinc sakin həlak olub. Onlar deyib ki, ola bilsin ki, hava zərbələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən həyata keçirilib.
Böyük Britaniyada yerləşən İnsan Hüquqları üzrə Suriya Rəsədxanası monitorinq qrupu bildirib ki, Hasakah vilayəti yaxınlığında yerləşən əl-Khan kəndi vurulub.
İraqdakı ABŞ rəsmisi iddialara diqqət yetiriləcəyini deyib.
Bundan başqa, Suriya hökuməti zərbələr zamanı üç hərbçinin həlak olduğunu bildirib
Suriya xarici işlər nazirliyinin məlumatına görə, koalisiya təyyarələri əsasən İslam Dövləti (İD) qruplaşması tərəfindən idarə olunan Deyr əl-Zour əyalətində ordu düşərgəsinə raket zərbəsi endirib.
Lakin ABŞ hərb rəsmiləri təkid edib ki, koalisiya düşərgənin yaxınlığında heç bir zərbə həyata keçirməyib.
Koalisiya qüvvələrinin Hasakah əyalətində hava zərbələri nəticəsində dinc əhalinin həlak olması ilə bağlı sualları cavablandıran sözçü bildirib ki, ittihamlar çox "ciddi" qəbul edilib.
O, əlavə edib ki, əgər informasiya "etibarlı" hesab olunsa, istintaq başlanacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.
Bu ərazidə son həftələr koalisiya qüvvələrinin hava zərbələri ilə dəstəklədiyi ərəb və kürd qüvvələri və İD qruplaşması arasında şiddətli döyüşlər baş verib.
Koalisiya Suriyadakı İD yaraqlılarına qarşı 2014-cü ilin sentyabrından hava zərbələri həyata keçirir. Rusiya da bu ilin sentyabrın sonundan bəri prezident Bəşər Əsədin rəqiblərinə qarşı hava kampaniyasına başlayıb.
BBC-nin Beyrutdakı müxbiri Jim Muirun sözlərinə görə, koalisiya son həftələr şimal və şərqi Suriyada İD mövqeləri və neft obyektlərinə hücumları artırıb.
"Miqyasın genişləndirilməsi gözlənilməz hədəflərin zərər çəkə biləcəyi risklərini özü ilə gətirir", müxbir deyib.
Ötən həftə Böyük Britaniya Suriyada hava kampaniyasına qoşulmağa qərar verib və İraqda İD-ə qarşı kampaniyasını genişləndirib.