Ərdoğanın Putinə zəng vurması təsdiqləndi

42-ciparalel.az
Bunu Kremldən Rusiya prezidentinin mətbuat katibi təsdiqləyib.
Kreml Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə zəng vurduğunu təsdiqləyib.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. Onun sözlərinə əsasən, Türkiyə lideri Rusiya başçısına zəng edib, amma bu zəng Türkiyə-Suriya sərhədində olan hadisədən 7 saat sonra olub.
"Bəli, Türkiyə prezidenti Rusiyanın "Su-24" təyyarəsinin vurulmasından 7-8 saat sonra Kremllə əlaqə saxlayıb. Amma Rəcəb Tayyib Ərdoğan bu gün France24 kanalında çıxışı zamanı deyib ki, hadisə ilə bağlı Putinə zəng vursaq da, zəngimizə cavab verən olmayıb", - deyə mətbuat katibi bildirib.

Dmitri Peskov - Rusiya prezidentinin mətbuat katibi
Eyni zamanda, üzr istəmək məsələsinə də toxunan Dmitri Peskov qeyd edib ki, üzr istəyəcək tək tərəf varsa, o da Türkiyədir: "Bizim pilotlar orada sadəcə öz işlərini yerinə yetirirdilər. Onlar günahsız şəkildə həlak olublar. Buna görə, Türkiyə höküməti cavab verməlidir".
Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan France 24 kanalına müsahibə verib. O, qeyd edib ki, Rusiyaya aid "Su-24" təyyarəsinin Türkiyənin qırıcı təyyarəsi tərəfindən vurulması məsələsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə zəng vurub, lakin, onun zənginə cavab verən olmayıb. Sonradan Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Ərdoğanın bu açıqlamasını təkzib edərək, Rusiyaya Türkiyə tərəfdən heç bir zəng olunmadığını deyib.
Ötən gün isə Putin jurnalistlərə açıqlama verib. Çıxışı zamanı ölkə lideri Türkiyədən üzrxahlıq gözlədiyini vurğulayıb. Dövlət başçısı onu da qeyd edib ki, Türkiyə höküməti Rusiya-Türkiyə münasibətlərinin qəsdən pozulmasını istəyir. "Biz buna çox üzülürük", - deyə Putin bildirib.