“Afrika xilaskarı” üçün göz yaşları

2011-ci ildə Müəmmər Qəddafi devriləndə Liviyada bir təntənə yaşanırdı. Lakin BBC müxbiri Jake Wallis Simons yaxınlıqdakı Qanaya baş çəkəndə görüb ki, burada adamlar hələ də Liviya liderini sevgiylə xatırlayır və onun itkisindən kədərlənirlər.
Bir bazar günü, gündüz Akkra şəhərinin sarı tozanağında və avtomobil tüstüsünün arasında rast gəldiyim bir nəfər mənə dedi ki, polkovnik Qəddafi, əslində, Allahın göndərdiyi müqəddəs xilaskar – Məsih olub.
Bu adamın adı Kərim Məhəmməd idi. 45 yaşlarında bu qıvraq kişi Qəddafi devrilməzdən əvvəl üç il Liviyada yaşayıb işləmişdi. O evli idi. Üç övladı və arvadı ilə özünün tikdiyi 6 yataq otağı olan mülkdə yaşayırdı. Bu ev üçün pulu Liviyada işləməklə yığmışdı.
"Liviyada hamı xoşbəxt yaşayırdı, - deyirdi bu kişi, - Amerikada körpülərin altında yatanlar var. Liviyada belə şeylər yox idi. Orada nə ayrı-seçkilik, nə də bir problem var idi. İş də yaxşı idi, pul da. Mən həyatımı qurduğuma görə Qəddafiyə minnətdaram. O, Afrikanın ilahi xilaskarı idi”.
Qanada Kərim kimi düşünənlər az deyil. Elə bizim söhbətimizə qoşulan iki başqa kişi də mərhum Liviya dikatatoru haqda Kərimin dediklərini paylaşırdı.
"Qəddafi yaxşı oğlan idi, - deyir 35 yaşlı gülərüz inşaatçı Mustafa Abdel Mömin. O yeddi il Liviyada tikinti ilə məşğul olub, - O heç kimə kəf gəlməzdi. Kamil insan idi. Ən yaxşı insan”.
"Onu öldürməyin nə mənası vardı ki? – deyir yerli imam Eliyas Yəhya. O başına girdə papaq qoyub. Saqqalı sivri, səsi ucadır: "Sən birisini hansısa problemi həll etmək üçün öldürsən, problem daha da pisləşəcək. Niyə öldürdülər Qəddafini?”
Qəddafi bəlkə də qəddar avtokrat imiş, amma neçə illər onun hakimiyyətinin yaratdığı sabitlik və toxluq çarəsizliklə iş axtaran miqrantlar üçün Allahın kəraməti olub. Mənim yeni dostlarımdan bir çoxu Liviyada qazandıqları pul ilə öz vətənlərində yoxsulluğun girdabından çıxmış on minlərlə afrikalını təmsil edirdi.
Biz balaca baqqal dükanının kölgəsində söhbət etdikcə mən ətrafda bunun bütün isbatlarını görürdüm. Şəhərin şimal hissəsindəki bu ərazini "Liviya məhəlləsi” adlandırırlar. Burada Qəddafi rejimi zamanı özlərinə gün-güzaran qazanmış icma yaşayır.
Akkranın bir çox yerlərində olan sınıq-salxaq evləri bu məhəllədə görə bilməzdin. Burada müasir üslublu, gen-bol evlər qırmızımtıl-sarı torpaq yol boyunca düzülmüşdü.
Mənim bələdiyyə binası bildiyim bina, heç demə Şeyx Svala adlı bir kişinin evi imiş. Bir neçə uğurlu biznesi olmuş bu adam ilkin kapitalını Liviayada qazanmışdı. Bu mülkdə 30 yataq otağı vardı. Qəddafi olmasaydı, burada belə bir mülk də heç vaxt ola bilməzdi.
İndi əlbəttə, bu yerlərdə tikinti gözə dəymir. Orda-burda hətta bəzi evlərin tikintisi yarımçıq qalıb. Qəddafi devriləndən bəri Akkranın Liviya məhəlləsində zaman donub.
Bu dəm 36 yaşlı utancaq Amadu bizə qoşuldu. Amadu o qədər qaradinməz idi ki, gəldiyini heç kəs duymamışdı da. Amma nəhayət öz hekayətini o da danışdı.
Amadu Liviyaya normal viza almağa imkanı çatmayanlardan biri olub. 2010-ciu ildə o, bir neçə dostu ilə birlikdə Saxaranı keçməklə Liviayaya qorxulu səfərə çıxıb. Onların suyu qurtarıb, dəstədəkilərdən bir çoxu ölüb, lakin o, Liviayaya gəlib çıxıb və burada kirəmitdüzən kimi işləyib.
2011-ci ildə müharibə qopanda, o artıq 3500 dollaradək pul yığa bilmişdi. O xatırlayır ki, ilk atəşlər açılanda Tripolidəki liman körpüsünün üstündə dayanmışdı. Sonra qaçıb gizlənmişdi, Qanaya qayıdanadək bir neçə gün evdən heç yerə çıxmamışdı. Amma min bir zəhmətlə qazandığı pulu öz ilə gətirə bilməmişdi. Onun bütün arzuları beləcə puç olmuşdu.
"Burada, Qanada cavanlar üçün görüləcək bir iş yoxdur, - deyir Mustafa, - Qəddafidən sonra biz hamımız böhran içindəyik. Gənclər arasında işsizlik kəllə-çarxa qalxıb. Heç iş də yoxdur. Ya gərək cinayət törədib güzaran keçirəsən, ya da gərək çalışıb Avropaya gedəsən. Başqa yol yoxdur”.
Başqaları da onunla razılaşırlar. "Avropa, Avropa, Avropa. Bu dünyada gedəcək bir yer varsa, o da Avropadır! – deyir uca səslə Eliyas, - Bəziləri Braziliyaya gedir. Kimin buna imkanı çatırsa…Qalanlar Avropaya üz tuturlar”.
Qəddafi devrilməzdən əvvəl Avropa İttifaqına rəsmi xəbərdarlıq etmişdi ki, onun rejimi çöksə, iki milyonadək miqrant Avropanın sahillərində xaos yaradacaq. Ola bilsin ki, o xilaskardan daha çox diktator olub. Amma dedikləri düz çıxıb axı.