'Mənə Suriya həbsxanasında necə işgəncə verirdilər

Fərəh dindirmələr vaxtı ona verilən işgəncələdən danışıb.
"Fərəh” Britaniyada doğulsa da, Suriyada boya-başa çatıb. Ötən il Suriya hökumətinin təhlükəsizlik qüvvələri onu müxalifət fəalı olmaqda ittiham edərək həbs etmişdi.
Bunun ardınca ona tətbiq edilmiş işgəncələrə görə Suriya prezidenti Bəşər əl-Əsədi günahlandırır. O Əsədi İslam Dövlətindən daha böyük bəla sayır.
Diqqət: Fərəhin hekayəsi bəzi oxucular üçün ağır ola bilər
"Ən yaxın dostumu məndən bir il əvvəl tutub saxlamışdılar. O bütün bunlar barədə mənə danışmışdı. Amma əslində, hər şey o dediyindən də dəhşətli imiş” – deyir Fərəh.
"Mənim orada ilk gördüyüm bu oldu ki, bütün kişiləri qollarından və ayaqlarından asıblar. Bəzilərinin kürəyindən və ayağından qanlar axırdı. Onlar elə hey çığırırdılar. Bu, bir dəhşət idi”. – deyir gənc qadın.
Onu 12-dək başqa qadınla birlikdə çirkli, qaranlıq və soyuq otaqda saxlayırdılar.
Dindirmələr zamanı, döyürdülər.
"Onlar vururdular və sual verirdilər. Sən cavab verməyəndə daha möhkəm vurmağa başlayırdılar. Elə bir an çatırdı ki, bədən keyləşirdi. Onlar başa düşürdülər ki, daha ağrı hiss etmirsən. Onda adamın başına su əndərib, yenidən döyməyə başlayırdılar” – deyir Fərəh.
Ona bir dəfə elektrodlarla işgəncə vermişdilər.
"Huşumu itirdim və döydükləri vaxtlarda olduğu kimi ağrı hiss etmədim”.
Onunla eyni kamerada saxlanan bir qız zorlandığını demişdi. Fərəh bunu görməmişdi, lakin onun özünü də zorlama ilə qorxutmuşdular.
"Təkcə zorlama yox, dəstə ilə zorlama”- deyir Fərəh.
O inanır ki, ikili – Britaniya-Suriya vətəndaşı olduğuna görə, daha pis rəftara məruz qalmayıb. Həbsxana keşikçiləri onu təhqir etmək istəyəndə adına "britaniyalı” sözünü də qoşurdular. Lakin onlar Fərəhə həm fiziki, həm də psixoloji işgəncə verirdilər.
Bəzən onlar Fərəhi onun oğlunu həbsxanaya gətirəcəkləri ilə təhdid edirdilər. "Onlar belə deyəndə, başıma hava gəlirdi. Bu, ən ağır işgəncə idi. Onlar insana ən yaxın olan adamları bilirdilər. Onlar hər şeyi bilirdilər”.
Keşikçilərdən birinin, onun gözləri qarşısında yaşlı bir məhbusa verdiyi işgəncə heç cür yadından çıxmır.
"O mənim düz qarşımda idi və onlar qocanın bədəninə elektrik cərəyanı verirdilər. Mən isə buna baxmalıydım. Düşünürəm ki, o kişi artlıq ölüb. O yerə yıxıldı və onu sürüyüb otaqdan çıxardılar” – deyir Fərəh.
"Bir dəfə də onlar bir kişini əllərindən və ayaqlarından asmışdlar. Mən baxmaq istəmirdim. Lakin belə olanda, onlar adamın başını tutub baxmağa məcbur edirdilər. Kəndirləri dartırdılar. Onlar məhbusu parçalayırdılar. Onun səsi indiyədək qulaqlarımdadır. Sonra daha heç nə eşidə bilmədim”.
Amnesty International ötən ay açıqladığı hesabatda bildirir ki, saxlama mərkəzlərində "işgəncələr” və "qanunsuz edamlar” tüğyan edir. Suriya İnsan Haqları Şəbəkəsinin təxminlərinə görə, əksəriyyəti mülkilər olan 65 min insan, 2011-ci ilin martı ilə 2015-ci ilin avqustu arasında hökumət tərəfindən "yoxa çıxarılıb”. Onlar hələ də itkin sayılırlar. Suriya hökuməti pis rəgftarla bağlı iddiaları rədd edir.
Fərəh deyir ki, həbsxana işçiləri heç də həmişə qaba olmurdular.
"Xəfiyyə orda olanda heç kəs sənin dadına çata bilməzdi. Amma dindirmədən sonra sənə dərman də verə bilərdiklər, yemək də”.
Bir gecə keşikçilərdən biri Fərəhlə söhbət etməyə başladı.
"Mən ondan soruşdum ki, onların bizə etdiklərini, normal insanlar edə bilərdilərmi? O siyirtməni açıb oradan bir-iki həb çıxardı… "Mənə bunlar kömək edir, - dedi, - Sən də həbsxanadasan, mən də. Mən burda dörd ildir ki, adamları döyürəm”.
Fərəhi 36 gündən sonra buraxıblar. Niyə buraxdıqlarını indiyədək başa düşmür. O Suriyanı tərk edib Birləşmiş Krallığa gəlib.
Fərəh başına gələnlər üçün Suriya prezidenti Bəşər əl-Əsədi ittiham edir.
Britaniya bu günlərdə Suriyada İslam Dövləti adlanan təşkilata hava zərbələri endirməyə başlayıb. Fərəh deyir ki, əvvəlcə İD-dən yox, Əsəd rejimindən başlamaq lazım idi.
Onun kimi, Əsəd və İD arasında oda düşən bir çox suriyalılar da belə düşünürlər.
"Biz deyəndə ki, Əsəddən yaxa qurtarmaq istəyirik, bu o demək deyildir ki, İŞİD-i istəyirik və ya İŞİD-dən razıyıq. Onlar elə eynidir. Sadəcə fərqli üsullarla öldürürlər.” – deyir Fərəh.
"Elə İŞİD-in özünü, önun dağıntı və ölümü ilə Suriyaya gətirən də Əsəddir. Biz Əsəddən yaxa qurtarmalıyıq. Sonra isə biz İŞİD-dən də yaxa qurtarmalıyıq”.