Parisi etirazlar bürüyüb

42-ciparalel.az
Fəallar simvolik olaraq meydana 10 min cüt ayaqqabı düzüb.
Parisin müxtəlif yerlərində insanlar iqlim dəyişkənliyi ilə bağlı etiraz aksiyaları keçirib.
Etiraz aksiyası keçirən fəallar ətraf mühitin qorunması və iqlim dəyişikliyinə qarşı dünya liderlərindən konkret addımlar atmağı tələb ediblər. Fəallar Volter Bulvarında aksiyaya dinc başlasalar da, sonradanRespublika Meydanı istiqamətində yürüş edib və bu zaman təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaranıb. Etirazçılar polis üzərinə müxtəlif bərk əşyalar atıb, qarşı tərəf gözyaşardıcı qazla etirazçıları dağıtmağa çalışıb.
Paris şəhər polis idarəsi, iğtişaşlardan sonra 100-ə yaxın aksiya iştirakçısının saxlanıldığını bildirib.
İcazəsiz aksiya ilə yanaşı, minlərlə insan əl-ələ verərək, uzun zəncir yaradıb. Onlar bununla dünya liderlərinin diqqətini iqlim dəyişikliyinə çəkməyə çalışıb və onlardan səmərəli addımlar atmalarını tələb edib. Bu səssiz aksiyada, insanlar hökümətin qadağasına əməl edərək, yürüş etmədən 1 saata yaxın yerlərində dayanıb.
Aksiya iştirakçısı Alin Mulin aksiyanı həyat tərzini dəyişmə, iqlimə və planetə kömək etmək üçün icrası mümkün iş kimi qiymətləndirib və iqlimi deyil ətraf mühitlə davranış sistemini dəyişməyin vacibliyini bildirib.
Başqa ətraf mühit fəalları isə Respublika meydanında ayaqqabıların nümayişini keçirib. Etiraz aksiyalarına və yürüşlərə qadağa qoyulduğunu nəzərə alan fəallar, təxirə salınmış aksiyada iştiraklarını simvolik olaraq göstərmək üçün meydana 10 min cüt ayaqqabı düzüb.