Bəşər Əsəd Rusiyaya gizli səfər etdi.

http://42-ciparalel.az
Suriya prezidenti Bəşər Əsəd çərşənbə axşamı Rusiyaya gizli səfər etdi. O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardı. Gizlilik səbəbindən Suriya prezidentinin səfəri barədə Kreml yalnız çərşənbə günü məlumat verdi. Ekspertlərin fikrincə, səfərin məqsədi hakimiyyətin tədricən Əsəddən digər siyasi qüvvələrə verilməsinin və gələcəkdə keçiriləcək birgə hərbi əməliyyatların müzakirəsi olub.
Bəşər Əsəd praktiki olaraq beynəlxalq təcrid vəziyyətindədir. Qərb liderlərinin əksəriyyəti onun qəddar və Suriyada vətəndaş müharibəsinin başlanmasının səbəbkarı olduğunu düşünür. Moskva səfəri son dörd il ərzində onun faktiki olaraq ilk xarici səfəridir.
Rusiya prezidentinin mətbuat xidmətinin məlumatına görə, "Rusiyanın yüksək səviyyəli rəhbərliyinin nümayəndələrinin iştirakı ilə geniş tərkibdə Rusiya-Suriya danışıqları baş tutub". "Ölkənizdəki dramatik vəziyyətə baxmayaraq, bizim dəvətimizi qəbul etdiyinizə və Rusiyaya gəldiyinizə görə çox sağ olun", - deyə Putin Əsədə bildirib. Rusiya prezidentinin sözlərinə görə, Suriya ərazisində keçmiş SSRİ-dən getmiş ən azı 4 min insanın olması faktı Rusiyanı narahat edir.
Görüşün mətbuata açıq hissəsində Putin həmçinin bəyan edib ki, "uzunmüddətli tənzimləmə bütün siyasi qüvvələrin, etnik və dini qrupların iştirakı ilə siyasi proses əsasında əldə edilə bilər".
Əsəd "hadisələrin daha da faciəvi ssenari ilə inkişafına imkan verməyən" fəaliyyətinə görə Rusiyaya təşəkkürünü bildirib və siyasi sahədə gələcək fəaliyyətin mümkünlüyünü qeyd edib. "Əlbəttə, hər kəs başa düşür ki, istənilən hərbi fəaliyyət növbəti siyasi addımlar tələb edir. Və əlbəttə ki, Suriya xalqının öz ölkəsinin gələcəyində görmək istədiyi, bizim hamımızın yeganə məqsədi olmalıdır", - deyə Suriya lideri vurğulayıb.
Politoloqların fikrincə, Əsədin Moskvaya səfərinin əsas məqsədi Suriya münaqişəsinin Əsədin özünün və Moskvanın şərtlərinə uyğun siyasi həllini axtarmaq olub. Bu məsələlərin müzakirəsi üçün liderlərin şəxsən danışıqları lazımdır. Belə bir görüş isə yalnız Moskvada keçirilə bilər, çünki çətin ki, hər hansı üçüncü ölkə öz ərazisində bu görüşü keçirməyə imkan yaratsın.
"Əsədin səfəri təkcə xilas üçün Putinə və onun generallarına minnətdarlıq etmək deyildi, həm də Moskvanın Suriyada hakimiyyətin Əsəddən digər siyasi qüvvələrə keçməsini necə reallaşdıracağını dinləmək zərurəti ilə bağlı idi. Putin Əsədi Moskvaya hakimiyyəti saxlamağın və eyni zamanda, hakimiyyətin dəyişməsi üçün siyasi prosesə başlamağın yollarını izah etmək üçün çağırmışdı", - deyə Gulf State Analytics mərkəzinin analitiki Teodor Karasik bildirib. Yaxın Şərq üzrə mütəxəssis, politoloq Muraz Acoyev hesab edir ki, Əsədin səfəri "təkcə Suriya prezidentinin şəxsi taleyinin" deyil, həm də "Suriyanın taleyinin razılaşdırılması" üçün idi. "Mənə elə gəlir ki, bütün tərəflər Suriyanın bölünməzliyi və bütövlüyünün tamamilə utopiya olduğunu qəbul edirlər və indi bütün ölkələr üçün münasib həll yolu axtarılır", - deyə ekspert izah edir.
Qərb və ABŞ liderlərinin Əsədin ölkədəki vətəndaş müharibəsinə cavabdeh olduğunu düşünmələrinə baxmayaraq, son zamanlar onların Əsədə qarşı münasibətləri dəyişib. Fransa və Böyük Britaniya liderləri artıq Əsədin dərhal hakimiyyətdən getməsini tələb etmirlər. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri qısa müddət öncə bəyan etdi ki, prezident Əsədin vəzifədən dərhal getməsi Suriya ictimaiyyətində "daxilə yönəlmiş partlayışa səbəb olacaq" və vəziyyəti pisləşdirəcək. O qeyd etmişdi ki, Suriya lideri öz vəzifəsini gələcəkdə "plana uyğun keçid dövrü ərzində" tərk etməlidir.
