ABŞ İraqa xüsusi qüvvə yerləşdirəcək

ABŞ İslam Dövləti qruplaşması yaraqlılarına təzyiq məqsədilə İraqa ixtisaslaşmış qüvvə yerləşdirəcək, Müdafiə naziri Ashton Carter bəyan edib.
Xüsusi qüvvə reydlər həyata keçirəcək, girov götürülmüş vətəndaşları azad edəcək va İD liderlərini ələ keçirəcək.
Cənab Carterin sözlərinə görə, onlar, həmçinin, Suriyada "birtərəfli əməliyyatlar" aparacaq.
İslam Dövləti qruplaşması 2014-ci ilin yayında İraq və Suriyanın böyük massivlərini ələ keçirib.
65 ölkənin daxil olduğu ABŞ-ın rəhbərlik etdiyi koalisiya hər iki ölkədə yaraqlılara qarşı kampaniya aparır.
Cənab Carter açıqlamasında, qoşunların sayı haqqında məlumat verməyib, amma bildirib ki, qüvvələr həm də İraqın sərhədlərinin qorunmasında və İraq hökumət qüvvələrinin potensialının möhkəmlənməsində fokuslanacaqlar.
Oktyabrda ABŞ elan edib ki, kürd və qiyamçı qüvvələrə hərbi müşavir kimi şimali Suriyaya 50 xüsusi təyinatlı əsgər göndərəcək.