Daha əvvəl Suriyada Rusiya ilə ABŞ arasındakı əsas maneə məhz Əsədin taleyi ilə bağlı idi. Rusiya Suriyadakı münaqişədə Suriya prezidentinin tərəfindən çıxış edir, ABŞ isə Əsədə qarşı çıxan silahlı müxalifəti dəstəkləyir. Eyni zamanda, hər iki tərəf Rusiyada qadağan olunan İŞİD terror qruplaşmasının məhvinin hər iki ölkənin Suriyadakı əsas məqsədi olduğunu qəbul edir. Yaxın zamanlarda Suriyadakı vəziyyətin siyasi həlli ilə bağlı tərəflərin mövqelərinin yaxınlaşması ehtimal olunur. Həftənin başlanğıcında ABŞ dövlət katibi Con Kerri bəyan etmişdi ki, yaxın zamanlarda Suriyadakı vəziyyəti Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və İordaniya rəhbərləri ilə müzakirə etməyi planlaşdırır.
Rusiya məqsədlərindən ən azı birinə - Dəməşqdə rejimi gücləndirməyə nail ola bilib. Digər tərəfdən, bu görüş Moskva üçün də mühümdür. Lavrov-Kerri xətti ilə danışıqlar aparılacaq və Suriyadakı vəziyyətin tənzimlənməsinin diplomatik yolunu işə salmaq Rusiya üçün vacibdir. Bunun üçün Əsədin hansı güzəştlərə getməyə hazır olduğunu bilmək, mövqeləri dəqiqləşdirmək lazımdır. Münaqişə vəziyyətindəki Suriyanın gələcəyi barədə danışmaq və ən yüksək səviyyəli şəxslərin üz-üzə görüşməsi zəruri idi. Hakimiyyətin başqasına ötürülməsi dedikdə təsir qüvvəsini qorumaq üçün Moskvanın işləyə biləcəyi biri nəzərdə tutulur. Prosesdə həm sünnilərin, həm də ələvilərin fikirləri yer almalıdır. İran da bu prosesdə iştirak etmək istəyir, amma Moskvanın buna razı olub-olmayacağı isə müzakirə mövzusudur.
Sentyabrın əvvəlindən etibarən Rusiya Əsəd ordusunun nəzarəti altında olan əraziləri ələ keçirməyə çalışan qüvvələrin mövqelərinin kütləvi bombalanmasını həyata keçirir.
Hakimiyyət qüvvələrinin əsas əleyhdarları müxtəlif dini təşkilatların döyüşçüləri, o cümlədən qadağan olunmuş "ən-Nusri" qruplaşmasıdır. İŞİD qruplaşmasına gəldikdə isə, Rusiya hərbi qüvvələrinin hələ də onların mövqelərini bombalamasına baxmayaraq, hakimiyyət qüvvələri praktiki olaraq onlarla hərbi əməliyyat aparmır.
Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə ölkənin ən iri iqtisadi mərkəzi olan Hələbə nəzarət uğrunda mübarizə aparır.
Türkiyədəki yüksək səviyyəli mənbə "Reuters" agentliyinə müsahibəsində bildirib ki, Türkiyə Suriyadakı hakimiyyət dəyişikliyi ilə razılaşmağa hazırdır, belə ki, bu dəyişikliyə əsasən vəzifəsini tərk etməzdən öncə Bəşər Əsəd altı ay müddətinə rəmzi olaraq hakimiyyətdə olacaq. "Biz bu məsələ ilə bağlı ABŞ-la və tərəfdaşlarımızla razılıq əldə etmişik. Altıaylıq müddətin nə vaxt başlayacağı barədə razılıq hələ əldə edilməyib, amma düşünürəm ki, çox gözləməli olmayacağıq", - deyə mənbə bildirib.
Son bir neçə həftə ərzində Suriyada, eləcə də onun ətrafında həm hərbi, həm də siyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Silahlı dini ekstremist qruplaşmaları ölkədən çıxaran Suriya ordusu artıq tək fəaliyyət göstərmir, Əsədin özü isə artıq təcrid olunmuş vəziyyətdə deyil. Türkiyə daha fəal olmağa və öz ərazisini radikal düşərgələrdən "təmizləməyə" başlayıb, ABŞ hərbi hava qüvvələri kürdlərlə birgə Hələb istiqamətində fəallaşıblar. Eyni vaxtda Suriyanın qonşularının öz aralarında, həm də onlarla Rusiya arasında fəal danışıqlar başlayıb. Bütün bunlar Əsəddən Moskva ilə daha əvvəl əldə edilmiş razılığı möhkəmləndirməyi və inkişaf etdirməyi tələb edir. Öz növbəsində, Rusiya da onu açıq məkana çıxarmaqda və Suriya münaqişəsinin beynəlxalq səviyyədə tənzimlənməsi prosesinin tamhüquqlu qanuni iştirakçısı etməkdə maraqlıdır.
Rusiya ilə Səudiyyə Ərəbistanı və İordaniya rəhbərləri arasında qısa müddət öncə aparılan danışıqlar aydın şəkildə göstərir ki, hərbi mövqelərə ilk raket-bomba zərbələrindən sonra ərəb monarxiyaları artıq Rusiyanın Əsəd rejimini dəstəkləməsini əvvəlki kimi ehtiyatla və birmənalı olaraq mənfi qəbul etmirlər. İsrail də Suriyadakı hərbi əməliyyatları Rusiya ilə birgə koordinasiya edəcəyini bəyan edib. Yaxın Şərqdəki vəziyyət əhəmiyyətli dərəcədə dəyişir, buna görə də Moskva və Dəməşq məsələləri müzakirə etməli və gələcək fəaliyyətləri barədə razılığa gəlməlidirlər.